Bir neçə gün əvvəl Azərbaycana məxsus təyyarə Əfqanıstanda qəzaya uğrayıb və nəticədə 7 ekipaj üzvü dünyası dəyişib.  
Unikal.org-un apardığı araşdırmaya görə, Azərbaycanının müstəqillik tarixində insan ölümü ilə nəticələnən 5 təyyarə qəzası baş verib və nəticədə 97 nəfər həlak olub. 

1995-ci il, 5 dekabr

Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. 
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
 
1997-ci il, 15 may  
 
"AZAL"a məxsus "Yak 40" təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub. Sonradan araşdırma zamanı təyyarənin oksigen balonunda güllə izi aşkar edilib. Məlum olub ki, kimsə alçaqdan uçan təyyarəyə atəş açıb. Həmin gün aeroport yaxınlığındakı poliqonda Azərbaycan ordusu təlim keçirdi. 

2005-ci il, 23 dekabr

23 dekabr 2005. Bakı-Aktau reysi ilə uçan "AN 140" markalı təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra pilot nasazlıq barədə aeroporta məlumat verib və radardan itib. Təyyarə ştopor edərək 2100 metr hündürlükdən dənizə düşüb. Hava gəmisinin qalıqları Nardaran qəsəbəsi yaxınlığında sahildə aşkar edilib. Qəzada 5-i uçuş heyəti olmaqla, 23 nəfər həlak olub. Həlak olanlar arasında Azərbaycan, Qazaxıstan, Avstriya və İngiltərə vətəndaşları olub.

2011-ci il, 5 iyul

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan "Taliban" qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.
 
2016-ci il, 18 may
 
Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası mayın 18-də Əfqanıstanın Dvayer hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb. Administrasiyadan daxil olan məlumatda bildirilir ki, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb. "Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb". Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Onlardan 7 nəfəri həlak olub. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb.
 
 

Qeyd edək ki, müstəqilliyimiz zamanı  helikopter qəzası baş verib və 81 nəfər həlak olub. 
 
20 noyabr 1991. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən "Mİ-8" vertolyotu vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olub. Həlak olanlar arasındakı yüksək vəzifəli şəxslər də olub.

28 yanvar 1992. Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.

12 oktyabr 2007. "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub. 

29 yanvar 2008. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. 

12 iyul 2009. "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub. Maşının qalıqları 90 metr dərinlikdə aşkar edilib. 

2 aprel 2016. Düşməndən Lələ təpə işğaldan azad olunan zaman aprelin 2-də Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub. Helikopterin polotları mayor Vəlizadə Urfan və mayor Mustafazadə Təbriz şəhid olublar. 
Allah rəhmət eləsin!  

Qeyd edək ki, məqalə hazırlanarkən unikal.org modern.az və lent.az saytının materiallarından da istifadə edib.