Müxalifətin birliyi alınmadı
Müxalifətin birliyi alınmadı

Gənclər isə yeni birlik yaradır

Qarşıdan prezident seçkiləri gəlir və bu səbəbdən müxalifət yeni birlik formatları haqqında düşünməyə başlayıb. Qarşıda duran əsas iki məsələdir. Birincisi prezident seçkilərində müxalifət vahid namizədlə iştirak etsinmi? İkinci məsələ isə müxalifətin daha geniş formatda əməkdaşlığını təmin etmək. Birinci məsələ, vahid namizəd məsələsi hələ ki, özünü doğrultmadığından müzakirəsi dayandırılıb və hazırda daha çox əməkdaşlıqla bağlı yeni birliyin yaradılması məsələsi gündəmdədir.

Bu məsələdə də deyəsən müxalifət ortaq məxrəcə gələ bilmir. Belə ki, Müsavat və AXCP hesab edir ki, hazırda ortada İctimai Palata kimi bir qrum var və müxalifət bu birlik daxilində fəaliyyət göstərməlidir. Buna görə də yeni birliklərin yaranmasında maraqlı görünmürlər. Amma avqustun 24-də müxalif partiyalar Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılmasına qərar verib. AMİP, AXCP, ALP, Aydınlar Partiyası, ADP, ACP, Azadlıq Partiyası, KXCP, VHP, Ümid və başqa bir neçə qurumun təmsilçilərinin qatıldığı görüşdə demokratik seçki mühitinin formalaşdırılması, müxalifətin inteqrasiya perspektivləri müzakirə olunub.
AXCP nümayəndəsi, Ali Məclisin sədri Həsən Kərimov Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılmasına dair səsvermədə iştirak etməyib. O, partiyanın müvafiq qurumlarında müzakirədən sonra mövqe bildirəcəklərini deyib.Və sonda aydın olub ki, istər AXCP,istərsədə Müsavat yeni birlikdə təmsil olunmaqdan imtina ediblər. Beləliklə yenə də birlik sona qədər baş tutmayıb. Amma ortaya başqa bir situasiya çıxır. Bu nədən ibarətdir? Qarşıdan prezident seçkiləri gəlir və namizədliyini verəcək AXCP sədri Əli Kərimliyə və Müsavat başqanı İsa Qəmbərə sözsüz ki, digər partiyalarında dəstəyi lazım olacaq. Amma bu gün hər iki partiyanın yeni birlikdən imtina etmələri əslində özünütəcrid siyasətini xatırladır. Və belə bir fikirdə artıq səslənir ki, yeni birlik seçkilərdə öz namizədi ilə çıxış edəcək. Bu namizəd kim ola bilər? Ekspertlər hesab edir ki, qarşıdan gələn seçkilərdə AMİP lideri Etibar Məmmədovda prosesə qatılacaq. Belə olan halda yeni birlik məhz Etibar Məmmədovun dəstəklənməsinə razılıq verə bilərlər. Bu isə faktiki olaraq Etibar Məmmədovun üstünlüyü olacaq. Çünki AXCP öz namizədini, Müsavat isə öz namizədini müdafiə edəcəyindən müttəfiqlikləri dondurulacaq. Amma Etibar Məmmədov bu birliklə həm ənənəvi bazaya sahiblənəcək, həm də yeni sosial bazanın əldə olunmasına çalışacaq. Buda bildirilir ki, Etibar Məmmədov namizədliyini irəli sürməzsə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu birliyin prezidentliyə namizədi olacaq. Bu arada maraqlı başqa proseslərdə görünməyə başlayıb. Belə ki, əsasən xaricdə təhsil alan gənclərin hakimiyyətdən və ənənəvi müxalifətdən imtina etməsidir. Bu istiqmətdə ilk addım isə keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev tərəfindən atılıb. O, bildirib ki,
həbsdən çıxandan sonra müstəqil beyin mərkəzinin yaradılması layihəsi üzərində işləyir. Bu layihənin reallaşması həddindən artıq çox maliyyə və insan resursu tələb edir. Həmin resursları tapmaq isə vaxt aparır:-“ Mən maliyyə resurslarının tapılması üçün xarici donorlarla danışıqlarla yanaşı, layihənin mərkəzində olacaq, xaricdə təhsil almış tələbələrlə görüşləri də davam etdirirəm. Bu görüşlər istər təkbətək, istər kiçik, istərsə də geniş qruplarla olur. Bəzən hazırda xaricdə təhsil alan və yaşayan gənclərimizlə günlərlə yazışır, onların layihədə iştirakı barədə danışırıq. Çox güman ki, gözə dəyməməyimin əsas səbəbi vaxtımın böyük bir hissəsinin buna sərf olunmasıdır. Əminəm ki, layihənin icrasına başladıqdan sonra fəaliyyətim tez-tez gözə dəyəcək”.
Müşahidəçilər bildirir ki, bu proses həm də ona görə maraqlıdır ki, hazırda siyasətdə nəsl dəyişkənliyi prosesi başlayır və bu baxımdan Bəxtiyar Hacıyevin başladığı kompaniya çox ciddi nəticələr verə bilər. Hətta yaxın bir neçə il ərzində bu mərkəzin siyasi partiyaya çevrilməsi də reallıq ola bilər. Bundan başqa son zamanlar gənclərin müxalifətə marağı artmışdısa,bu cür mərkəzin yaradılması ilə gənclərin müxalifətə axını durdurulacaq. Bəs yeni mərkəz necə, uğur qazana bilərmi? Ekspertlər bildirir ki, bu gün Azərbaycan cəmiyyəti yeniliyə hamilədir və sistemli fəaliyyət olarsa uğur qazanmaq çətin olmayacaq. Digər tərəfdən isə unutmayaq ki, xaricdə təhsil alan tələbələrə qərb və ABŞ dövlətinin xüsusi simpatiyası olur və bu simpatiya gələcəkdə dəstəklədə əvəzlənə bilər. Unutmayaq ki, ABŞ Dövlət Katibi Azərbaycana gələndə məhz gənclərlə görüşməyə razılıq verdi, nəinki ənənəvi müxalifətlə.

Toğrul Əliyev