Ermənistan nə istəyir?
Ermənistan nə istəyir?

Erməni lobbisi çıxılmaz durumdadır

Ramil Səfərovun azadlığa buraxılması Ermənistan daxili və xarici siyasətində deyəsən müəyyən dəyişikliklər yaradır. Bu dəyişikliklər nədən ibarətdir? İlk növbədə Ramil Səfərovun azadlığa çıxa bilməsi Ermənistan xarici siyasətinin tam məğlubiyyəti kimi qəbul edilir və mifləşdirilmiş erməni lobbisi alt-üst oldu.

Amma bu hələ məsələnin bir tərəfidir. Digər tərəfi isə bundan ibarətdir ki, artıq Ermənistan cəmiyyəti mövcud hakimiyyətə inanmır və çox böyük ehtimal ki, bu məsələ seçkilərdə daha açıq şəkildə görünəcək. Bunu nəzərə alan Ermənistan rəhbərliyi isə dağınıq formada da olsa addımlar atır və ən azından ictimai rəydə vəziyyəti balanslaşdırmaq isəyirlər. Buna görə də hazırda Ermənistan Milli Məclisində yaxın günlərdə fövqəladə iclasının keçirilməsi tələbi ilə imza toplusu həyata keçirilir.Fövqəladə toplantıda Macarıstan hökuməti tərəfindən azadlıqdan məhrum edilən Ramil Səfərovun ekstradisiyası ilə bağlı bəyanatın qəbul ediləcəyi planlaşdırılır.
Qeyd edək ki, avqustun 31-də Ermənistan prezidenti Serj Sarkisyan da Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirmişdi. Daha sonra diplomatik nümayəndələrin rəhbərləri ilə təşkil olunmuş görüşdə Macarıstanla diplomatik əlaqələrinin dayandırlması ilə bağlı qərarını açıqlamışdı. Amma bu addımların hansısa effekt verməsi o qədər də inandırıcı görünmür. İlk növbədə ona görə ki, atılan bütün addımlar görüntü xarakteri daşıyır və əslində məqsəd müvəqqəti olaraq yaradılan ajiotajı aradan qaldırmaqla bağlıdır. Elə MDB ölkələrinin daxili işlər nazirlərinin sentyabrın 6-da Bakıda keçiriləcək növbəti toplantısı ilə bağlı olaraq Ermənistan polisi toplantı iştirakçılarına etiraz məktubları yollamalarıda bunun tərkib hissəsidir. Etiraz məktubu Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə əlaqədardır.
Məktubda o da qeyd olunur ki, mövcud vəziyyətlə bağlı olaraq erməni nümayəndələri Bakıda keçiriləcək toplantıya qatılmayacaq. Ermənistannın Polis rəisi isə MDB ölkələrinin daxili işlər nazirlərinin şurasında öz səlahiyyətlərini Rusiyaya verdiyini bəyan edib. Bununla yanaşı
İrəvan polisi ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə Budapeştdə Beynəlxalq Mühafizə Orqanları Akademiyasında təkmilləşmə kursu keçən 10 zabiti geri çağırır.
Ermənistan Polisinin rəisi Vladimir Qasparyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffernə məktub göndərib. O, məktubda Heffernə təkmilləşmə kurslarının təşkilində səylərinə görə təşəkkür edib və qeyd edib ki, erməni zabitlər Budapeştdə qala bilməzlər.
Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə Macarıstanla diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin dayandırıldığını bəyan etmişdi.Ekspertlər hesab edir ki, bundan sonra Ermənistan və erməni lobbisi ən azından psixoloji qələbəni təmin etmək üçün bir sıra addımlar ata bilər. Bu addımların sırasında isə daha çox gözləniləni ermənilərin yenidən terror yoluna əl atmaları və cəbhə bölgəsində atəşkəsi pozmaları ola bilər. Xatırladaq ki, son yüz illik fəaliyyəti dövründə erməni lobbisi türklərə və türk diplomatlarına qarşı dəfələrlə terror aktları həyata keçirtmiş və bununla az qala bu toplumu qorxu altında saxlamağa çalışıblar. Amma son 20 il ərzində erməni lobbisi daxilində yaranan problemlər səbəbindən fəaliyyətləri o qədərdə diqqət mərkəzində olmadı və demək olar ki, qondarma erməni "soyqırım"ı məsələsi qarşısına Azərbaycan Xocalı soyqırımını çıxartmaqla tərki-silah durumuna saldı. Qısa zazman ərzində bir sıra dövlətlər Xocalı soyqırımını tanıdılar və hesab etmək olar ki, qarşıdakı illərdə bu proses daha da aktivləşəcək. Erməni lobbisi isə bu diplomatiyanın qarşısında durmağın mümkünsüzlüyünü dərk edərək yenidən silaha əl ata bilər. Xatırladaq ki, iki il öncə Fransada bir qrup erməni "Erməni döyüşçüləri" birliyini təsis etdilər və onların əsas məqsədi erməni "haqlarını" silah yolu ilə həll etmək oldu. Düzdür hazırkı dünyada bu yol uğurlu sayılmır. Amma istənilən halda Azərbaycan buna hazır olmalı və daha çevik fəaliyyət forması seçməlidir.
Qeyd edək ki, artıq Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib.
Qondarma "soyqırımı"nı xatırladan A.Geqamyan bildirib ki, erməni xalqının milli-azadlıq mübarizəsi, o cümlədən "Nemesis" əməliyyatının parlaq qəhrəmanlıq nümunələri var.
"Bu, erməni soyqırımının əsas günahkarlarının aradan qaldırılması üçün bir əməliyyat idi. 40-dan çox cinayətkar, təşkilatçı və soyqırımı törədənlərin xalqın mühakiməsinə verilməsi qərara alınıb. Erməni soyqırımını təşkil edən başçıların heç birinə qaçmaq nəsib olmadı. Camal Əzmi və Bahəddin Şakir Berlində öldürüldü. Səad Hamil Romada, Behbud xan Cavanşir Konstantinopolda (İstanbul - red.) cəzalandırıldı. Ənvər paşa Orta Asiyada, Fətəli xan Xoyski və Camal Paşa Tiflisdə öldürüldü. Bunlar formasına görə terror aktı, məzmununa görə isə erməni xalqının intiqamı idi. Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır", - deyə erməni deputat hədə vurğulayıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur.
"Eyni zamanda təhlükəsizlik baxımından Ramil Səfərovun qorunmasının hərtərəfli təmin olunması məsələsi daim aktualdır, bu, dinamik şəkildə, bir an belə dayanmadan həyata keçirilir. Yəni hər hansı bir səbəbdən asılı olmayaraq, onsuz da milli təhlükəsizliyin təmin olunması üçün ölkənin müvafiq strukturları, orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi bütün zəruri qabaqlayıcı tədbirləri görür", - deyə A. Babayev qeyd edib.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev açıqlamasında bildirib ki, erməni deputatın çıxışı sübut edir ki, Ermənistanın həqiqətən də terror təşkilatları var. R.Rzayevin sözlərinə görə, bunu rəsmi şəxslərin deməsi onu göstərir ki, Ermənistanda terroru dövlət səviyyəsində dəstəkləyirlər.
"Bu onların siyasətidir. Burada qeyri-adi bir hal yoxdur. Tarixən bu belə olub, indi də ola bilər. Bu gün Ramil Səfərovun Azərbaycana çox uğurlu qayıdışı hörmətli cənab prezidentin səyləri nəticəsində, ekstradisiya haqqında qanuna görə, tam qanuni şəkildə həyata keçirilib. Penitensiar sistem onu qəbul edib və Azərbaycanın Konstitusiyasının əsaslarına görə, ölkə prezidenti müstəsna imkanlara malik olduğu üçün, öz qanuni çərçivəsində əfv sərəncamı verib. Qeyri-qanuni, beynəlxalq hüquqdan kənar, ekstradisiya qanununa düzgün olmayan heç bir amil burada yoxdur. Qanuna müvafiq olaraq, Azərbaycan hərəkət edib və təbii ki, bu, Ermənistanda narazılığa səbəb olub. Terror siyasətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan özünü dünyada ifşa etməyə bir daha başlayıb. Bu sözləri deyirlərsə, yəqin ki, bunun arxasında nə isə var".
O, ki qaldı atəşkəsin pozulmasına , ekspertlər bildirir ki, Ermənistan çalışacaq ki, qarşıdakı ən azı iki ay ərzində atəşkəsi sistemli şəkildə pozsunlar. Amma bunun müharibəyə çevrilməsi faktiki mümkünsüzdür. Çünki regionda İran problemi var və sabah bu problem daha çox qabararsa Ermənistan çıxılmaz duruma düşər. Amma ekspertlər hesab edir ki, bu məsələdə Rusiyanın imkanlarından istifadə edə bilər. Rusiya isə uzun susqunluqdan sonra axır ki, öz rəyini bildirdi
Rusiya Xarici İşlər Nazirliyi Ramil Səfərovun ekstradisiya ilə bağlı rəsmi bəyanat verib. Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Macarıstanda ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərovun əfvini dərin narahatlıq hissi ilə qəbul edir: "Azərbaycan və Macarıstan hökumətlərinin bu davranışı beynəlxalq səviyyədə, ilk növbədə isə ATƏT-in Minsk qrupunun regionda gərginliyi azaltmaq istiqamətindəki səylərinə ziddir. Həmçinin gözləyirik ki, ATƏT Minsk qrupu mövcud situasiyaya müvafiq qiyməti verəcək".
Fuad Əliyev