Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səbuhi Əzimov ifadə verib.

O bildirib ki, yanğın zamanı qardaşı oğlu yanıb: "Qardaşım oğlunun mərkəzdə həkimi Azad həkim idi. Ona isə heç nə verməmişik".

Digər zərərçəkmiş Əkbər Sahibzadə dindirilən zaman söyləyib ki, yanğın baş verən mərkəzdə müalicə alıb. O, hadisə haqqında bunları danışıb: "Həmin gün yatmışdıq. Mühafizəçi Amid palataya gəlib bizi qaldırdı. Orada bizə güclü təsiredici dərmanlar vermişdilər. Digər şəxslər isə dərmanların təsirindən qalxa bilmədilər. Qalxanda hər yer tüstü idi, sürünə-sürünə çölə çıxdıq. Qapıya ən yaxın çıxış bizim palata idi. Yatanlardan çoxu qalxa bilmədi. Bizi palatadan çıxan kimi başqa korpusa apardılar, sonra təcili tibbi yardım maşını gəlib götürdü".

O, hadisə baş verən gün təqsirləndirilən M.Məmmədovu orada görmədiyini qeyd edib: "Bizi mərkəzdə gecə yatanda hər gün mühafizəçi gəlib yoxlayırdı. Özüm mərkəzə, təxminən, 3-4 gün əvvəl psixoloji vəziyyətdə gətirilmişdim".

Təqsirləndirilən M.Məmmədov ona verilən sualları cavablandırarkən qeyd edib ki, hadisədən əvvəl Afət Məmmədova mərkəzdən çıxarılması ilə bağlı heç nə demədiyini bildirib: "Yanğın baş verən zaman hasardan qaçdım".

Məhkəmənin növbəti iclası sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.