Xəbər verdiyimiz kimi, bu gündən sosial mənzillər satışa çıxarılıb. Səhər saat 11:00-dan etibarən vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin saytına daxil olaraq oradan mənzilləri seçə bilərlər.

Unikal.org-a daxil olan məlumata görə, lakin vətəndaşlar sosial şəbəkələrdə sistemdə nasazlıq yarandığını və bu səbəbdən də mənzil seçə bilmədiklərini qeyd ediblər.

Yalçın adlı istifadəçi bildirir ki, saat 11:00-dan sonra elektron kabinetimə daxil olmaq mümkün deyil. ""Error göstərir. Bəs deyirdilər bu dəfə problem olmayacaq? Amma təəssüf ki, yenidən problemlə qarşılaşdıq. Ümid edirik ki, bu dəfə də mənzillərin satışı ləğv ediləcək. Əks halda bu haqsızlıq olar. Necə edək ki, mənzilin satışında iştirak edək?"



Kənan adlı istifadəçi qeyd edir ki, mənzilin seçiminə kimi gedə bilib: "Təsdiqləyəndə "xəta baş verdi və sistemdən çıxdı, daha girə bilməyib".

Unikal.org-a daxil olan məlumata görə, satışın həyata keçirilməsi üçün "Elektron hökumət portalında (e-gov.az) yaradılmış "Güzəştli mənzil sisteminin işində problem yaranıb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Qeyd edək ki, mənzillər mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.

Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

Mənzillər İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına alındıqda 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə, güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat arasında olacaq.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə, öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək mənzilə sahib olmaq istəyən vətəndaş üçün isə ödənişlər bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır. Mənzillərin əldə edilməsi "Elektron hökumət portalında əəə.e-gov.az yaradılmış "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir. Yalnız "Güzəştli mənzil elektron sistemində kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Xatırladaq ki, bundan əvvəl cari ilin may ayının 7-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına başlanılsa da, sistemdə yaranmış problemlər ucbatından vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsipi pozulmuş və nəticələr ləğv edilmişdi.