Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat və təşviqat kampaniyasının çərçivəsində seçicilərlə görüşləri davam etdirir.

Unikal.org xəbər verir ki, aprelin 4-də 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, YAP-ın Mərkəzi Seçki qərargahının təşviqat qrupunun üzvü Ağalar Vəliyevin iştirakı ilə Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində seçicilərlə görüşlər keçirilib. 

Görüşlərdə çıxış edən Ağalar Vəliyev ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlər, eləcə də Goranboy rayonunda aparılan quruculuq abadlıq işləri, qarşıdakı vəzifələr və hədəflər barədə məlumat verib.

Millət vəkili seçiciləri aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən qərargah üzvü Şahin Allahverdiyev, rayon Qadınlar şurasının sədri Səidə Məmmədova, seçici İskəndər Səklikov, Müşfiq Sadıqov, Qızılhacılı qəsəbə sakini Eldar Orucov, İlaidə Əhmədova çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezidentliyə namizəd İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildiriblər.