İsmət Abbasova "un tələsi"
İsmət Abbasova "un tələsi"

Şahin Mustafayevin nazirliyinin gözlənilməz təsdiqi kənd təsərrüfatı "şef"inə nə vəd edir?

Bir neçə gündür ki, paytaxt bazarlarında unun qiyməti bahalaşıb. Belə ki, ötən ay unun bir kiloqramı 37 qəpik idisə, indi 41 qəpik olub. 50 kiloqramlıq çəkidə isə unun qiyməti 50 qəpik bahalaşıb. Ötən aylarda 20 manat 50 qəpiyə satılan bir kisə un indi 21 manata satılır.

Bahalaşmaya səbəb kimi satıcılar topdansatış qiymətlərinin artmasını göstərirlər. Topdansatış obyektlərində unun qiyməti bahalaşdığından pərakəndə satışda da qiymətin artmasına səbəb olub.
Unun bahalaşması diqqətləri kənd təsərrüfatı naziri İsmət Abbasovun üzərinə yönəldib. Hətta bir çoxları bu bahalaşmanı Abbasovu ictimai qınaq və tənqid hədəfinə çevirmək üçün düşünülmüş süni qiymət artımı hesab edir və deyirlər ki, bunun üzərindən kənd təsərrüfatı nazirinə qarşı ciddi təzyiqlərin başladılması ehtimalı yüksəkdir.
Əslində belə düşüncələrə İsmət Abbasovun özünün açıqlamaları da kifayət qədər rəvac verib. Belə ki, nazir son 6 ayda ölkədə taxıl istehsalı ilə bağlı olduqca ziddiyyətli açıqlamalarla çıxış edib.
Nazirin yazın əvvəllərində bu il taxıl məhsulunun bol olacağını, hətta Azərbaycanın yerli tələbatını ödəyəcək qədər məhsul istehsal ediləcəyini bildirmişdi. Onun bu sözləri həmin vaxt populizm kimi qəbul edilmişdi; "Unikal" olaraq, biz də kənd təsərrüfatı nazirinin reallıqdan uzaq danışdığını və bununla hansısa xallar toplamaq istədiyini vurğulamışdıq.
Çox keçmədən isə "səhv"ini başa düşən və məlum açıqlamasının altından çıxmasının mümkün olmayacağını anlayan kənd təsərrüfatı naziri tamam fərqli açıqlama verdi. Belə ki, iyunun əvvəllərində kənd təsərrüfatı naziri İsmət Abbasov çıxışında bildirmişdi ki, hava şəraiti pis olmasaydı, taxıl istehsalı proqnozları üstələyəcəkdi. Nazirin sözlərinə görə, bu il 3,5 mln. ton taxıl əldə edə bilərdik, məhsul yığımı vaxtı, xüsusilə də iyun ayında hava şəraitinin qeyri-sabit keçməsi, güclü yağışların yağması biçin prosesinə mənfi təsir göstərib. Bunu da biz cənab Abbasovun özünəbəraəti, mümkün taxıl qıtlığı və un və un məhsullarının gözlənilən bahalaşmasına bəri başdan hansısa əsaslar qazandırmaq cəhdi adlandırmışdıq.
Bütün bunların fonunda indi unun bahalaşmasının reallaşması və yaşananlardan yana diqqətlərin İsmət Abbasovun üzərinə fokuslanması təbiidir. Kənd təsərrüfatı nazirinə qarşı irəliləyən zamanlarda yeni tənqid dalğasının başlaması heç kimi təəccübləndirməyəcək.
"Unikal"ın araşdırmaları göstərib ki, 2012-ci ildə buğda istehsalı üçün biçiləcək sahə 687.982 ha təşkil edib ki, ondan 682.629 ha artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 5,2%, artıq biçilmiş sahə isə 2,6% artıb. Biçilmiş sahədən 1.835.037 ton buğda istehsal olunub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur. Ekspertlərin düşüncəsinə görə, artım faizi dövlətin aqrar sektora yatırımlarının artdığı və fermerlərə subsidiyaların, güzəştli kreditlərin intensivləşdiyi bir vaxtda xeyli cüzidir. Bu da kənd təsərrüfatına ayrılan vəsaitlərin şəffaf xərclənmədiyi və korrupsiyanın "yem"inə çevrildiyi barədə iddialara inanmağı qaçılmaz edir. Çünki yalnız qeyri-şəffaflıq və korrupsiya aqrar sahəyə ayrılan pulların effekt verməsini önləmək gücündədir. Bu istiqamətdə də tezliklə yüksək səsli tənqidlərin gələcəyi və həmin tənqidlərin də hədəfinin məhz İsmət Abbasov olacağı dartışmasızdır.
Onu da deyək ki, əvvəlki vaxtlardan fərqli olaraq bu dəfə unun bahalaşmasının dərhal rəsmi şəkildə təsdiqlənməsi diqqət çəkir. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev unun qiymətində bahalaşma olduğunu təsdiqləyib. O, bildirib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları üzrə Dövlət Xidməti bazarda malların və xidmətlərin keyfiyyətinə nəzarət edərək süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Amma son zamanlar aparılan monitorinqlər zamanı unun topdansatış və pərakəndə satış obyektlərində qiymət artımı müşahidə olunub: "Bununla belə aparılan monitorinqlər zamanı çörəyin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Qiymət artımının səbəbləri araşdırılıb. Dünyada ərzaq buğdasının qiymətində artım olduğuna görə unun qiymətində də bahalaşma baş verib".
Belə bir erkən təsdiqləmə Şahin Mustafayevin nazirliyinin İsmət Abbasovu çətin durumda qoymasıdır. Yəni bundan sonra müzakirələr o istiqamətdə getməyəcək ki, un bahalaşıb, ya yox? Bu rəsmən təsdiqləndiyi üçün müzakirələrin istiqaməti belə olacaq: bahalaşmada Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyəti nə qədərdir?
Sualın belə qoyuluşu isə istər istəməz İsmət Abbasovu qınaq obyektinə çevirəcək.
Azər Aslan