Yay turizm mövsümünün başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə dünyaca məşhur "Formula-1" yarışların keçiriləcəyini, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsini və dünyanın əksər ölkələrində baş verən terror aktlarını nəzərə alsaq, bu il ölkəmizə gələcək turistlərin sayında ciddi artım olacağını söyləyə bilərik. Ölkəmizin turizm imkanları bəllidir. Amma göstərilən xidmətin müqabilində qiymətlərin fantastik məbləği əcnəbi turistləri qaçaq salıb. Yüksək xidmət göstərən, lüks otellər ancaq "ağ adamların" istirahətinə hesablanıb. 2-3 ulduzlu otellərin yoxluğu səbəbindən yerli turistlər belə daxili turizmdən vaz keçərək, Gürcüstanda istirahət etməyi üstün tuturlar.
Bunu da yada salaq ki, Nazirlər Kabinetinin ilin yekununa dair iclasında prezident İlham Əliyev qiymətlərin yüksək olmasından danışmış, 2-3 ulduzlu otellərin tikilməsini tövsiyə etmişdi.
Bəs belə otellərin tikintisinə başlanılıbmı? Builki mövsümdə qiymətlər necədir? Ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etdiyi bir vaxtda turist cəlb etmək üçün hansı tədbirlər görülüb?
Unikal.org xəbər verir ki, virtualaz.org saytı bu və digər suallara cavab axtarıb.

Naftalanda 600, Nabranda 700, Qəbələdə 800 manatdan başlayan qiymətlər…

Əvvəlcə turizm şirkətlərinin təklif etdiyi qiymətlərə nəzər salaq:

Azərbaycanın bahalı otellərində, məsələn, "Quba Rixos"da iyun ayında bir həftəlik istirahət 1 nəfər üçün yalnız səhər yeməyi daxil 973 manatdır. "Qalaaltı" otelində bu rəqəm 609, "River İnn Nabran" otelində 623, "Qafqaz Tufandağ" otelində 970, "Qafqaz Riverside" otelində 680 manatdır. Naftalanda yerləşən otellərdə bir gecəlik 80-90 manata qalmaq olar. Müalicə və gündə 3 dəfə yemək əlavə edilərsə, 1 həftəlik istirahət 600 manata başa gəlir.
Bunu Avropa ölkələri ilə müqayisə edək. Məsələn, Budapest şəhərinə cəmi 295 avroya səfər etmək mümkündür. Bura 6 gecə 7 günlük istirahət, aviabilet (gediş-dönüş), oteldə gecələmə, sığorta, səhər yeməyi, kiçik əl baqajı (10 kq) daxildir. Yalnız viza rüsumu (1 nəfər üçün 35 avro), hava limanı – otel – hava limanı transfer əlavə ödənilir. Barselona şəhərinə 7 gecə 8 günlük turun qiyməti 750 dollardan başlayır. Qiymətə aviabilet (təyyarə bileti birbaşa AZAL / 6-cı günlər) - Otel (7 gecə / 8 gün) - Qidalanma (Səhər yeməyi) - Transfer - Səyahət sığortası daxildir.
Sosial şəbəkələrdə təklif edilən qiymətlərə nəzər salsaq, Şəki, Qax, Qəbələ, İsmayıllı, Oğuzdakı ailəvi istirahət mərkəzində 1 gecəlik otağın qiyməti 50-125 manat arasında dəyişir. Gündə 3 dəfə qidalanmağı, hövuz, əyləncəli şouları da əlavə etsək, 3 günlük istirahət 300-700 manata başa gəlir.

Xaricilər turoperatorlara niyə müraciət etmirlər?

Əcnəbi turistlər ölkəmizdəki turizm agentliklərinin təklif etdikləri turlardan istifadə edirlərmi? Bu sualla müraciət etdiyimiz şirkətlərdən "yox" cavabı aldıq.
Turizm şirkətinin əməkdaşı Fidan Məmmədovanın sözlərinə görə, əcnəbi turistlər tərəfindən edilən müraciətlərin sayı azdır. "Xarici turistlər, o cümlədən, ruslar turoperatorlar vasitəsilə deyil, daha çox özləri gəlməyə üstünlük verirlər. Bizə ay ərzində cəmi 1-2 nəfər rusiyalı turist müraciət edir. Amma son bir neçə ay ərzində rusiyalı və iranlı turistlərin sayında xeyli artım olub. Novruz bayramında iranlıların sayı çox olub", - deyə şirkət əməkdaşı izah edib.
Turizm agentliklərinin təklif etdikləri endirimli paketlər yalnız rayon turlarına aiddir. Bunlar da həftədə bir dəfə olur və ekskursiya xarakteri daşıyır.
"VİP travel" şirkətinə Azərbaycana səfər etmək istəyən turistlər müraciət etmir. Şirkətdən virtualaz.org-a bildiriblər ki, yalnız ölkədən gedən turistlərin sifarişlərini yerinə yetirirlər. "Ölkəyə xüsusi axının olması üçün nəsə endirim paketləri, təkliflər olmalıdır. Demək olar ki, gələnlər əvvəlki kimidir, xüsusi axın yoxdur. Daxili turizm zəif olduğundan endirimli paketlər də təklif etmək mümkün deyil", - turizm agentliyindən belə deyirlər.
"Qlobus travel" şirkətindən bu il hələlik əcnəbi turistlər tərəfindən sifariş qəbul edilmədiyini bildiriblər. "Yəqin ki, turistlərin gəlməməsinə devalvasiya da təsir edir. Son bir-iki ay ərzində agentliyə təxminən 35-40 turist müraciət edib. Bunlar Rusiya, İran, Norveç və digər ölkələrin vətəndaşlarıdır. Endirimli paketlər olur və bu adətən, otellərdə yerlərin boş olması ilə bağlıdır. Əgər yer boş olursa, otellər kampaniya keçirirlər. Ötən illə müqayisədə bu il Azərbaycana gələnlərin sayında 2 dəfəyə qədər azalma var".

Qiymət baha, bəs xidmətin səviyyəsi?..

"Qubanın tanınmış 5 ulduzlu otelində istirahət edirdik. Səhər otelin restoranındakı boş masada əyləşdik. Masanın üstündə tüklər vardı. Digər müştəri saçlarını darayıb, tükü masanın üstündə qoyub getmişdi. Ofisiant süfrənin təmizlənmədiyini etiraf etdi. Bir gecəsinə 90 manat ödədiyimiz oteldə təmizlik ürəkaçan deyildi".

Bunu Bakı sakini Əntiqə Səfərova deyir. Onun sözlərinə görə, hələ bu ən keyfiyyətli oteldir, ulduzu aşağı olan otellərdə isə ümumiyyətlə, heç bir keyfiyyət və xidmətdən danışmaq mümkün deyil. "İl ərzində 10-a yaxın ölkəyə səfər edirəm. Belə hadisə ilə 2-3 ulduzlu oteldə və ya mehmanxanalarda qarşılaşmaq olar. Amma 5 ulduzlu oteldə bu mənzərəni görmək təəccüblüdür".

Nabranda yerləşən 3 ulduzlu otellərdə qırıq əl-üzyuyandan tutmuş, içərisi torlu, qurdlu şkafa, kanalizasiya sistemi işləməyən vanna otağına, ilbizli tualetə qədər hər cür mənzərə ilə rastlaşa bilərsən. Hətta soyuq olsa və əlavə bir adyal istəsən, əmin ola bilərsən ki, o gecə soyuqdan donacaqsan. Yəqin Gürcüstana səfər edənlər bilirlər, oradakı ucuz otellərdə belə bu cür mənzərə ilə qarşılaşmaq mümkün deyil. Elə ailəvi istirahət mərkəzlərində də vəziyyət fərqli deyil. Yataqlar təmizlənmədən yeni gələn müştəriyə təqdim edilir. Masanın üstünə düzülən qab-qacaq çatlamış vəziyyətdə olur. Əlbəttə, bu məsələnin görünən tərəfdir. Amma razılaşaq ki, problemi həll etmək üçün ilk növbədə açıq yaraları müalicə etmək gərəkdir.

Əcnəbi turistləri cəlb etmək üçün

Orta hesabla, hər il Rusiyadan Türkiyəyə 4 milyondan çox turist gəlir. Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsindən sonra Türkiyə rus turistlərini itirdi. Bütün dünyada bahalı turistlər siyahısına daxil olan rus turistlərini cəlb etmək üçün bir neçə ölkə kampaniyalara başladı. Azərbaycan isə yenə də passivlik nümayiş etdirdi. Halbuki hadisədən yararlanmaq, rus turistlərini cəlb etmək üçün iqtisadi potensial vardı. Qiymət və keyfiyyət bir yana, ölkənin tanıtımı üçün əsaslı iş aparıldığının şahidi olmadıq. Rusiyada fəaliyyət göstərən bir neçə turizm agentlikləri ilə danışıqlar aparılsa da, qarşılıqlı əməkdaşlığa dair ciddi addımlar atılmadı. Beləliklə də, bu il ölkəyə öz istəyi ilə gələn rus turistlərinin sayı az olacaq.

"Ötən illərlə müqayisədə vəziyyət dəyişməyib"

Bunu turizm üzrə ekspert Çingiz İsmayılov deyir. Onun sözlərinə görə, bu il turist axınında fərqli vəziyyətin olacağı gözlənilmir: "Xidmət və qiymətin tərs mütənasib olduğu otellərimizdə bir günlük gecələmək istənilən tanınmış Avropa ölkəsindəkindən daha bahadır. Bu yaxınlarda "booking"də dünyanın müxtəlif ölkələrində otel təklifləri ilə bağlı məlumat yaydı. Məsələn, yazılır ki, London 55, Dubay 35, Milan 36, Tbilisi 11, Vyana 69, Moskva 60, Paris 50 manata xidmət təklif edir. Novxanı 80 manatdır. Gördüyünüz kimi, Bakıda qiymət London, Dubay, Moskva, Parisdən daha yüksəkdir, demək olar ki, iki dəfə artıqdır. Biz bu qiymətlərlə hansı turisti cəlb edə bilərik? Yəni problem çox dərindir. İnanmiram ki, bizə bu halda turist axını olsun. Amma turist axını bizə deyil, Gürcüstana olacaq. Nəinki Rusiyadan, elə Azərbaycandan da ora gedəcəklər. Hələ ki, bizdə qiymətlər rəqabətə davamlı deyil, xidmət lazımi səviyyədə aparılmır, baxmayaraq ki, burada turizmə dövlət tərəfindən böyük sərmayələr qoyulub".

Ekspertin sözlərinə görə, hər bir biznes sahəsini, o cümlədən turizmi inkişaf etdirəndə mütləq rəqabətə davamlılıq baxımından qonşu ölkələrdə qiymətlərin, xidmətlərin müqayisəli təhlilini aparmaq lazımdır. Azərbaycanda bu sahədə müqayisəli təhlillər aparılmadığından gözlənilən gəlirlər əldə olunmur, yay vaxtında bir çox turizm mərkəzlərində, həm Bakı, həm də bölgələrdə otellər boş qalır. Çünki qiymətlər çox yüksəkdir və rəqabətə davamlı deyil. "Gürcüstanda bir gecəlik oteldə qalmaq, yemək daxil orta qiymətlə götürsək, 30-50 manat ətrafındadırsa, bizdə bu 100 manat civarınndadır. Bu potensial olaraq əlverişli deyil və turist də ölkədə qalmır, çıxıb Gürcüstana gedir. Heç Gürcüstandan bura gələn turistlər görmüsünüz? Yəqin ki yox. Amma Gürcüstanda nə qədər istəsən Azərbaycandan gələn turist var. Çünki biz rəqabətə davamlı deyilik və bunu biznes strukturları anlamırlar. Buna bir çox amillər, o cümlədən işin düzgün təşkil olunmaması təsir edir. Mən builki mövsümlə bağlı optimist fikir söyləyə bilmirəm. Ötən ildən fərqli irəliləyiş olmayacaq. Hansısa dəyişiklik üçün zəmin olmalıdır. İqtisadi böhran şəraitində onsuz da insanların gəlir imkanları azalıb. Amma bununla belə, hələ ki nə qiymətlər aşağı düşüb, nə də xidmət yüksəlib", - Ç.İsmayılov belə deyir.

Mədəniyyət və Turizm Nazirliyi isə bu məsələdə həmişəki kimi nikbindir. Nazirlikdən saytın sualına cavab olaraq bildiriblər ki, bu il turistlərin ötən ilə nisbətən çox gələcəyi güman edilir. "Azərbaycana turistlərin cəlb olunması baxımından prioritet ölkələr müəyyən olunub. Dövlət tərəfindən ölkəmizə gələn turistləri daha rahat, daha sadə viza əldə etmək üçün hava limanında vizaların verilməsi prosesinə start verilib", - nazirliyin açıqlamasında belə deyilir.

Gözləyək. Uzağı 1-2 aydan sonra hər şeyi öz gözlərimizlə görəcəyik.