Azərbaycanın maşın bazarının yeni pərdəavrxası
Azərbaycanın maşın bazarının yeni pərdəavrxası

İl ərzində maşın alqı-satqısının 70 faizini kredit təşkil edir

Avtomobillər bu gün həyatımızı rahat yaşamaq üçün demək olar ki, önəmli bir vasitəyə çevrilib. Keyfiyyət, rahatlıq və dizayn baxımından müxtəlif qiymətlərə satılan bu avtomobilləri, təəssüf ki, hər kəs ala bilmir. Təcili avtomobil lazım olduqda isə "Rent a car"ların (avtomobil kirayəsi) canı sağ olsun.
İş yoldaşım onun üçün bir günlük icarəyə maşın tapmağımı xahiş etdi. İnternetdən bir neçə icarəyə maşın verən şirkət tapdım. Həmin yerlərlə əlaqə saxlayanda məlum oldu ki, o an üçün heç bir yerdə boş maşın yoxdur. Tək-tək haradasa maşın vardısa, onu ya 1 günlük vermirdilər, ya da satış qiyməti 10 000 - 15 000 AZN olan maşınlardı ki, iş yoldaşım da qiyməti ən azı 50 000 AZN olan bir maşın icarəyə götürmək istəyirdi.
Əldə etdiyim informasiyanı ona təqdim edəndə əsəbləşdi. Səbəbini soruşanda isə: “Bu gün köhnə dostlarla görüşürük. Hamı maşınla gələcək. Mən də maşınla getmək istəyirəm. Mən mütləq maşınla getməliyəm. Sonra deyəcəklər ki, Rəşad "BMW X6"sını satıb, avtobuslarda gəzir. Nə olursa olsun, mən oraya maşınla getməliyəm. Bəlkə sonra qızlardan hansınısa evə aparmaq lazım oldu. Taksi ilə aparan deyiləm ki”, - dedi.
Nə baş verdiyini anlamağa çalışdım. Deməli, gününə 300 AZN verib icarəyə götürəcəyi maşın sadəcə 5-6 saatlıq özünü kiməsə göstərmək üçün lazımdır. Əla. Möhtəşəm. (Qeyd: Həmin gəncin 27 yaşı var).
Vəziyyəti düzəltmək üçün Azərbaycanda fəaliyyət göstərən icarəyə maşın verən bir neçə şirkətə müraciət etdik. O vaxt məlum oldu ki, həmin yerdə hal-hazırda icarəyə maşın yoxdur, hamısı istifadəyə götürülüb. Çoxları da uzun müddətlikdir (3-6 ay). Maşınlar isə yaşı 18, sürücülük vəsiqəsi olan və 2 illik sürücülük təcrübəsi olan kəslərə verilir. Maşın götürənlərin təxminən 40%-ni 21-35 yaş arası gənclər təşkil edir. Qiyməti isə modelindən asılı olaraq gününə 60-300 AZN arası dəyişir. Sözsüz ki, icarəyə maşın götürənlərin 50%-ni şirkətlər təşkil edir. Şəhərə gələn qonaqların rahat gəzməsi, hər hansı tədbirlər zamanı, dövlət səviyyəsində qonaqlıqların təşkili üçün icarəyə götürülür. Uzun müddətlik maşın götürənlər isə (məsələn 6 ay) 22-23 yaşında gənclərdir. İcarəyə maşın verən şirkətlər onu da bildirdilər ki, mövsümdən asılı olaraq, tələb çox vaxt təklifi üstələyir.
Əgər bu gün şəhərə xarici ölkədən hər hansı qonaq gəlibsə, onu qarşılamaq və rahatlığı üçün icarəyə bir maşın götürmək istədikdə çətin tapasan. Heç olmasa, 10 gün qabaqcadan axtarmağa başlamaq lazımdır. Çünki icarədəki bahalı maşınların əksəriyyəti şəhərdə qızla görüşmək, köhnə dost-tanış yanında özündən razı formada maşından düşmək üçün lazımdır. Deməli, səhərdən axşama kimi yollarda avtoşluq edən və heç yerdə işləmədən bahalı maşınlar sürən gənclərin əksəriyyətinin öyünərək “maşınım, maşınım” dedikləri maşınlar icarə yerlərinə məxsusdur.
Əmlak bazarında vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Əmlak Bazarı İştirakçıları ictimai birliyinin icraçı direktoru Ramil Osmanova müraciət etdik. O bizə bu bazarın elə də inkişaf etmədiyini söylədi. İcarəyə maşın bazarında olan tələbin elə də az olmadığını nəzərə alaraq, zəif inkişafın reklamların, təbliğatın az və ya düzgün olmamasından qaynaqlandığını bildirdi. Ramil Osmanovun sözlərinə görə, icarəyə maşın verən şirkətlərin zəif inkişaf səbəblərindən biri də orta statistik azərbaycanlı üçün qiymət istisna olmaqla, qarşıya qoyulan digər şərtlərin çox ağır olmasıdır. Yalnız toy və şənliklər zamanı bu şirkətlər arasında rəqabət güclənir ki, bunun da nəticəsində qiymət artır. Belə vəziyyətdə də əziyyət çəkən istehlakçı olur.
İl ərzində maşın alqı-satqısının 70%-ni kredit təşkil edir. Kredit alanların əksəriyyəti isə yenə gənclərdir. Maşın kreditə götürülür, daha sonra kredit ödənilə bilmir. Və adam maşını satmağa çalışır ki, alan şəxs krediti ödəsin. Yaxud da maşını dəyər-dəyməzə satır ki, heç olmasa, kredit ödənsin və s. Bu kimi halların tez-tez təkrarlandığını da Əmlak Bazarı İştirakçıları ictimai birliyinin icraçı direktoru nəzərimizə çatdırdı.
Ramil Osmanov 6-7 ay bundan əvvəl Bakıda baş verən bir qəzada icarəyə maşın verən şirkətə məxsus olan avtomobilin yararsız hala düşdüyünü söylədi. Araşdırmalar nəticəsində məlum oldu ki, sükan arxasında əyləşən gənc, sadəcə olaraq, dəyişik bir marka sürmək istəyib, dəyərini ödəyərək maşını icarəyə götürüb və təəssüflər olsun ki, qəza törədib.
Nigar Səlimova