Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar bülletenlər məntəqə seçki komissiyalarına paylanılıb.

Unikal.org Sechki-2018.az saytına istinadən xəbər verir ki, prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək, yəni aprelin 8-dək məntəqə seçki komissiyalarına paylanılmalı idi.

Artıq bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına göndərilib.

Xatırladaq ki, seçki bülletenləri dairə seçki komissiyalarına aprelin 2-də verilmişdi.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin Prezidentliyə namizədliyini qeydə alıb. Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).