"İranın parçalanması, dağılması Azərbaycana sərf edən variant deyil"
"İranın parçalanması, dağılması Azərbaycana sərf edən variant deyil"

Razi Nurullayev: "Azərbaycan Qərbin ictimai-siyasi dəstəyini qazanmaq, NATO-nun üzvü olmaq niyyətindədir"

Hazırda mürəkkəb durumda olan Cənubi Qafqaz regionundakı proseslər və bu proseslərə təsir edən beynəlxalq amillər barədə suallarımızı politoloq Razi Nurullayev cavablandırır.

-Azərbaycanın bir çox problemləri onun mürəkkəb geopolitik regionda yerləşməsindən qaynaqlanır. Bu baxımdan yanaşanda ölkənin bu qovşaqdakı mənzərəsi necə görünür?
-Azərbaycan geopolitik baxımdan həm çox strateji məkanda, həm də, belə deyək ki, təhlükəli bir məkanda yerləşir. Strateji məkanda yerləşməsi Azərbaycan üçün istər Qərb dünyasının, istərsə də Şərq dünyasının marağını artırır və nəticədə tarix boyu bu ərazidə təsir gücünə malik olmaq üçün müxtəlif dövlətlər arasında mübarizələr gedib. Cənubdan İran, şimaldan isə Rusiya tərəfindən bu mübarizələr aparılıb və bu çarpışmalara baxmayaraq Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilib. Elə bu strateji amil də Azərbaycanı təhlükəli bir əraziyə çevirib və nəticədə bəzən Azərbaycan dövlət müstəqilliyini də itirməli olub. Eyni zamanda Azərbaycanın təbii ehtiyatlarla zəngin olması da onun geostrateji əhəmiyyətini daha da artırıb. Məhz Azərbaycandan və Xəzər hövzəsi vasitəsilə təbii ehtiyatların Qərbə daşınması amilinə görə yuxarıda vurğuladığım iki qütb arasında həmişə mübarizə gedib və hazırda da getməkdədir.
-Axı Azərbaycan bu müstəvidə duruş gətirmək üçün müəyyən rıçaqlara da malikdir. Bunu Siz də qeyd etdiniz. Bu rıçaqlardan nə dərəcədə səmərəli şəkildə istifadə edilir?
-Azərbaycan son iyirmi ildə qonşu ölkələrlə balanslaşdırılmış siyasət aparmağa çalışıb. Mərhum Heydər Əliyev 1994-cü ildə Qərbin neft şirkətləri ilə "Əsrin Müqaviləsi"ni imzalayanda Azərbaycanda belə bir inam var idi ki, Qərb dünyası Azərbaycanın karbohidrogen ehtiyatlarının müqabilində Dağlıq Qarabağ probleminin həllində öz əzmini nümayiş etdirəcək və Qarabağın Azərbaycana qaytarılmasında önəmli rol oynayacaq. Biz zaman keçdikcə bunun həqiqətə çevrilmədiyinin şahidi olduq. Və 2004-cü ildə həmin siyasətin davamını həyata keçirmək üçün Qərb dünyasını Azərbaycanın tərəfinə çəkmək və Ermənistanı təkləmək naminə həmin balanslaşdırılmış siyasət davam etdirildi. Həmin balanslı siyasət 2010-cu ilə qədər davam edib. Arada müəyyən fasilələr olsa da, həmin siyasət bu gün də sürdürülməkdədir. Azərbaycan özünün karbohidrogen ehtiyatlarının hasil edilməsi və realizə edilməsində, bundan gələn gəlirlərin bölüşdürülməsində maraqlı olan dövlətlərə - həm İrana, həm Rusiyaya, həm Türkiyəyə, həm də Qərb dövlətlərinə yaşıl işıq yandırdı və bu dövlətlər Azərbaycan neftinin çıxarılmasında müxtəlif paylara sahib oldu. Amma bütün bu amillər Azərbaycanın taleyüklü problemlərinin həllində önəmli rol oynaya bilmədi. Çünki qardaş Türkiyə istisna olmaqla sadaladığım dövlətlərin heç biri Azərbaycanın problemlərinin həll edilməsində maraqlı deyildi və indi də bu maraq yoxdur. Bu günə nəzər yetirsək, Dağlıq Qarabağ probleminin durmundakı status-kvo qalmaqdadır, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyib, vəziyyət daha da qəlizləşib. Əksinə, adı çəkilən dövlətlər Azərbaycanı güzəştlərə vadar etmək istəyir. Ən xoşagəlməzi odur ki, Azərbaycan İranla hazırda çox gərgin münasibətlər yaşamaqdadır. Azərbaycan bu gün Qərb dünyasına inteqrasiya ilə özünün milli siyasətini və hazırkı dövlət quruluşunu qorumaqla səbatını qoruyub saxlamağa çalışır. Yəni Azərbaycan hazırda çox mürəkkəb bir mərhələdən keçir. Cənubdan İranın, şimaldan Rusiyanın təzyiqləri bölgədə mürəkkəb olduğu qədər də müşküllü bir durum yaradıb. Fikrimcə, bu vəziyyətdən çıxmaq üçün Azərbaycan Qərbə meyllənməkdə və inteqrasiya olunmaqda daha radikal davranmalı və konkret addımlar atmalıdır.
Onu qeyd etməliyəm ki, Azərbaycanın balanslı xarici siyasət yürütməsinə bir amil də ciddi şəkildə mane olur: 2010-cu ildən sonra dünyada yeni bir siyasi düzən yaranıb və bu faktor bir çox proseslərin dəyişdirilməsini tələb edir. Buna görə də Azərbaycan Qərb strukturlarına inteqrasiya proseslərini sürətləndirməlidir. Azərbaycan bunu etmək istəyir, yəni Rusiya və İran amilindən qurtulub Qərbə qovuşmaq istəyir. Azərbaycan Qərbin ictimai-siyasi dəstəyini qazanmaq, NATO-nun üzvü olmaq niyyətindədir. Azərbaycan istəyir ki, Qərb dövlətləri və Amerika Birləşmiş Ştatları ölkəmizin ərazi bütövlüyünü zəmanətə götürsün və milli maraqlarımızı qorusun. Amma unutmayaq ki, Qərb dövlətlərinin də bu bölgədə öz maraqları və oyunları var və bunları həyata keçirmək niyyətindədir.
-Razi bəy, cənub tərəfimizdə son dərəcə qorxulu və təhlükəli bir barıt çəlləyi yetişməkdədir. Barıt çəlləyi deyəndə İranı nəzərdə tuturam. İranda hər hansı, lap daxili sosial gərginlik başlasa (mən hələ hərbi müdaxiləni bir kənara qoyuram), Azərbaycan üçün xeyli fəsadlar törəyəcək...
-Əlbəttə, əgər İsraillə Birləşmiş Ştatlar İrana hərbi müdaxilə edərsə, bu müharibə qısamüddətli olmayacaq. İrana zərbələr endirilsə və İran müharibəyə sürüklənsə, bu, bir neçə il çəkən prosesə çevriləcək. Və bu müddət ərzində İrandan Azərbaycana bir neçə milyon qaçqının gəlməsi gözləniləndir. Belə bir hal baş tutsa, ölkəmizdəki demoqrafik vəziyyət xeyli mürəkkəbləşəcək və qaçqın axını ölkənin iqtisadi-sosial durumuna çox pis təsir edəcək. Nəticədə Azərbaycan da bu və ya digər formada müharibə vəziyyətində yaşamalı olacaq. Amma mənə elə gəlir ki, İranda vəziyyətin pisləşməsi və İranın parçalanması, dağılması Azərbaycana sərf edən variant deyil. İstənilən variantda İranda baş verən sosial-siyasi kataklizmlər Azərbaycanda da özünü büruzə verəcək və Azərbaycan İranla bərabər uduzan tərəflərdən biri olacaq. Bu mənim şəxsi mövqeyimdir ki, Azərbaycan istənilən halda İranın dağılmasında və bu ölkəyə qarşı müharibənin başlanmasında maraqlı deyil və ola da bilməz. Çünki İran dağılan zaman bunun ən çox ziyanını görən ölkələrdən biri də Azərbaycan olacaq. Digər tərəfdən, İrana hücum olarsa, Azərbaycanın da ərazisindən İrana qarşı istifadə edilməsi gündəmə gələcək və yəqin ki, gizli şəkildə olsa da, Azərbaycan ərazisindən İrana qarşı istifadə etməyə cəhdlər göstəriləcək. Hadisələr ehtimal etdiyim bu variantda inkişaf etməyə başlasa, İranın hədəfə götürəcəyi ölkələrdən biri də Azərbaycan olacaq. Yəni İranın orta və uzaqmənzilli raketləri Azərbaycanın karbohidrogen ehtiyatları ilə bol olan neft yataqlarını, Qərbə neft və qaz aparan boru kəmərlərini hədəfə alacaq. Bu da Azərbaycan iqtisadiyyatının müəyyən mənada çökməsinə gətirib çıxardacaq. Və mən inanmıram ki, Qərb dünyası belə bir fəlakətli vəziyyətdə Azərbaycanın yanında ola və onu İranın bu cür dağıdıcı hücumlarından qoruya bilsin. Bölgənin indiki vəziyyətinə bu baxımdan yanaşanda, əlbəttə, bölgədə barıt çəlləyi yetişməkdədir. Buna görə də İran məsələsində Azərbaycan neytral dövlət kimi davranmalıdır. Çünki İranda bizim həm də otuz milyon nəfər soydaşımız yaşayır. İrana hücum olarsa, yəqin ki, oradakı otuz milyon soydaşımız da öz dövlətlərini qorumağa çalışacaq. Çünki İranı parçalamaq üçün oradakı etnik amillərin qabardılmasına rəvac veriləcək və bu prosesdə azərbaycanlıların əhəmiyyətli rol oynayacağı heç kimə sirr deyil. Amma bununla bərabər İrandakı otuz milyonluq Azərbaycan türkü İran rəsmilərinin qəzəbinə gələr və nəticədə minlərlə insan ölə bilər. Belə olan halda isə Azərbaycan ictimaiyyəti və Azərbaycan hakimiyyəti bütün bunlara qarşı laqeyd qala bilməyəcək. Bu amil də Azərbaycanı müharibəyə sürükləyə bilər və indiki mərhələdə bu variant da Azərbaycan üçün sərfəli deyil. Çünki bu situasiya Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından da Azərbaycana zərərlidir. Ermənistan İranın və Rusiyanın köməkliyi ilə cəbhə xəttində daha da irəliləyə bilər. Və yaxud İran, Rusiya və bu ölkələrin təsirində olan dövlətlər Dağlıq Qarabağın dövlət müstəqilliyini tanıya bilər. Bu addımlar isə Dağlıq Qarabağ münaqişəsində yeni bir situasiyanın yaranmasına gətirib çıxarda bilər. Nəticədə bütün region barıt çəlləyinə çeviləcək.
-Regiondakı bütün bu gərginliyə baxmayaraq, İran Azərbaycan vətəndaşları üçün viza rejimini bərpa etdi. Heç kim də zəmanət verə bilməz ki, İranın vəd etdiyi kimi, avqustun 31-də bu rejim ləğv ediləcək...
-Mən hesab etmirəm ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini qəsdən ləğv edib. Məlum olduğu kimi, avqustun 5-dən 31-ə qədər bloklara qoşulmayan ölkələrin dövlət başçılarının Tehranda sammiti keçiriləcək. İranın bu tədbirlə bağlı müəyyən ehtiyat tədbirləri görməsi təbiidir. Tehran şəhəri hal-hazırda çox ciddi diqqət mərkəzindədir və müxtəlif qruplar oradakı dövlət başçılarına qarşı terror aktları törədə bilər və nəticədə İran günahkar çıxacaq. Ola bilsin ki, İran dövləti bütün bu məsələlərdən əndişələnərək bu addımı atıb. Sözün düzü, mən İranın bu addımında məkrli bir niyyət görmürəm. Digər tərəfdən isə, İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib və Azərbaycanın da eyni addımı atmasını istəyir. Azərbaycan bu günə qədər İranla viza rejimini ləğv etməyib və mən Azərbaycanın bu məsələdə çox məntiqli hərəkət etdiyini düşünürəm. Çünki İranla vizanın ləğv edilməsi Azərbaycanda siyasi situasiyanın dəyişməsinə gətirib çıxarda bilər. Azərbaycana İrandan məkrli qrupların və insanların, terror niyyəti ilə gələnlərin gəlişi asanlaşar. Bu amil isə ölkədəki vəziyyəti gərginləşdirməyə xidmət edər. Gözləyək, ümid edirəm ki, İranın maraqları viza rejiminin ləğv edilməsinə yönəlib.

Söhbətləşdi: Savalan