Çağdaş Azərbaycan elmi: potensialı və perspektivi
Niyazi Mehdi: "Çağdaş Azərbaycanda Batıya baxanda düşüncə azadlığı zəif olsa da İrana, Özbəkistana baxanda xeyli yüksəkdir"

Azadlıq düşüncədən başlanır. İnsanın həyat, cəmiyyət, təbiət barədə düşüncələrində fərdi orijinallıq, yaşamında fərdi kəşflər yoxdursa, qarşımızdakı kölədir. Xalqlar da belədir. Xalq özünün sosial həyatını və dövlətçilik ənənələrini özünəməxsus şəkildə, öz içindən gələn tapıntılarla inkişaf etdirmirsə, qarşımızdakı kölə bir xalqdır və onu xarici amillərlə idarə etmək, istənilən hədəfə yönəltmək çox asandır.
İdarə edilmədən danışmışkən qeyd edək ki, bunun iki forması var: birbaşa, yəni kəmiyyətcə idarəetmə (göstəriş və onun dəqiq icrası) və dolayısı ilə, yəni keyfiyyətcə idarəetmə (situasiyanı elə qurursan ki, subyekt buna uyğun hərəkət etməyə məcbur olur). Hazırda dünya dövlətlərinin qarşılıqlı münasibətlərində idarəertmənin ikinci forması üstünlük təşkil etməyə başlayıb. Məsələn, bir neçə il əvvəl avronun dolları üstələdiyini və eyni zamanda Rusiyanın neftdən küllmi miqdarda gəlir götürüb dünyaya dirsək göstərdiyini görən Birləşmiş Ştatlar planetdə süni şəkildə iqtisadi böhran yaratdı və nəticədə qavro sürətlə inflyasiyaya uğramağa başladı, Rusiya isə Amerikanın ərəb məkanında çıxartdığı oyunlara mane ola bilmədi.
Qeyd etdiyimiz kontekstdə milli elmi potensialın inkişafı xüsusi önəm kəsb edir. Sözümüzün məğzi budur ki, milli elmi potensialın və milli kadrların yoxdursa, asılılığın ən pis formasına düçar olacaqsan və gözünü əcnəbi alimlərin ağzına dikəcəksən.
Bu mənada bu sayımızdan başlayaraq respublikanın tanınmış alimlərinin milli elmi potensialımız barədə düşüncə və qənaətlərini oxucularımıza çatdıracağıq.
"Müasir Azərbaycan elminin hazırkı aşağı səviyyəsi nə ilə izah olunur?" sualımızı dəyərləndirən fəlsəfə elmləri doktoru Niyazi Mehdinin sözlərinə görə, "Mən bütün Azərbaycan elmi haqqında yox, humanitar elmlərin bəziləri haqqında bilgili olduğum üçün danışa bilərəm. "Çağdaş elmin aşağı səviyyəsi" haqqında sual düz qoyulmayıb. Bu sualdan belə çıxır ki, qabaqlar - yəni Sovet dönəmində Azərbaycan humanitar elmləri yüksək səviyyədə olublar. Halbuki o çağlar hərdən mətbuata və dərgilərə elmin durumu ilə bağlı tənqidi yazılar çıxsa da, alimlərin "öz aralarında" olan söhbətlərdə elmlə bağlı narazılıq daha kəskin idi və bu zaman Batı elmi örnək kimi ortada fırlanırdı. Ən çoxu da ona görə ki, oradakı düşüncə özgürlüyü bu elmə çox münbit şərait vermişdi.
Həmin özgürlüyün fikir üçün nə olmasını indi hətta biz də dadırıq. Ona görə "hətta" dedim ki, çağdaş Azərbaycanda Batıya baxanda düşüncə azadlığı zəif olsa da İrana, Özbəkistana baxanda xeyli yüksəkdir. Həmişə söylədiyim nəsnəni yenə söyləyim: bizdə siyasi özgürlük aşağı olsa da kulturoloji özgürlük xeyli yuxarıdır. Bu gün hətta froydist, dinçi dissertasiya da yazıb müdafiə etmək olar. Hərçənd bu azadlıqdan istifadə edənlər, deyəsən, yoxdur.
Azadlıq varsa, düşüncə qəlibimiz belədir ki, buna görə kiməsə minnətdar olmalıyıq. Kimsə, buna görə hətta hakimiyyətə də "sağ olsunlar" deyə bilər. Ancaq, məncə, bu azadlığa görə, mətbuata, tutulub-buraxılmış, öldürülmüş jurnalistlərə, Zeynal Məmmədli, Qulu Məhərrəmli kimi jurnalistika mütəxəssislərinə, Kamal Abdulla, Rəhman Bədəlov, Əli Abbasov, Aydın Talıbzadə, Ağalar Məmmədov kimi alimlərə, - görürsünüz siyahı xeyli çox alınır, - Nərmin Kamal, Günel Mövlud, Nuridə Atəş kimi ağıllı qızlara, "Qanun" nəşriyyatına minnətdar olmalıyıq. Sözsüz, insaflı olsaq, bu siyahıya qəzetləri məhkəməyə verən nazirləri çıxmaq şərti ilə bir az abstrakt desək, hakimiyyəti də salmaq olar. Axırıncıdan razılıq etməliyik ki, Türkmənistan kimi reqressiv deyillər. Biz iqtidarı o qədər haqlı və hərdən haqsız tənqid edirik ki, arada bir insaflı söz deməliyik ki, bilsinlər: ortada olan düşüncə azadlığına görə onlara da sağ ol düşür, hərçənd bu azadlığa qoyduqları cızığa görə hiddət də düşür".
Nİyazi Mehdi fikirlərini davam etdirib dedi:
"İndi isə çağımızdakı azadlığın bəhrələrinə baxaq: bizdə ən orta jurnalistin məqalələrindəki cümlələrin ağıl səviyyəsi Sovet dönəmindəki orta alimin məqalələrindəki cümlələrin ağıl səviyyəsindən üstündür. Bu həm göstərdiyim azadlığın, həm də İnternetin soucudur. O başqa məsələ ki, "bizdə elmin durumu Gürcüstana, Ermənistana baxanda necədir?" sorusunu soruşaq. Əgər təxminən bərabərdirsə, ar olsun bizə! - çünki Azərbaycan qat-qat varlı ölkədir.
Elmin gəlişməsi üçün təhsil gəlişməlidir. Bizim ciddi problemimiz odur ki, Azərbaycan iqtisadiyyatında mühit elə deyil ki, rüşvətdə bacarıq göstərən müəllimlər bu bacarıqlarını iş qurmağa və biznesdən pul götürməyə sərf etsinlər. Ona görə də hamı yığışıb universitetlərə, Orta məktəblərə. Onlar orada faktiki "işsizlik vəsaiti" alırlar, ona görə də rüşvətə müqavimətsiz olurlar. Halbuki bu qədər müəllimin, bu qədər həkimin yerinə az, ancaq keyfiyyətli mütəxəssislər olsaydı, çoxluğa paylanan pullar azlığa verilərdi və bu pul təhsili, elmi də yüksəldərdi.
Ona görə də belə deyərdim: Azərbaycan elminin və təhsilinin ciddi problemi "əsl iqtisadiyyat" adına layiq olan pul mexanizmindən zəif istifadə olunmasıdır.
Bir də mən istərdim humanitar elmin ciddi problemlərinin araşdırılmasını stimullaşdıran fondlar və qrant sistemindən danışım. Ancaq qorxuram, bu fondlarda otura biləcək adamlar qrant pulunu fırlatsınlar, dosta-tanışa versinlər".
Savalan