“Gündəlik fəaliyyətimdə əsas senzor şairdir”
“Gündəlik fəaliyyətimdə əsas senzor şairdir”

Şöhrət Qaraoğlu: “Azərbaycan ədəbiyyatının qayım-qədim yoluna nəzər salanda yaşından, ədəbi-estetik mənsubluğundan asılı olmayaraq bütün ədəbi çabaların son nəticədə ədəbiyyatımızın yüksəlməsinə və inkişafına xidmət etdiyi qənaətindəyəm”

Şöhrət Qaraoğlu bir neçə şer kitabının müəllifi, filologiya elmləri üzrə fəlsəfə doktoru, həm də Saatlı rayon Təhsil Şöbəsi müdirinin müavinidir. Onunla bu günki söhbətimiz çağdaş Azərbaycan ədəbiyyatının aktual problemləri barədə olacaq...

-Şair, alim və məmur – bu üç obrazın ağırlığına tab gətirmək olurmu?
-Çox çətin olur. Həm də həddindən artıq problemli olur. Hələ məmurluğu bir kənara qoyuram, yeri gələndə şairlik alimliyə, alimlik də şairliyə xeyli dərəcədə mane olur. Amma hər halda onlardan necə bəhrələnmək və onlarla necə davranmaq dalanına dirənəndə çıxış yolu tapmaq mümkündür.
-Bəs bu üç obrazı uzlaşdıran nələrdir?
-Bunları uzlaşdıran birinci növbədə odur ki, mənəvi axtarış prosesinin poeziya damarını tutub gedəndə istər-istəməz bu yola elmdən nəsə bir işıq düşür və elmdən ora nəsə gətirmək mümkün olur. Amma şerdən elmə nəsə gətirmək çətin məsələdir, çünki poeziyanın özünün yazılmamış qanunları var. Hazırkı ədəbi prosesdə sadaladığım bu məsələlər çox geridə qalmışlığın bir özəlliyi kimi yaddan çıxardılıb. Ümumiyyətlə, Azərbaycan gerçəkliyində özünün dəsti-xətti ilə, yenilikçi əhvali-ruhiyyəsi ilə əsərlər yarada bilən yazıçılar var, amma onlar Avropa ənənələri ilə Şərqiliyin məğzini anlaya bilmədiklərinə görə lazım olmayan nəticələrə gəlib çıxırlar.
-Bu günki Azərbaycan məmurlarının istisnasız olaraq hamısının hansı üsluba və prinsiplərə yiyələndiyni, hansı əqidə ilə fəaliyyət göstərdiyini hamımız çox yaxşı bilirik. Bax, sən, Şöhrət Qaraoğlu bir məmur kmi hansısa nahaq bir adımı atanda içindəki şair dillənə bilirmi? Ya qulluq vaxtı onu konservasiya edə bilirsən ki, sənə mane olmasın?
-Şübhəsiz ki, gündəlik fəaliyyətimdə əsas senzor şair olur. Və biz o senzorla birtəhər dil tapıb çalışırıq ki, məmur kimi işimizdə qəlbimizi incidən addımlar atmayaq. Həmin daş-qalağa məruz qalmayaq. Amma deməliyəm ki, indi deyəcəklərim gerçək bir reallıqdır və bunu bizim rayonda yaxşı bilirlər: mənim tərəfimdən bu, həmişə gözləinlir.
-Sən Azərbaycan poeziyasında “səksənincilər”i təmsil edirsən. Artıq bu gün “iyirmi birincilər” meydandadır – yeni iddialarla, yeni mövzularla və fərqli estetik prinsiplərlə. Bax, bu “iyirmibirincilər”də “səksənincilər”ə doğma olan nələrdir, yad olan nələrdir?
-Bunu qeydsiz-şərtsiz qeyd etməliyəm ki, “iyirmibirincilər” dedikləriniz Azərbaycan dilinin imkanlarından yararlanmaq baxımından xeyli müsbət nəticələr əldə edə biliblər. Onların ifadə tərzləri daha üstündür və dilin ən müxtəlif çalarlarına vara bilirlər. Amma onlar bütövlükdə Aərbaycan milli ədəbiyyatının ümumi ənənələrini gözləmirlər və bu da, təbii ki, normal hal hesab edilmir.
-Sən kimin tərəfindəsən, “atalar”ın, yoxsa “oğullar”ın?
-Yox, mən Azərbaycan ədəbiyyatında olub bitən inqilabi təbəddülatın tərəfdaşı olaraq hər iki nəslin yaradıcılıq baxımından müsbət nəticələrini dəstəkləyən bir yazıçıyam. Və həmişə bunun tərəfdarı olmuşam ki, daim yenilik axtarışında olmaqla bərabər həm də milli-estetik ənənələrin qorunub saxlanması ədəbiyyat adamının bir nömrəli borcudur. Əlavə olaraq onu da deyim ki, bu gün elə şerlər yazmaq olar ki, yapon poezsiyasının, yaxud çağdaş Avropa şerinin əks-sədasını Azərbaycan şerində əks etdirmək olar. Amma bu, Azərbaycan ədəbiyyataının keçdiyi ənənəvi yolda gerçəklik qazana biləcək və effekt yarada biləcək hadisə deyil.
-Necə bilirsən, çağdaş incəsənətimiz XX əsrin əvvəlində müşahidə edilmiş nəhəng intibah dalğasını bir daha təkrar edə biləcəkmi?
-Fərdi yaradıcılıq səviyyəsində mümkün ola bilər. Amma ümumi mədəni-ictimai prosesin gedişatını diqqətlə izləyəndə sualınıza müsbət cavab vermək zor görünür. Çünki yada saldığınız həmin tarixi dövrdə ədiblər, şairlər və dramaturqlar əvvəlcədən nəyi hansı şəkildə gerçəkləşdirəcəklərini kompleks şəkildə proqramlaşdırmışdılar. Hazırda isə Azərbaycan ədəbiyyatında güclü axtarışlar mərhələsi müşahidə edilir və proqramsızlıq, fərdi fədakarlıqlar gəözə dəyir. Ona görə də həmin nəticənin indiki zamanda təkrar olunacağına ümid bəsləmək tamamailə hədər gözləntidir.
-Bu günki Azərbaycan ədəbiyyatında “atalar və oğullar” qarşıdurması xeyli qabarıb və ən əndazəsiz formalarda təzahür edir, bir çox məqamlarda isə ədəbi-əxlaqi çərçivələrdən kənara çıxır. Kənar müşahidəçi kimi bu qarşıdurmanın pozitiv və neqativ tərəflərini necə görürsünüz?
-Ötən əsrin səksəninci illərində ədəbiyyata gələndə bu halları bu və ya digər formada biz də yaşamalı olduq. Buna görə də indiki ədəbi prosesdə baş verən dartışmalar mənə xeyli tanışdır. Tərzinə və ruhuna görə. Bununla belə, Azərbaycan ədəbiyyatının qayım-qədim yoluna nəzər salanda yaşından, ədəbi-estetik mənsubluğundan asılı olmayaraq bütün ədəbi çabaların son nəticədə ədəbiyyatımızın yüksəlməsinə və inkişafına xidmət etdiyi qənaətindəyəm. Elementar bir həiqqəti də unutmayaq: inkişaf ziddiyyətin hesabına baş tutur. Şəxsən mən əvvəllər hansı ampluada çıxış edirdimsə, indi də eləcə qalmışam və qeyd etdiyniz qarşıdurma cəbhəsində hansı qütbdə təmsil olunmaq niyyətim olmayıb.
-Çağdaş poeziyamız və ya nəsrimiz MDB məkanında və ya Avropa miqyasında gözə dəyə bilirmi? Boylar içində boyu görünürmü?
-O baxır tərcümənin intensivliyinə...
-Mən tərcüməni deyil, ümumi səviyyəni nəzərdə tuturam...
-Mənim özümün şəxsi rəyim ondan ibarətdir ki, həm ənənəçilərin, həm də özünü posrmodernist adlandıranların kifayət qədər güclü nəticələri var. Yəni həm “atalar”ın, həm də “oğullar”ın ortalıqda araşdırılmalı və dəyərləndirilməli əsərləri var. Belə deyək də, poetik faktlar da var, nəsr faktları da. Bununla belə hələlik dramaturgiyamız barədə heç nə deyə bilmərəm. Amma poeziyamızla nəsrimizdə kifayət qədər orijinal imzalara rast gəlmək mümkündür. Yəni demək istəyirəm ki, Zərdüşt, yaxud da ki Qismət yeni ədəbiyyatın nümayəndələri olaraq, həm də çox gənc olduqlarına görə onların yaradıcılıqları ilə tanış olandan sonra gördüm ki, bu qəbildən olan imzaların sahibləri ədəbiyyatın harmonik inkişafını təmin edə biləcək fiqurlardır. Buna görə də müasir Azərbaycan poeziyası barədə ancaq nikbinliklə danışmaq olar. Bu müəlliflərin əsərləri, belə deyək də, bütün Avropa, həm də Rusiya ədəbi məkanında özünü təsdiqləyə biləcək ədəbi nümunələrdir. Yəni indiki gənclərimizdən bədgüman olmağına dəyməz. Mənim qənaətim belədir.
-Günün ədəbiyyatı, incəsənəti və xüsusən də televiziyası təmsil etdiyi toplumun 40-50 il sonrakı taleyini müəyyən edir. Yaranışın qanunu və mexanizmi belədir. Yəni bu gün hasil edilən psixi-intellektual enerji xalqın gələcəyini müəyyən edir. Səncə, bu günki ədəbiyyatımızın Azərbaycan cəmiyyəti üçün yaratdığı enerji 50 ildən sonra bu xalqa hansı taleyi vəd edir?
-Qoyduğun sual əhəmiyyətli dərəcədə ciddi və geniş şəkildə öyrənilmiş bir yanaşma tələb edir. Həmin gələcəyin bu başdan əsas cizgilərini işarələmək bir qədər çətindir. Amma əsas məsələ bundan ibarətdir ki, bu günki Azərbaycan nəsrinin və poeziyasının tutduğu xətt hər bir halda nikbin qənaətlərə gəlməyə şans verir. Çünki burada axtarışlar da çoxdur, ədəbi-estetik istiqamətlər də. Həm də nəzərə alın ki, məsələn, Sabir Əhmədovun dövründə nəsrə qarşı irəli sürülən tələblər daha yoxdur.
-Yəni sualımın canı odur ki, otuz-əlli ildən sonra mıəzardan baş qaldırıb bu xalqın taleyinə baxanda sənin yaşıdların və sənin nəslin vicdan əzabı çəkməyəcək ki?
-Hər halda çağdaş Azərbaycan poeziyasındakı imkanlar göstərəcək ki, bu müəlliflər həqiqətən də Azərbaycan yazıçısı olaraq sırf inqilabi olmasa da, inqilabi səviyyədə görünə bilən, seçilə bilən bir ədəbi-bədii üslub ortalığa qoymaq istəyir. Və buna müvəffəq olarlarsa, bu xalqın gələcəyinə də nikbin yanaşmaq olar.
-Tənqidçilərədn biri sənin şerlərini “Muğan çöllərinin poeziyası” kimi dəyərləndirib. Eşitdiyimə görə, Bakıdakı dostların hərdən sənə “çöllər oğlu” deyə müraciət edirlər. Muğan çölləri sənə nə verib?
-Çox çətin sual verdiniz. Muğan çöllərində bitən yovşana bu sualı ünvanlasanız, yeri varmı? Bu mənada “çətin sual” deyirəm. Muğan çöllərində səyriyən kəkliyə bu sualı verməyin nə mənası? Onlar deyəcəklər ki, bu çöllərdən doğulduq, bu çöllərdə doğulduq və elə bu çöllərin özüyük. O çöllərin soyuğu, o çöllərin sonsuzluğu və o çöllərin dərin kədərinə naxışlanmışam, ona hörülmüşəm, o çöllər də məndən başlanır. Və mən elə o çöllərdə bitirəm. Mən çöllərdə ilğma dönüb həqiqətimə varıram, çöllər isə məndə göyərib həqiqətimiz və taleyimizə, bərəkətimizə dönür. Vallah, səmimi sözümdür, bizi ayırmaq çox çətindir. Van Qoqun “Əkinçi” əsərini xatırlayın. Bilinmir ki, əkinçi harda qurtarır, torpaq haradan başlanır. Bu çöllərlə mən də beləcə iç-içəyəm. Davam-davamayıq.
Söhbətləşdi: Savalan