BMT-də Azərbaycan mövqeyi
BMT-də Azərbaycan mövqeyi

Bu mövqe həm də Türkiyəyə dəstək sayıla bilinər

Suriya məsələsi artıq ciddi problemə çevrilməkdədir. Artıq əksər dövlətlər bu fikirdədir ki, Suriyada hakimiyyət dəyişikliklərinə gedilməli və Bəşir Əsəd hakimiyyətdən alımalıdır.Artıq məsələ BMT-in Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb və bu dəfə ABŞ çalışacaq ki, Suriyaya hərbi müdaxilə olsun və bunun üçün BMT TŞ-in üzvləri və qeyri-daimi üzvlərinin səsi vacib olacaq.

Bu baxımdan Azərbaycanında mövqeyi kifayət qədər maraqlı olacaq. Bunu da qeyd edək ki, Suriyanın Xarici İşlər Naziri Azərbaycandakı həmkarı Elmar Məmmədyarovla görüşərək məsələni müzakirə etmişdi. Azərbaycan isə öz rəsmi mövqeyini BMT-in toplantısında bəyan etdi. "Azərbaycan Suriyada zorakılığın artması, iqtisadi və humanitar vəziyyətin pisləşməsindən ciddi narahatdır". Bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Təhlükəsizlik Şurasının Suriyaya həsr olunmuş iclasında çıxışında deyib.
Ölkədə böhranın yarandığı gündən ara-sıra baş verən insidentlərin amansız toqquşmalara çevrildiyini, nəticədə minlərlə mülki vətəndaşın öldüyünü xatırladan diplomat bəyan edib ki, bütün insan haqları pozuntuları ciddi araşdırılmalı və günahkarlar öz cinayətlərinə görə cəzalandırılmalıdır.
T. Musayev bildirib ki, Suriyadakı böhran nəticəsində qonşu ölkələrə sığınan qaçqınların say artır, təhlükəsizlik və humanitar situasiya sürətlə pisləşir: "Qonşu ölkələrin böhranın təsirinin artması barədə narahatlığı ciddi qarşılanmalı və bu ölkələrə müvafiq kömək və dəstək verilməlidir. Bu kontekstdə Suriyadakı böhrandan digər ölkələr, xüsusən qonşu dövlətlər əleyhinə terrorçu və separatçı fəaliyyətin təşkili üçün zəmin kimi istifadə olunmaması üçün bütün praktik tədbirlər görülməlidir".
T. Musayev qeyd edib ki, Suriyadakı böhran ölkənin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət əsasında həll olunmalıdır.Əslində Azərbaycanın bu mövqeyi Türkiyənin mövqeyinə daha yaxındır. Bildiyiniz kimi Suriyada rejimin dəyişməsindən sonra bu ölkənin bir neçə yerə parçalanması gündəmə gəlib və hesab edilir ki, Türkiyə ilə sərhəd bölgəsində kürd dövlətinin yaradılması məqsədəuyğundur. Bu isə Türkiyə üçün ağır zərbədir və bunun qarşısını almaq üçün Türkiyə tamam fərqli mövqe sərgiləyir və hazırda hərbi müxalifətə əsas dəstək verən ölkəyə çevrilib. Azərbaycanın BMT Təhklükəsizlik Şurasında səsləndirdiyi bəyanatda əslində Türkiyənin maraqlarına cavab verir və hiss olunur ki, öncədən planlaşdırılan addımdır. Bundan başqa Azərbaycanın bu mövqeyi ABŞ və Avropanıda kifayət qədər qane edir. Amma Azərbaycanın bu mövqeyi isə ilk növbədə İran və Rusiyanı qane etmədi. Müşahidəçilər bildirir ki, iki gün öncə İranda olan Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla keçirilən bütün görüşlərdə Azərbaycan tərəfindən BMT-də onlara uyğun mövqe göstərmək istənilmişdi. Amma Azərbaycan məsələdə öz mövqeyini ortaya qoydu və bu mövqe Avropaya dayaq mövqeyi oldu. Maraqlıdır, bəs Azərbaycan belə mövqe tutmaqda nə qədər haqlıdır? Ekspertlər hesab edir ki, Azərbaycanın belə mövqe tutması ilk növbədə hakimiyyətin beynəlxalq aləmdə reytinqinə ciddi təsir göstərdi. Bundan başqa sirr deyil ki, Suriyada rejimin dəyişməsi həm də İranın gələcəkdə demokratikləşməsinə və rejimin dəyişməsinə təsir edəcək. Azərbaycan bu gün belə mövqe tutmaqla həm də regiondakı gücünü nümayiş etdirmiş oldu. Bunu da qeyd edək ki, Azərbaycanın bu mövqeyi həm də İrana xəbərdarlıq kimi qəbul edilməlidir. Çünki İrana qarşı da BMT sanksiyalar tətbiq olunub və bildirilir ki, yaxın vaxtlarda sanksiyaların sərtləşdirilməsi, hətta hərbi müdaxilə ilə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısı olacaq. Və həmin ərəfədə də Azərbaycanın səsi,tutacağı mövqe həlledici olacaq. Bunu da xatırladaq ki, hazırda İranla Azərbaycan münasibətləri kifayət qədər gərgindir və gərginlik deyəsən uzun müddətdə davam edəcək. Sonda bunu da nəzərinizə çatdıraq ki, BMT-də hələ ki, İrana açıq şəkildə dəstək verən yalnız Rusiya ilə Çindir.
Mehdi Əli