ABŞ Bəşər Əsədi devirmək üçün Rusiya ilə dil tapa biləcəkmi?
ABŞ Bəşər Əsədi devirmək üçün Rusiya ilə dil tapa biləcəkmi?

Suriya diktatoruna qarşı üsyanlar daha da alovlanıb, Dəməşq müxaliflərin əlinə keçə bilər

Suriyada gərginlik davam edir. Son məlumatlarda o da bildirilir ki, Suriyada davam edən döyüşlərdə üsyançılar paytaxt Dəməşqin ətraf rayonlarına soxulmağa çalışırlar. Hətta dünən bəzi internet qaynaqları hücumların bu şəkildə davam edəcəyi təqdirdə paytaxtın üsyançıların nəzarətinə keçməsinin mümkünlüyündən bəhs edirdi.

Başqa bir məlumatda isə deyilir ki, Suriya dövlət televiziyası əsgərlərin üsyançı dəstələrə qarşı mübarizəsini əks etdirən yeni videogörüntülər yayımlayıb. Döyüşlər zamanı üsyançıların bəzi strateji əhəmiyyətli bölgələrdə partlayışlar törətdiyi bildirilir.
Hökumət rəsmilərinin sözlərinə görə, üsyançılar orduya məxsus daha bir helikopteri də vurublar.
Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə isə, son iki gündə davam edən döyüşlərdə yenə də çoxsayda insan öldürülüb. Qarşıdurmaların, eyni zamanda, Həma və Homs şəhərlərində də intensiv xarakter aldığı bildirilir.
Məlumatlarda deyilir ki, Hələb şəhərində ordu qüvvələri ilə müxaliflər arasında hücumlar daha şiddətli xarakter daşıyır. Ümumilikdə Əsəd tərəfdarları tərəfindən 160 nəfər öldürülüb. Onların arasında uşaqlar da var. Təkcə xəstəxanaların birinin yaxınlığında baş vermiş partlayışda 17 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb.
Onu da qeyd edək ki, ötən həftəsonu İraq sərhədləri yaxınlığında gedən döyüşlərdə isə hökumət qüvvələri tərəfindən atılan bir neçə raket İraqın Qaim şəhərinə düşüb. Yaşayış məntəqələrindən birinə tuş gələn zərbə nəticəsində bir nəfər azyaşlı qız uşağı ölüb, 3 nəfər isə yaralanıb.
Bu arada, Avropa Birliyinin Xarici Əlaqələr üzrə sədri Ketrin Eşton srağagünki çıxışı zamanı ölkəni tərk etmək üçün sərhədə yaxınlaşan yüzlərlə suriyalıya 50 milyon avro məbləğində humanitar yardım ayrıldığını bildirib. "Daha əvvəl də qeyd etdiymiz kimi, Əsədin hakmiyyəti tərk etməsi məsələsində mövqeyimiz dəyişməz olaraq qalır. Suriyada siyasi dəyişiklik vacibdir. İordaniya, İraq, Livan və Türkiyədə siyasi köçkünlərin sayı durmadan artır. Ötən gün döyüşlərdən əziyyət çəkən və ölkənin tərk etmək üçün sərhədlərə yaxınlaşan yüzlərlə insana humantar yardım olaraq 50 milyon avronun verilməsi üçün qərar qəbul etdik", - deyə Eşton ifadə edib.
Onu da qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən davam edən döyüşlərdə 25 min nəfərdən çox insanın öldürüldüyünü bildirir.
"ABŞ-la Rusiya arasında Suriya münaqişəsi və insan haqları sahəsində hələ də fikir ayrılıqları mövcuddur". Bunu isə ABŞ Dövlət katibi Hillari Klinton Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının Vladivostokda keçirilən sammitindən sonra jurnaıistlərə açıqlamasında deyib. O bildirib ki, Vaşinqton Suriya prezidenti Bashar Assadın istefasını tələb edənləri dəstəkləməkdə davam edir və bunu ölkənin demokratikləşməsində əsas şərt sayır.
Amma dövlət katibi BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinin hazırlanmasında Moskvayla əməkdaşlığa hazır olduğunu qeyd edib. Hillari Klinton həmçinin Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıra bilən yeni qanunların qəbulundan narahat olduğunu bildirib.
Bu arada Almaniyanın xarici işlər naziri Qido Vestervelle Suriyada davam edən zorakılıqlar səbəbilə ölkəni tərk edərək İordaniyaya sığınan köçkünlərə baş çəkib. Zəttari düşərgəsində olan Vestervelle ölkəsinin köçkünlərə dəstək olacağını ifadə edib. "Almaniya dövləti İordaniyaya yerləşdirilmiş köçkünlərə yardım etməyə çalışacaq. Düşünürük ki, qarşıdan gələn soyuq günlərə ciddi hazırlaşmaq lazımdır. Düşərgədə müşahidə olunanlara əsasən, deyə bilərəm ki, burada məskunlaşan insanların əksəriyyəti gənclər və uşaqlardır. Buradakı insanların necə ağır şərtlər altında yaşadığını görmək, həqiqətən də, təsirlidir. Əsəd rejiminin bu qəddarlığı ağlasığmazdır. Rejim bütün zorakılıqlara görə məsuliyyət daşıyır",- deyə Vestervelle fikrini bildirib.
Dünən həmçinin Azad Suriya Ordusunun hərbi şurasının başçısı Mustafa Əl Şeyxin maraqlı açıqlamaları yayılıb. Əl Şeyx Suriya rejiminin süqutuna ən çoxu 4 ay vaxt qaldığını açıqlayıb.
Hərbi Şura rəhbəri üsyançıların Suriyada mövqelərini getdikcə gücləndirdiklərini və döyüşlərdə daha çox qələbələr qazandığını bildirib. Onun sözlərinə görə, artıq Bəşər Əsədə sadiq ordu quru döyüşlər aparmaqda gücsüz vəziyyətə gəldiyindən, ordu yalnız qırıcı təyyarələr və tanklardan istifadə etməyə məcbur olub.
Hərbi Şura başçısı eyni zamanda Azad Suriya Ordusunda birliyin olmaması barədə gəzən söz-söhbətləri təkzib edib.
Kənan Rzaquliyev