Media kapitanları 2013 seçkilərinə hazırdırlar
Media kapitanları 2013 seçkilərinə hazırdırlar

İlham Əliyevin namizədliyi alternativsizdir

Azərbaycan cəmiyyəti mühüm hadisələr ərəfəsindədir... Və bu ərəfə yaxınlaşdıqca ölkədə baş verən hadisələrin tempi də sürətlənməyə başlayıb. Bu ilin may ayında Bakıda uğurla keçirilən "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin ardından ölkədə qonşu dövlətin xeyrinə fəaliyyət göstərən casus şəbəkəsinin aşkarlanması və şəbəkə üzvlərinin həbsi, müsabiqənin baş tutduğu müddətdə paytaxtda terrorçuların zərərsizləşdirilməsi, Türkiyə ilə Azərbaycan arasında Avropanı mavi qazla təmin edəcək qaz kəmərinin çəkilişi barədə müqavilənin imzalanması, qonşu İranın nüvə proqramı ilə bağlı yaranmış beynəlxalq gərginliyin dahada artması, Suriyada qanlı olayların şiddətlənməsi və nəhayət Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsi...
Sadaladığımız və sadalamadığımız bütün bu hadisələr ölkəmizin yaşamaqda olduğu taledən ayrı-ayrı fraqmentlərdir. Və bu fraqmentlərin əsas müəllifi möhtərəm Prezident İlham Əliyevdir.
Hadisələrə və insanlara zaman və məkan baxımından yaxın olanda onların tam dəyərini vermək mümkün olmur. Bu mənada prezident İlham Əliyevin əsil qiymətini Zaman və Tarix verəcək. Bununla belə onun tam dəyərini və Azərbaycan üçün gərəkli olduğunu indi də anlayanlar var. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində üçüncü dəfə İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bəyan ediblər. Və bu niyyətə cəmiyyətin müxtəlif təbəqələri müsbət reaksiyalar verməyə başlayıblar.
Qəzetimizin bu sayında ölkənin aparıcı qəzetlərinin və saytlarının baş redaktorlarının münasibətlərini oxucularımıza təqdim edirik.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, "Yeni Azərbaycan Partiyasının 2013-cü ildə ölkədə keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yenidən irəli sürəcəyi barədə niyyətini açıqlaması təqdirəlayiq haldır və hesab edirəm ki, ölkənin və bölgənin indiki durumunda prezident kreslosunda məhz İlham Əliyev əyləşməlidir. Onun rəhbərliyi ilə son 9 ildə bütün ölkə üzrə görülən işlər sübut edir ki, cənab İlham Əliyev artıq yetkinləşmiş bir siyasətçi, bişkin bir prezidentdir. Regionlarda və o cümlədən paytaxtda son illər ərzində görülmüş tikinti-abadlıq işləri, ölkə iqtisadiyyatının sürətli və dinamik şəkildə inkişafı bir çox ölkələr üçün nümunə rolunu oynaya bilər. Bütün bunlara görə inanıram ki, seçicilər ona həvəslə səs verəcəklər".
Rəşad Məcidin fikrincə, "Bir Prezident kimi onun atdığı riskli və cəsarətli addımlar heyrət doğurur. Sonrakı hadisələr isə göstərir ki, onun bu riskli və cəsarətli addımları düzgün və yerində imiş. Onun jurnalistikaya, mədəniyyətə və ümumən ziyalılara göstərdiyi qayğı bir ziyalı və sənət adamı kimi məndə ciddi rəğbət doğurur".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, "Prezident İlham Əliyev 2003-cü ildən seçicilərin böyük əksəriyyətinin ona göstərdiyi böyük və səmimi etimadı sayəsində hakimiyyətdədir və bu illər ərzində Azərbaycan maraqlı bir inkişaf yolu keçib. Nailiyyətlər göz qabağındadır. İstər sənayedə, istər aqrar sahədə, istər mədəni islahatlarda, istərsə də idman sahəsində. Fikrimcə, cənab İlham Əliyev zamanın ritmini duymağı bacaran və bu ritmə uyğun olaraq çevik siyasət yürüdən siyasətçilərdəndir. Məhz onun hakimiyyəti illərində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilk dəfə olaraq dünyadakı erməni lobbisini küncə qısnamağa nail ola bildi və Azərbaycanın ətrafında süni şəkildə yaradılmış informasiya blokadasına son qoyuldu".
Baş redaktorun dediyinə görə, "Sadaladığım bütün bu uğurların davamı olaraq cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanın gələcək fundamental inkişaf konturlarını müəyyənləşdirən "Gələcəyə baxış-2020" konsepsiyası işlənib hazırlanıb və hesab edirəm ki, bu çoxplanlı və əzəmətli konsepsiyanın məhz onun başçılığı altında gerçəkləşdirilməsi ölkədə, Cənubi Qafqazda və ümumən Yaxın Şərqdə ciddi dəyişikliklərə gətirib çıxardacaq. Düşünürəm ki, zamanla, xalqı və ölkəsinin taleyi ilə həmahəng olmağı bacaran bir siyasətçi kimi prezident İlham Əliyevin daha böyük idarəçilik potensialı növbəti prezidentlik illərində də daha çevik və güclü şəkildə təzahür edəcək. Və mənim müşahidələrim göstərir ki, Azərbaycan seçiciləri ona bu etimadı göstərməyə hazırdırlar".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının dediyinə görə, "Ölkədə keçirilmiş ümumxalq referendumu nəticəsində ölkə konstitusiyasına dəyişikliklər edilib və bu dəyişikliklərə görə, istənilən Azərbaycan vətəndaşı iki dəfədən çox bu ölkənin prezidenti seçilə bilər. Məsələyə bu baxımdan yanaşanda Yeni Azərbaycan Partiyasının 2013-cü ildə cənab İlham Əliyevin prezidentliyə namizədliyini yenidən irəli sürmək niyyətini bəyan etməsi gözlənilən idi və bu addım tamamilə məntiqlidir. Ona görə məntiqlidir ki, cənab İlham Əliyev artıq səkkiz ildən çoxdur ki, Azərbaycanı müvəffəqiyyətlə idarə edə bilir. Onun hakimiyyəti dönəmində ölkədə tam siyasi sabitlik bərqərar olub və uğurlu iqtisadi göstəricilərə nail olmaq yolunda bu amil çox mühümdür. Məhz bu idarəçilik ardıcıllığının sayəsində son illərdə ölkəmiz bir sıra önəmli beynəlxalq uğurlara imza atmışdır. Təkcə "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi və iştirakçıların hamısını məmnun edəcək bir tərzdə keçirilməsi birinci növbədə cənab İlham Əliyevin xidmətidir".
Baş redaktorun fikrincə, "Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin beynəlxalq imicini daha da yüksəldib. Dağlıq Qarabağ probleminin həlli yolunda prinsipial və barışmaz mövqedən çəkilməyən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarını işğaldan mümkün formalarda azad etmək hüququnu özündə saxlayır. Təbii ki, bütün bu böyük işlərlə yanaşı ölkədə müəyyən problemlər də mövcuddur və inanıram ki, tədricən bu problemlərin həll yolları da tapılacaq".
"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, "Əgər Yeni Azərbaycan Partiyası bir daha cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmək niyyətindədirsə, deməli, bu məsələ partiyanın müvafiq qurmları səviyyəsində dərindən təhlil və müzakirə edilib. Və Prezidentin on illik fəaliyyətinin analitik təhlili nəticəsində bu qərara gəlinib ki, İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi cəmiyyətin, dövlətin və Yeni Azərbaycan Partiyasının maraqlarına uyğundur".
Aydın Quliyevin sözlərinə görə, "Əvvəlki illərdən fərqli olaraq Prezident İlham Əliyevin hakimiyyəti dönəmində tam bir siyasi stabillik müşahidə olunub. 2003-cü ildən öncə tarixi situasiya da bir qədər dramatik və gərgin epizodlarla müşayiət olunurdu və bu gərginliklər ölkədaxili motivlərdən qaynaqlanmırdı, daha çox xarici dairələrin maraqlarına uyğun şəkildə fəaliyyət göstərən qurumlar vasitəsilə cəmiyyətə transfer edilirdi. Prezident İlham Əliyev bütün bu mənbələrin fəaliyyət kanallarını zərərsizləşdirə bildi və artıq on ildir ki, ölkə stabitlik şəraitində öz problemlərini həll etməklə məşğuldur".
Baş redaktor hesab edir ki, "İlham Əliyev ölkənin əvvəlki prezidentlərindən fərqli bir idarəçilik üsulu nümayiş etdirir ki, bu da ona qarşısına qoyduğu məqsədə çatmaqda xeyli dividend gətirir. Zənnimcə, 2013-cü ildə ölkədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində İlham Əliyevə sanballı rəqabət təşkil edəcək fiqur olmayacaq. İqtidar komandasının güclü siyasi mədəniyyət nümayiş etdirib vahid lideri ətrafında sıx birləşməsi də bu məqamda mühüm rol oynayır. Seçki öncəsi situasiyaya bu prizmadan yanaşanda Azərbaycan müxalifətinin Azərbaycan iqtidarından öyrənəcəyi çox şeylər var".
"Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunis Oğuzun sözlərinə görə, "Bir prezident kimi İlham Əliyevi başqalarından fərqləndirən ən mühüm özəllik onun istənilən məsələyə yanaşmada, istənilən problemin həlli üçün qətiyyət və ardıcıllıq nümayiş etdirməsidir. Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsində və onun əfv edilməsində Prezidentin nümayiş etdirdiyi siyasi iradə bir ziyalı və vətəndaş kimi məndə böyük qürur doğurdu".
Yunis Oğuzun fikrincə, "Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrinin balanslı şəkildə inkişaf etməsinə cəhd göstərir və biz artıq bir vətəndaş kimi bunun nəticələrini görürük. Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının xilas edilməsi və qeyri-neft sektorunun özəl ayının artırılması onun əsas qayğılarından biri olub. Buna görə də Yeni Azərbaycan Partiyasının sözügedən niyyətini alqışlayıram və fikrimcə, ölkənin siyasi arenasında İlham Əliyevlə rəqabət aparacaq güclü siyasi lider hələ ki yoxdur".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, "İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin siyasi iradəsini çox yüksək səviyyədə təmsil etməyi bacaran bir prezidentdir. Hesab edirəm ki, o, Azərbaycan xalqının mənafeyinə cavab verən kifayət qədər böyük işlərin müəllifinə çevrilib. Azərbaycan cəmiyyətinin həyatında və o, cümlədən xaricin siyasət sahəsində İlham Əliyev tərəfindən qazanılmış uğurlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş böyük strategiyanın gerçək nəticələri kimi yanaşmaq lazımdır. Nəticədə ölkəmiz son on ildə daha ciddi nəticələr qazanaraq bölgənin lider dövlətinə çevrilib. İlham Əliyevin apardığı çevik neft siyasəti sayəsində Azərbaycan Avropa və dünya miqyasında sayılıb-seçilən tərəfdaş rolunda çıxış edir".
Baş redaktorun sözlərinə görə, "Möhtərəm Prezident İlham Əliyevin fəaliyyəti ölkə həyatının bütün sektorlarında dinamika və hərəkətlilik meydana gətirib. Buna görə də Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi niyyətini ürəkdən alqışlayır və bunu birmənalı şəkildə dəstəkləyirəm".
Vüqar Rəhimzadə bildirir ki, "İnanıram ki, cənab İlham Əliyev Azərbaycan dövlətinin bundan sonra daha da güclənməsi üçün gərəkli və alternativsiz addımlar atacaq və Azərbaycan daha yüksək zirvələri fəth edəcək".
"Həftəiçi" qəzetinin baş redaktoru Sevinc Seyidovanın sözlərinə görə, müstəqil mətbu orqan olsaq da, möhtərəm prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirk. Qəzetimiz üçün hazırladığımız bütün materiallarda, analitik yazılarda və informasiyalarda bu dəstək öz əksini tapır. Ona görə də prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi ideyasını müdafiə edirik. Düşünürük ki, ölkənin keçməkdə olduğu indiki mərhələdə və ölkəmizin siyasi reallıqları müqabilində ona alternativ olacaq ikinci bir siyasi fiqur yoxdur".
Sevinc xanımın sözlərinə görə, "Prezident İlham Əliyevin hakimiyyəti dönəmində ölkə iqtisadiyyatında ciddi sıçrayış xarakterli dəyişikliklər qeydə alınıb. Hazırda bütün dünyada, o cümlədən Avropada işsizlik kifayət qədər ciddi problemə çevrildiyi halda Prezident İlham Əliyevin apardığı mütənasib iqtisadi kurs sayəsində Azərbaycanda məşğulluq problemi əhəmiyyətli səviyyədə həll edilib. Həm Bakıda, həm də bölgələrdə yeni iş yerləri açılır, rayonlarda abadlıq işlərinin aparılmasına xüsusi diqqət yetirilir. Qeyri-neft sektorunun inkişafı naminə dövlət səviyyəsində proqram xarakterli addımlar atılır. Buna görə də düşünürəm ki, cənab İlham Əliyev prezidentlik kreslosunu layiqli və ağır əməyi ilə qazanıb və onu yenidən bu kresloda görmək hamımız üçün xoş olar".
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın fikrincə, "Mən uzun müddət müxalifət sıralarında fəaliyyət göstərdiyim üçün ölkənin siyasi mühitinə yaxşı bələdəm və qəti şəkildə bildirirəm ki, İlham Əliyevin yenidən prezident seçilməsi birinci növbədə Azərbaycan xalqına lazımdır. Hazırda istər iqtidarda, istərsə də müxalifətdə ona alternativ ola biləcək ikinci bir sima yoxdur. Buna görədir ki, onun üçücü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi gündəmə gəlib. Hazırda bu mövzu ən müxtəlif aspektlərdə təhlil olunur. Çünki Azərbaycanın Cənubi Qafqaz regionunda xüsusi çəkisi var. Son on ildə, yəni İlham Əliyev ölkəyə prezident seçildikdən sonra Azərbaycan bütün parametrlər üzrə yaxşı göstəricilər qazanmağa başlayıb. Ümumən ölkədə bir neçə layihə var ki, onların müəllifi məhz İlham Əliyevdir. Mən bir vətəndaş və qəzet işçisi kimi düşünürəm ki, İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi onun özündən çox Azərbaycana və Azərbaycan xalqına lazımdır. Onun prezidentliyi dönəmində çoxlu uğurlar qazanmışıq. Ölkədə baş verməkdə olan sosial inkişafı hər bir vətəndaş görür və şəxsi güzəranında hiss edir. Eyni zamanda beynəlxalq arenada Azərbaycanın çəkisi dəfələrlə artıb".
Tapdıq Abbasın fikrincə, "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əvvəllər üstünlük Ermənistana məxsus idisə, prezident İlham Əliyevin manevrləri sayəsində təşəbbüs Azərbaycan tərəfə keçib. Prezidentin fəaliyyəti sayəsində Azərbaycan sözügedən problemin həllində artıq beynəlxalq hüququ müstəvisinə keçib və üstünlük göz qabağındadır".
“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin sözlərinə görə, qarşıdan gələn 2013-cü il prezident seçkiləri hesab edirəm ki, Azərbaycanda demokratikləşmə istiqamətində növbəti bir proses olacaq və bu prosesdə prezident İlham Əliyev əvəzsiz rol oynayacaq. Çünki bu gün açıq şəkildə görünür ki, ölkədə heç bir siyasi qüvvə prezident İlham Əliyevlə mübarizə aparmaq gücündə deyil və hazırda prezident İlham Əliyevin alternativi yoxdur. Bütün bunları nəzərə alaraq, həmçinin qəzetin siyasi xəttinə uyğun olaraq,bir qəzet baş redaktoru kimi məndə cənab prezident İlham Əliyevin seçkilərdə namizədliyini dəstəkləyəcək və bir mətbu orqan olaraq lazımi informasiya dəstəyini verməyə hazır olacağıq. Biz dünəndə,bü gündə İlham Əliyevin siyasi kursunu müdafiə etmişik və sabahda bu kursa sədaqətli olacağıq. Digər tərəfdən demək istəyirəm ki, prezident İlham Əliyev fəaliyyətdə olduğu müddətdə Azərbaycanda həyata keçirtdiyi islahatlar zamanı Azərbaycan mətbuatını da unutmayıb. Hazırda jurnalistlərə pulsuz mənzil vermək üçün tikinti işləri aparılır, KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb və iqtidarlı, müxalifətli bir çox qəzetlərə ciddi maliyyə dəstəyi verilir. Hesab edirəm ki, hər bir qəzet seçkilərdə məhz İlham Əliyevin namizədliyini müdafiə edəcək. Çünki bu müdafiə həm də mətbuatın inkişafı deməkdir.Birdə ki,İlham Əliyevin prezident işlədiyi dövrə baxsaq Azərbaycan çiçəklənən bir dövlətə dönüb.Təbii ki,bunu görməmək və bu gedən inkişafı qeyd etməmək gunahdı.Sözün həqiqi mənasında bizdə bu inkişafı hər zaman informasiya daşıyıcısı olaraq qeyd etməliyik.
APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızının sözlərinə görə, "Ölkə qanunvericiliyi imkan verir ki, Yeni Azərbayan Partiyası üçüncü dəfə cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürsün və mən hakim partiyanın bu prinsipiallığını təqdir edirəm. Cənab İlham Əliyev mənim prezidentimdir. Ötən prezident seçkilərində ən səmimi ümidlərlə ona səs vemişəm və bu dəfə də səsim ona veriləcək. Cənab İlham Əliyev ziyalı, yüksək intellektə və dünyagörüşə malik bir prezidentdir. Yeri gələndə nəinki ölkədaxili problemlərin həllində, həm də beynəlxalq məsələlərdə radikal şəkildə çıxış etməyi və qətiyyətli mövqe tutmağı bacarır".
Direktor xanım bildirdi ki, "Prezident İlham Əliyevin mətbuat işçilərinə və xüsusən də incəsənət xadimlərinə göstərdiyi qayğını xüsusi qeyd etməliyəm. Onun ən üstün cəhəti bundadır ki, ölkənin dinamikasını bölgənin və dünyanın dinamikası ilə tarazlaşdırmağı bacarır. Buna görə də hesab edirəm ki, bu gün Azərbaycanın siyasi elitasında onunla tutuşdurulacaq ikinci siyasi fiqur yox dərəcəsindədir".
Fərzuq Seyidbəyli