Unikal.org  publika.az-a istinadən Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun müsahibəsini təqdim edir

- Tahir müəllim, necəsiniz?

- Çox yaxşıyam. Nədən başlayaq söhbətimizə?

- Hər dəfə mətbəxdən danışırsınız? Gəlin bu dəfə özünüzdən danışaq. Tovuzlusunuz?

- Azərbaycanlıyam.

- Onda sualı belə qoyum, Azərbaycanın hansı güşəsində doğulmusunuz?

- Demək, Çingiz xanın nəvəsi Monqolustandan gəlib-çıxıb İrana, onun da nəvələri gəliblər İrəvana. O torpaqlardan da Tovuz ərazisinə köçüblər. Babam da bu nəsildəndir. Qovlar kəndinə gəlib, nənəmlə evlənib. Bilirsiniz də, arvad haralı, kişi də oralı. Çox savadlı kişi olub, 8 dil bilirmiş.

- Bəs nənəniz?

- Nənəm çox güclü təbib idi. Onun ulu babaları İbn Sinanın tələbələri olmuşdular. Bu bacarıqları da nəsildən-nəslə ötürülmüşdü. Kənddəki evimiz yananda İbn Sinanın kitablarından köçürülmüş qalaq-qalaq əlyazma məhv oldu. Ancaq nənəm hamısını əzbər bilirdi. Müalicəsi olmayan xəstəlikləri sağaldırdı.

- Bu çox dəyərli faktdır. Bəs bildiklərindən sizə nə isə öyrədirdi?

- Mən onda balaca uşaq idim axı. Amma bir neçə hadisə yadımdadır. Böyrəyimdən əməliyyat olunmalı idim. Atam gətirdi ki, nənəmlə sağollaşım. Nənəm də atamı yaxşıca tənbehlədi. Məni özü müalicə elədi. Elə o xatirimdədir ki, itburnu ilə qarğıdalı saçağını dəmləyib, içirdirdi mənə. Bir dəfə də bədənim yara tökmüşdü. Hansı həkimə aparırdılar, bir əlac tapa bilmirdilər. Nənəm yenə müxtəlif otları qatdı bir-birinə, məni o suda çimizdirdi. Sonra da bir məlhəm hazırlamışdı, onu sürtdü. Səhərə heç nəyim qalmamışdı. İndiyə qədər bütün kəndimiz nənəmdən danışır.

- Çox istərdim nənənizi tanıyım.

- (Gülür) Mən də istərdim. Heyf ki, çox balaca idim o rəhmətə gedəndə. Ancaq ana nənəmi çox görmüşəm. Biz ona ana deyərdik. Yaşı 80-i keçmişdi, amma üzündə bir dənə də qırış yox idi. Deyirdim, ay Gilas ana, niyə qocalmırsan? Cavab verirdi ki, ay bala, vaxtımmı var qocalmağa?!

- Neçə övladı vardı nənənizin?

- 3 oğlu, 3 qızı. Şükür edirəm ki, sevimli dayım, ağsaqqalım həyatdadır. O, mənim təfəkkürümün formalaşmasında böyük rol oynayıb. Özü riyaziyyat müəllimidir. Çox dünyagörüşlü insandır. Maraqlı bir fakt deyim. Bütün elmlərdə, lap elə humanitar sahələrdə riyazi qaydalara əməl olunmalıdır. Hətta dilin qrammatikasında matrisdən kənara çıxırsansa, ahəng də pozulur. Sözə münasibət, söz oyunu... bunların hamısını dayımdan öyrənmişəm. Bu gün yazılarım oxunursa, səbəbi odur.

- Bəs valideynləriniz?

- Atam da ziyali insan idi. Kənd Təsərrüfatı İntitutunun Mexanizasiya bölməsini bitirmişdi. Anamsa evdar qadın idi. Atam onu qaçırdanda məktəbdə oxuyurmuş. Biz 5 uşaq idik. Hamımızın dərsləriylə o, məşğul olurdu. Çox savadlı, ədəbiyyatı dərindən bilən qadındır.

- Yaşayırmı ananız?

- Şükürlər olsun ki, yaşayır. Bir dəfə məndən soruşdular ki, uşaqlığınız nə vaxt bitdi? Dedim, anam sağ olduqca mən uşaq qalacam. 60 yaşım var, amma hələ də anamın yanında özümü körpə kimi hiss edirəm.

- Madam ki, uşaqlıqdan söz saldınız, ilk oxuduğunuz kitab hansı olub?

- 5 yaşımda Molla Nəsrəddinin lətifələrini oxumuşam. Kəndimizdə işıqlar tez-tez sönərdi. Cəmi bir kanal var idi, o da gah göstərirdi, gah yox. Nənəm, xalam bizi dizinin dibinə çəkib, nağıllar, əfsanələr danışardılar. Düşüncəmin formalaşmasında bunun da böyük önəmi olub. Bir dəfə yadımdadır, 5-6 cı sinifdə oxuyuram, həyətdə idman eləyirəm. Babam dedi, ay Tahir neyniyirsən? Dedim, idman eliyirəm. Dedi, ay oğul, gücünü niyə havayı xərcləyirsən, gəl yer bellə, bir faydan toxunsun. Babamın bu öyüdü hələ də xatirimdədir. Ondan başqa Rabindranat Taqoru oxuyurdum, Hindistanı gəzirdim, Şekspirlə Avropaya gedirdim, Talstoyla Rusiyanı dolaşırdım. Yəni kitablarla dünya səyahətinə çıxırdım. Ən çox da Artur Konan Doylu sevirdim. Onun əsərləri mənim dünyaya baxışıma çox təsir edib. Hətta iki həftə qaraçı köçünə qoşulub, iki il də şamanlıqla məşğul olmağımın qaynağında da o, durur.

- Haqqınızda yeni bir şey də öyrəndik. Demək, qaraçılarla da yaşamısınız. Həm də şamanların öz dünyaları var.

- Bəli, bəli. Onlar bizim kimi yanaşmırlar hadisələrə. Tam fərqli dünyaları var. Sizə bir şey də deyim, uşaq vaxtı Bakıda olmağı çox istəyirdim. 7-ci sinifdə nəhayət Bakıya gəldim. Biologiya üzrə ölkə olimpiadası idi. Elə o vaxt bilirsinizmi, nəyi anladım? Dünyanı gəzmək üçün pula ehtiyac yoxdur, əsas elmli olmaqdır. Savadın varsa, bütün qapılar üzünə açılacaq. Bu yaşıma qədər o qədər ölkədə olmuşam ki, arzumu artıqlaması ilə yerinə yetirmişəm. Təsəvvür edirsinizmi, adi bir kənd uşağı hər yeri gəzib-dolaşıb.

- Elə bütün dahilər də o kəndlərdən çıxmırmı?

- Bilirsiniz niyə? İnsanı, milləti formalaşdıran düşüncə tərzi, nağıllar, atalar sözləri... hamısı bu kəndlərdədi. Şəhər, urbanizasiya bütün bu dəyərləri məhv edir. Kəndlərdə fəza açıqdır. Genişlik var.

- Kənd adamının qəlbi də fəzası kimi genişdir.

- Bunu da yavaş-yavaş məhv etdilər. Evlərin arasına çəpər əvəzinə daş hasarlar çəkdilər. Əvvəllər ana qızına deyərdi, ay bala, ətəyini aşağı çək, camaat gördü, ayıbdı. Amma evlər daş hasara alınandan sonra bunu deməyə də gərək qalmadı. Beləcə ar-haya anlayışı da yavaş-yavaş səngiməyə başladı. Artıq o qız, qadın olduğunu, kişidən fərqləndiyini çox da hiss etmir. Bununla da gender bərabərliyi anlayışı ortaya çıxır.

- Tahir müəllim, siz bu bərabərliyə qarşısınız?

- Əlbəttə.

- Axı siz ziyalı insansınız. Heç gözləməzdim sizdən...

- Qadın-kişi bərabərliyi qadının kişinin səviyyəsinə endirdi. Getdikcə daha da aşağı salır. Bu Vatikan düşüncəsidir. Çünki onlarda evlənməmək andı var. Yalançı xristianlıq düşüncəsinə görə kişi müqəddəsdir, qadınsa murdardır. Qadına toxunursansa, sən də murdarlanırsan. Ona görə rahiblər evlənməmək üçün and içirlər. Rahibələr də, kişiləri günaha batırmamaq üçün özlərini kilsəyə qapadırlar. Bu təfəkkürlə böyüyən Qərb yazıçılarının əsərlərinə fikir verin. Heç birində şəxsiyyətli və ziyalı qadın obrazı yoxdur. Amma İslamın tüğyan etdiyi dövrdə yazıb-yaradan Nizamının əsərlərinə nəzər salanda görürük ki, qadın ya rəssamdır, ya cəngavərdir, ya kimyagərdir. Yəni qadını təsvir edərkən mütləq bir şəxsiyyət xarakteristikası yaradılır. Hətta bir fakta da aydınlıq gətirək: İslama qədər ən çox kimləri edam edirdilər? Qurmanları... Yaxşı yeməyi sevən insanlara qarınqulu deyib, yandırırdılar. Çünki dadlı yeməyi sevən insan mütləq ya hakimiyyətə, ya da pula can atacaq. Onu idarə etmək mümkün olmayacaq. Sanqvinik və xolerik xarakterli insanların kökünü kəsirdilər. Sonra güclü ehtiraslı qadınları və kişiləri yandırırdılar.

- Yaxşı bəs onları niyə?

- Axı o da hakimiyyət arzusu ilə alışıb-yanacaq ki, qarşı cinsin qarşısında daha çox fərqlənsin, seçimi də çox olsun. Bir də yaradıcı insanları məhv etməyə başladılar ki, insanların təsəvvür fəzasını genişləndirməsinlər. İslamdan sonra isə qadını kişi ilə eyni səviyyəyə saldılar. Qadın da haqlarının tapdandığını düşünüb, kişi ilə şüuraltı mübarizəyə qalxdı. Bu yollarla kişi ilə qadını bir-birindən uzaqlaşdırdılar, qarşı-qarşıya qoydular. Xristianlıqda isə bayaq qeyd etdiyim kimi, kişini qadından iyrəndirdilər, beləcə homoseksuallar yarandı. Kişinin kişiyə, qadının qadına meyli formalaşdı.

- Yəni düşünürsünüz ki, cəmiyyətimizin bütün bəlalarının səbəbi gender bərabərliyidir?

- Baxın, bu gün Azərbaycanda 72 gender təşkilatı var. Hamısına da xanımlar rəhbərlik edir. Ancaq heç birinin nə cəmiyyətə, nə elmə faydası yoxdur. Axı kim deyə bilər ki, biz anamızdan üstünük? Ana başımızın tacıdır. Hər bir qadın potensial anadır. Qadın müqəddəsdir, çünki nəsil davamçısıdır. Təzə cəmiyyətdə isə bu fikirlərin üstündən xətt çəkib, bərabərlik prinsipi yaratdılar.

- Tahir müəllim, bir az da kişilərimizdən danışaq. Niyə bizim kişilər mədh olunmağı çox sevirlər?

- Şəxsən məni atamın tərifindən başqa heç kimin sözləri qanadlandırmırdı. O, adi bir sözlə mənə dünyanı verirdi. Bir də, bilirsiniz, tərif avansdır. Sən məcbursan ki, özünü cəmiyyətin gördüyü kimi aparasan, çərçivədən kənara çıxmayasan. Bu çox təhlükəlidir. Lap elə götürək yüksək vəzifəli məmurların övladlarını. Adi gənc yüksək sürətlə maşın idarə edəndə qınaq obyektinə çevrilmir. Amma məmur övladının bir səhvi həmin an müzakirəyə yol açır. Axı biz də gənc olmuşuq. Mənim də saçımın çiynimə qədər uzandığı, belimdə zəncir gəzdirdiyim vaxtlar olub. Mən də stilyaqalıq eləmişəm gəncliyimdə. Bu yolları keçməyin özü böyük bir psixoloji təcrübədir. Bu mərhələləri keçmədən kamil insan olmaq mümkün deyil. Səsin qəribə bir sürəti var. Adama 25 yaşında deyilən söz 45 yaşında çatır (Gülürük).

- Fizikaya yenilik gətirdiniz...

- Əsas qayəmiz sağlam olsun. Hər şey düzələcək.

-Tahir müəllim, Azərbaycan qadınında məni çox üzən bir cəhət var. 40-45 yaşdan sonra sürətlə ayaqlar da, bədən də şişməyə başlayır. Bədən öz gümrahlığını itirir, addımların sürəti zəifləyir. Elə deyərdim ki, kişilərimizdə də müşahidə edirəm bunu. Səbəbi nədir sizcə? Qida iləmi bağlıdır?

- "Sevgi mətbəxi adlı kitab yazıram. Bu kitabım Tartarıstanda da işıq üzü görəcək. Həmin kitabda ətraflı açıqlama vermişəm bu duruma. Bu yaşa yaxınlaşan qadınlarımızın 90 faizi ərləri tərəfindən diqqət qıtlığı yaşayırlar. Həm psixoloji, həm də cinsəl cəhətdən. Bir tərəfdən də telefon, internet münasibətlərin sonuna çıxır. Cinslərin bir-birinə qarşı psixoloji təcavüzü güclənib. Kişi arvadına baxanda illər öncə arxasınca düşüb, yalvardığı qızı görmür artıq. Qadın da ərinin görüşünə gözəl, səliqəli geyimdə, bəzəkli-düzəkli gələn qız deyil. Kişinin üzünə qapını 50 ildən qalma nimdaş xalatda açır. Beləcə kişinın də marağı sönür. Qadın yemək bişirəndə donquldana-donquldana bişirir. Bütün mənfi enerjisi də xörəyə çökür.

- Necə də haqlısınız. Mən buna çox inanıram. Yemək bişirəndə istəyirəm mətbəximdə xoş aura olsun ki, bütün sevgimi ötürə bilim.

- Əlbəttə, yeməyi sevə-sevə bişirmək lazımdır. Qadın da elə yaradılıb ki, cinsi yaxınlıq onun orqanizmini tənzimləyir. Hormonları stabil saxlayır. Bu baş vermirsə, təbiət yavaş-yavaş onu sıradan çıxardır. İçdiyi su, yediyi çörək də onun üçün artıqdır. Qadın da artıq cinsi həzzi duymadığı üçün digər şeylərdə ləzzət axtarmağa başlayır. Bu ya yaradıcılığa çevriləcək, məsələn şeir yazacaq...

- İndikilər feysbukda status yazırlar.

- Bu da bir psixoloji durumdur. Ya da şirniyyatdan, qidadan alacaq o ləzzəti. Beləcə yeməyə girişəcək.