Eldar Əzizov "reklam biznesi" qurur
Eldar Əzizov "reklam biznesi" qurur

Sumqayıtın icra başçısı sahibkarları tərlətməyin yeni yolunu tapıb

Sumqayıtda yerli icra hakimiyyəti rəhbərliyinin şəhər sahibkarlarına qarşı qanunsuz davranışları davam edir. Sumqayıtlı iş adamları icra başçısı Eldar Əzizovun onlardan müxtəlif bəhanələrlə pul toplamasından cana doysalar da, Sumqayıt şəhər rəhbərinin onlardan pul yığımı həvəsi nə azalır, nə də bunun üçün icad etdiyi yeni metodların ard-arası kəsilir.

Dünən redaksiyamıza daxil olan məlumata görə, indi də Sumqayıt şəhər İcra Hakimiyyətindən ayrı-ayrı sahibkarlıq obyektlərinə "reklam qarmağı" atılmaqdadır. Belə ki, yerli icra hakimiyyətinin Reklam və İnformasiya Departamenti tərəfindən şəhərdəki ticarət obyektlərinə aşağıdakı məzmunda bildirişlər göndərilir: "Rekonstruksiya olunmuş, fasadı yenidən qurulmuş obyekt sahiblərinin diqqətinə çatdırılır ki, obyektin ad göstəricisinin "Reklam haqqında" Qanuna müvafiq qaydada işlənmiş layihə əsasında icra olunması baxımından özbaşına reklam tərtibatına icazə verilmir və hər bir layihə Sumqayıt İcra Hakimiyyətinin İnformasiya və Reklam Departamenti tərəfindən razılaşdırılmalıdır. Əks təqdirdə reklam və memarlıq normalarına uyğun gəlməyən "reklamlar" məcburi qaydada söküləcəkdir".
Xəbərdarlığın məzmunundan aydın görünür ki, şəhər İcra Hakimiyyəti obyektlərin reklam lövhələrinin hazırlanmasını və quraşdırılmasını öz əlində cəmləşdirmək istəyir. Bunda məqsəd isə heç şübhəsiz, indi də reklam qanunvericiliyini əldə bayraq edərək, Sumqayıt sahibkarlarını "taska"ya oturtmaqdır.

Ülviyyə Qasımlı