Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-170, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 110-190 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, dekabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 88 kubmetr təşkil etməklə ongünlük normanın 121 faizinə bərabərdir.

Dekabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 3, Şirvan və Bankədə 4, Salyanda isə 6 santimetr azalıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447, Şirvanda 339, Salyanda 304, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 152 santimetrə bərabərdir.