Tarixdə bu gün Sovet İttifaqına son qoyulduğu gün kimi qeyd edilir. 1991- ci ilin dekabrın 21-də Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) (Commonwealth of Independent States) yaradıldığını açıqladılar. Bu günlə bağlı o vaxtı Ali Sovetin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri vəzifəsində çalışmış Araz Əlizadə öz təəssüratını bölüşüb.

O, unikal.org-a müsahibə verib.

-Araz müəllim, bu günlə bağlı öz fikirlərinizi bölüşərdiniz...
-Artıq Mixail Qorbaçovun SSRİ-ni dağıdacağı hamıya məlum idi. Bu günü hamı öz başına çarə qılmağa çalışırdı. Rusiya, Ukrayna və Belarusiya rəhbərləri Minskdə görüşdülər. Burada SSRİ-nin taleyi həll edildi. Amma ümumiyətlə, SRRİ-nin süqutu labüd idi. Çünki Qorbaçov və onun ətrafındakı xəyanətkar əllərindən gələni etmişdilər. Artıq birinci və ikinci dərəcəli respublikalar da var idi. Baltikyani respublikaların bu İttifaqdan çıxması artıq qəti idi. Gürcüstan, Azərbaycan öz müstəqilliyini elan etmişdi. Ermənistan gah nala, gah da mıxa vururdu. Yəni, əsasən SRRİ-də qalmaq istəyən Orta Asiya respublikaları var idi. Türkmənistanda bu siyahıda yer alırdı. Amma buna baxmayaraq, SRRİ-nin süqutu labüd idi. Yaxşı da oldu ki, bu proses qansız keçdi. Düzdür, Qazaxıstanda, Gürcüstanda, Baltikyanı ölkələrdə xüsusən də Azərbaycanda Qorbaçov qan tökdü. Amma artıq heç nə edə bilməzdi. Sonda Azərbaycanın müstəqil olmasını hamımız çox böyük coşqu il qeyd elədik.

-Siz də o vaxtı siyasətdə idiniz. Azərbaycanda yüksək vəzifəli şəxslərin bu Birliyin dağılmasının əleyhinə olan var idimi?
-Əlbəttə var idi. SSRİ dağılana kimi bu, var idi. Amma dağıldıqdan sonra mən görmədim. O vaxta kimi kommunistlər arasında tərəddüd edənlər var idi.

-Olar kimlər idi? Bu gün o adamlardan vəzifədə olanlar varmı?
-Var, amma mən ad çəkməyəcəm. Siz özünüz də bu məsələni araşdırıb tapa bilərsiz. Bu İttifaqın dağılmasına səs verən və verməyənləri tapmaq mümkündür. SSRİ-nin dağılacağı 1991-ci ilin may ayında aydın oldu.

-Siz əvvəlcədən bunu necə bilirdiniz ki?
-O zaman SSRİ ölkələrin müxalif qüvvələrin təklifi ilə yaradılmış Demokratik Konqres var idi və mən də həmin təşkilatın üzvü idim. Bura bütün respublikalardan nümayəndələr daxil idi. Özbəkistan, Tacikıstan, Qırğızıstan və digər respublikalar. Demokratik Konqres üzvlərinin may ayında Qorbaçovla görüşü keçirildi. Mən də həmin görüşə qatıldım.
Bu təşkilatda biz SSRİ-nun yeni konstitusiya layihəsini hazırlamışdıq. Bu sənədə görə bütün respublikalar siyasi cəhətdən müstəqil olacaq idi. İqtisadiyyat isə 10 ilə tam müstəqil olacaqdı. Baltikyani ölkələr də buna razı idilər. Sözügedən sənədi həmin görüşdə Qorbaçova təqdim etdik.

-Sənəd Qorbaçov tərəfindən qəbul edildimi?
-Xeyr. Qorbaçov bu sənədi qəbul etmədi və bizi Sibirlə qorxutdu. Mən də qəhqəhə çəkib güldüm.

-Bəs, nəsə demədiniz?
-Dedim əlbəttə ki. Qorbaçovun üzünə dedim ki, "siz bədbəxt adamsız, biz Sibiri artıq çoxdan görmüşük və bizi qorxuda bilməssiz. Artıq biz bu tədbirdən çıxanda bilirdik ki, SSRİ-nin dağılması labüddür.
Mən orda gələndən sonra partiyamızda, Ayaz Mütəllibovla görüşəndə sonra da bunu dedim. Bildirdim ki, SSRİ mütləq dağılacaq və artıq başımıza çarə qılmalıyıq. Yavaş-yavaş müstəqilliyə doğru adımlar atmalıyıq.

-Siz Qorbaçova "bədbəxt sözünü deyəndə o sizə nəsə demədi?
-Onunla bir neçə dəfə görüşmüşəm. Mən bu sözü ümumi görüşündə ona bildirdim. O mənə cavabında bildirdi ki, siz azərbaycanlısız, nə üçün SRRİ-nin Konstitusiyasına qarşı çıxırsız? Mən ən böyük dövlətin başçısıyam və niyə bədbəxt oluram?
Cavab olaraq əlavə etdim ki, Stalini, Brejnevi, Xruşovu demirəm, hətta Konstantin Çernenko kiminləsə görüşəndə belə əvvəlcə qarşısında görüşəcəyi adam haqqında arayış olurdu. Sözügedən arayışa baxsaydınız, görərdiniz ki, kim kimdi! Sən orada görərdin ki, mən artıq Sibiri görmüşəm, məni Sibirlə qorxutmazdın.
Daha sonra Mixail Qorbaçova bildirdim ki, mən SSRİ-ni müdafiə etmirəm və hazırda Bakıda 15 mərtəbəli binada yaşayıram. Siz bizi köçürməmiş binamızı dağıdırsız. Biz birinci mərtəbədə yaşayırıq. Bütün tör-töküntülər başımıza uçur.

-Sözügedən tədbirdən qayıtdıqdan sonra sizə həbs təhlükəsi var idimi?
-Yox əşi, nə həbs? SSRİ-i çoxdan ölmüşdü. Bircə basdırmaq qalmışdı. Düzdür, SSRİ-nin yaxşı tərəfləri də var idi. İnsan hər zaman nostalji hislə yaşayır. SSRİ-nin yaxşı xüsusiyətləri var idi. Xüsusən sosial təminat və təhsil. Bundan başqa heç bir dəyəri yox idi.

-Bəs nəyə görə Ayaz Mütəllibov bu məsələlərdə günahlandırılırdı?
-Hansı məsələdə.

-20 Yanvar, Qarabağın işğalı məsələsində...
-Bu, o zaman Xalq Cəbhəsinin uydurmaları idi. Gördünüz ki, Ümumilli lider bu məsələni nə şişirti, nə də ki, buna hüquqi qiymət verdilər. Çünki bu, uydurma idi.

-Yəni, o vaxt Ayaz müəllimdə müstəqilliyin tərəfdarı idi?
-Ayaz müəllim adi məmur idi. O zaman 20 Yanvar hadisəsi törədiləndə o, Nazirlər Kabinetinin sədri idi. Ancaq təsərrüfat işləri ilə məşğul idi. Siyasi məsələlərə onların nüfuzu siraət etmirdi.

-Bəs nəyə görə Ayaz müəllim Rusiya adamı kimi tanınır və sonda oradan da siyasi sığınacaq aldı?
-Ayaz müəllim heç zaman Rusiyanın adamı olmayıb. Əgər o Rusiyanın adamı olsaydı, şimal qonşumuzu imperiya olaraq qoruyardı.

-O güc var idimi?
-Bəli var idi. Qarabağı bizi əlimizdən alıb Ermənilərə verməsində gücü var idisə, Rusiyanı qorumağa da gücü var idi. Mütəllibov daim Mixail Qorbaçov üçün çox yaralı bir yer idi. Çünki o daim onunla mübahisə edirdi.

-Bəs sonra necə oldu ki, yenidən Rusiyadan sığınacaq aldı?
-Bəs hara gedə bilərdi?

-Avropa ölkələrinin birinə ən azından...
-Hər hansı bir ölkədə mühacirət həyatı yaşamaq üçün gərək o ölkənin dilini biləsən.

-Onda belə çıxır ki, Ayaz Mütəllibov dilə görə Rusiyadan sığınacaq aldı?
-Bəli.

Amid Əyyuboğlu