Rusiya hərb dili ilə danışır
Rusiya hərb dili ilə danışır

Regionda hərbi balans pozulur

Rusiya regionda nüfuzunu qorumaq və təsir imkanlarını artırmaq üçün deyəsən hərbi imkanlarından yararlanmaq niyyətindədir. Bir müddət öncə Azərbaycanla Rusiya arasında Qəbələ RLS-nə görə yaranan problemdən sonra Rusiya hərb dilində danışmağa daha çox üstünlük verdi. İlk növbədə bəyan etdi ki, Ermənistandakı bazasını iki dəfə böyüdəcək.

Bundan sonra isə Gürcüstan və Azərbaycanla sərhədlərində ordunun gücləndiriləcəyi bildirildi. Hazırda isə deyilənlər təsdiqini tapmaqdadır. Belə ki, Dağıstanın bir sıra İnternet-resursları son vaxtlar rus qoşunlarının ölkənin Gürcüstan və Azərbaycanla həmsərhəd dağ rayonlarında cəmləşdiyini bildirir. Əsasən Botlix rayonundakı yerli mənbələr rayonda canlı qüvvənin və texnikanın toplandığını bildirir. Mənbənin məlumatına görə, Saqada kəndi yaxınlığında zirehli dəstənin hərəkəti zamanı zirehli avtomobil dərəyə düşərək partlayıb.
Yerli sakinlər bildirirlər ki, hərbçilər meşə massivlərini blokadaya almaq, ora havadan zərbə endirmək niyyətindədir. Bəzi məlumatlara görə, bu hazırlıqda məqsəd qışadək Dağıstandakı mücahidlərin dağ bazalarını məhv etməkdir. Digər məlumatlara görə, Gürcüstana qarşı hərbi əməliyyata hazırlıq gedir.
Xatırladaq ki, hələ bir neçə ay əvvəl tanınmış hərbi ekspert Pavel Felgenhauer bildirmişdi ki, Amerika İrana qarşı əməliyyata başladığı halda, Rusiya Gürcüstana qoşun yeritməyə hazırlaşacaq. Moskva Ermənistandakı hərbi bazasını blokadadan çıxarmaq üçün bu addımı atacaq. Çünki baza blokadaya alına bilər, belə ki, hazırda onun təchizatı İrandan keçir
Zaqafqaziyada Rusiya qoşunlarının keçmiş komandanı Yuri Netkaçevin sözlərinə görə, “ola bilsin ki, Gürcüstan nəqliyyat blokadasının pozulması və Ermənistana aparan nəqliyyat dəhlizlərinin yaradılması üçün hərbi vasitədən istifadə lazım gələcək” (Nezavisimaya qazeta, 15 dekabr).
Gürcüstanla sərhədin yaxınlığında qoşunların cəmləşməsi sentyabra planlaşdırılan “Qafqaz-2012” strateji hərbi təlimlər bəhanəsi ilə həyata keçirilir.
Xatırladaq ki, 2008-ci ildə “Qafqaz-2008” təlimləri Moskvanın gizli şəkildə qüvvələr yerləşdirməsinə şərait yaratmışdı və avqustda bu qüvvələr Gürcüstana daxil olmuşdu. Son aylar işğalda olan Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunları yeni silahlarla və desant bölmələri ilə gücləndirilib.
Ekspertlər oktyabrda keçiriləcək parlament seçkiləri dövründə Moskvanın Tbilisiyə təzyiq göstərmək cəhdini də istisna etmirlər. Məqsəd Gürcüstanda Mixail Saakaşvili hökumətinin istefasına nail olmaq istəyən qüvvələrin dəstəklənməsidir.Maraqlıdır, bəs qoşunların sərhəd bölgəsində yerləşdirilməsi Azərbaycan üçün hansı problemləri yarada bilər? Ekspertlər bildirir ki, Rusiyanın hazırda tutduğu mövqe təsdiqləyir ki, İrana hərbi müdaxilə olan an Rusiya faktiki olaraq Gürcüstanı və Azərbaycanı işğal edəcək və bunu Rusiyanın təhlükəsizliyi ilə əlaqələndirəcək. Amma belə olan halda Gürcüstanın durumu daha acınacaqlı olacaq. Ekspertlər bunu da bildirir ki, Azərbaycanın isə əsas problemi tək Rusiya olmayacaq. Həmçinin İranında həmin an Azərbaycanın strateji nöqtələrinə zərbə endirəcəyi gözlənilir. Bundan başqa Rusiyanın sərhəd bölgəsinə ordu yerləşdirməsi həm də regionda hərbi balansın pozulması deməkdir. Belə ki, son zamanlar Dağlıq Qarabağla bağlı aparılan danışıqlar tam iflas olmaqdadır. Belə olan halda isə Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün hərbi yoldan yararlanmağa məcbur qalacaq. Bu gün Azərbaycanın hərbi gücü isə o həddədir ki, Ermənistanı asanlıqla öz ərazilərindən çıxara bilər. Amma Rusiya görünür bu reallığı hiss edərək bölgədə hərbi imkanlarını artırmaqla açıq şəkildə Ermənistana dəstəyini göstərir. Belə olan halda isə Azərbaycanın yeganə çıxış yolu Türkiyə ilə hərbi müttəfiqliyi daha da gücləndirmək olacaq. Ən azından Türkiyəni posesə cəlb etməklə NATO-un dəstəyini qazanmaq mümkün olacaq. Gürcüstana gəldikdə isə orda vəziyyət daha ağırdır və istənilən an bu ölkədə süni şəkildə Abxaziya problemi yenidən qabarıla bilinər və bununla da Gürcüstan faktiki olaraq Rusiya tərtəfindən iki yerə bölünər. Həm də unutmayaq ki, Gürcüstanda Saakaşvilinin prezidentlik müddəti başa çatmaq üzrədir və Rusiya bundan maksimum dərəcədə bəhrələnəcək.
Mehdi Əli