Neft ucuzlaşması Azərbaycana nə vəd edir?
Neft ucuzlaşması Azərbaycana nə vəd edir?

İlham Şaban: "Proses davam edərsə, nəticələri mənfi olacaq"

Dövlət Neft Fondu (DNF) Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə vəsait yatıracaq. Qeyd edək ki, layihənin tikinti xərcləri 8 milyard dollar proqnozlaşdırılıb. Bəzi analitiklər fondun vəsaitlərinin belə infrastruktur layihələrinə xərclənməsini düzgün hesab etmirlər.

Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban bu, eləcə də son vaxtlar neftin ucuzlaşması fonunda Azərbaycandakı sosial-iqtisadi durumuqn necə olacağı yönündə sualları cavablandırıb.

Neft Fondunun TANAP
maliyyələşdirməsi fond üçün nə vəd edir?

Neft Fondunun TANAP-ı maliyyələşdirməsindən danışan İlham Şabanın sözlərinə görə, təcrübə göstərir ki, bu qurumun hesabına maliyyələşdirilən beynəlxalq infrastruktur layihələri gəlirlik baxımından özünü doğruldur: "Vaxtilə Azərbaycan höküməti adından Dövlət Neft Fondu Bakı-Tiflis-Ceyhan neft kəmərini də maliyyələşdirmişdi. 2002-ci ildən 1 fevral 2007-ci il tarixinədək olan dövr ərzində layihə üzrə Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə fonddan 298 mln. AZN məbləğində vəsait yönəldilmişdi. O zaman bu addım xarici maliyyə qurumları, beynəlxalq kredit təşkilatları tərəfindən səs-küyə səbəb olmuşdu. Bildirilirdi ki, neft pullarının təkrarən neft layihələrinə yatırılması düzgün qərar deyil və gələcəkdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Faktiki 2006-cı ilədən layihə işə düşdü. Bakı-Tiflis-Ceyhan kəmərinə qoyulan vəsait geri qayıtmaqla bərabər, 2007-ci ilin sonunda layihədən Neft Fonduna dividentlər daxil olmağa başladı. Bakı-Tiflis-Ceyhan neft kəmərindən fonda illər üzrə 150 milyon dollar divident daxil olurdu. Hansı ki, ötən il dövlət başçısının sərəncamı ilə həmin dividentlər Dövlət Neft Şirkətinə transfer edildi".
Nəzərə alsaq ki, infrastruktur layihələri uzunmüddətli layihələrdir, belə çıxır Neft Fondu qısa zamanda xərclərinə qarşılıq gəlir əldə edə bilməyəcək? Bu suala cavabında ekspert bildrib ki, ilkin vaxtlarda infrastruktur layihələrinin gəlirlik səviyyələri aşağı olur: "Lakin uzunmüddətli dövr üçün layihələri çox effektiv iqtisadi alət hesab etmək olar. Layihəyə yatırılan vəsaitlərin geri qayıtma əmsalına gəlincə, düzdür, gəlirlik səviyyəsinə görə mavi qazdan əldə olunan gəlirlər neft gəlirlərindən azdır. Belə ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəklişinə ayrılan vəsait çox tez zamanda geri qayıtdı. TANAP layihəsində bu müddət 7-8 il ola bilər. Yerdə qalan müddətdə tamamilə mənfəətə işləyəcək".
Ekspert xatırladıb ki, TANAP layihəsinin ümumi dəyəri 8 milyard dollar təşkil edir. Layihənin 60 faizini Neft Şirkəti öz üzərinə götürüb. ARDNŞ layihədəki faizlərini digər şirkətlərlə paylaşacağını bəyan edib: "Əslində TANAP təkcə Neft Fondu tərəfindən də maliyyələşdirilə bilər. İstənilən halda bu layihə 40 il müddətinə gündəmdə olacaq".

Avropa Birliyinin ideyası olan Transxəzər
qaz kəməri layihəsi
nə dərəcədə realdır?

Transxəzər layihəsinin gerçəkləşmə ehtimalı barədə danışarkən İlham Şaban bildirib ki, bu layihə Tükmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutur: "Layihənin gerçəkləşib-gerçəkləşməyəcəyi danışıqların nəticəsi olacaq. Hələlik layihə olaraq qalır".
Yaxın gələcək ücün Azərbaycan təkcə mavi qazın tranziti deyil, həm də ixracatçısı ölkəsinə çevrilməkdədir. Mavi qazın ixrac həcmi, eləcə də qaz satışından Neft Fonduna daxilolmalar açıqlansa da, bəzi ölkələrə satılan mavi qazın qiyməti kommersiya sirri kimi qalmaqdadır. Bu məqama aydınlıq gətirən ekspertin bildirdiyinə görə, hazırda Azərbaycan Gürcüstan, Rusiya və Türkiyəyə mavi qaz ixrac edir: "Avropa ölkələri ilə alqı-satqı müqaviləsi imzalanmayıb. 2013-cü ildən bu istiqamətdə də sazişlər gözlənilir. Qazın ixrac qiymətləri kommersiya sirri hesab edildiyindən açıqlanmır. Orta qiymət deyə bilərik ki, 240 dolarıdr. Lakin bura "Şahdəniz" qazı daxil deyil. Türkiyə tərəfinin məlumatına görə, Azərbaycan öz qazını bu ölkəyə 300 dollara satır. Türkiyəyə satılan qaz Rusiya və İrana satılan qazdan 30 faiz ucuzdur. Azərbaycanın Rusiyaya satdığı qazın satış qiymətini normal hesab etmək olar. Baxmayaraq, Rusiya artıq Ermənistana satdığı qazın qiymətini 180 dollardan 280 dollara qaldırmaq istiqamətində danışıqlara başlayıb.
Məsələyə ancaq rəqəm baxımından yanaşmaq doğru deyil. Azərbaycan Gürcüstana ucuz qaz satsa da, bu ölkənin qaz paylayıcı şəbəkələrinə sahibdir. Yəni burada qarşılıqlı güzəştlər mövcuddur. Bütün hallarda regional baxımdan Azərbaycanın mavi qazın satış qiyməti ilə bağlı irəli sürdüyü rəqəm normaldır".

Neftin ucuzlaşması
nə vəd edir?

Son həftələrdə dünya birjalarında neftin qiymətinin düşməsi müşahidə edilir. Dövlət Neft Fondunun icraçı direktoru dövlət büdcəsinin neftin dünya bazar qiymətindən asılı olmadığını bəyan edib. Bu nə dərəcədə reallığa uyğundur?
Bu suala cavab olaraq, İlham Şaban deyib ki, dünyada neftin qiyməti hətta 60-70 dollar olarsa, cari il üçün büdcənin icrasında problem yaranmayacaq: "Lakin uzunmüddətli dövrdə neftin ixrac qiymətinin aşağı olması mənfi nəticələrə gətirib çıxara bilər. Hətta neftin qiyməti indikindən 2 dəfə aşağı olsa, 3 ilə fondun vəsaitləri tükənəcək. Misal üçün, cari ilin büdcəsinin xərc hissəsi 22,3 milyard dollar nəzərdə tutulub. Bu rəqəm neftin qiymətinin 100 dollar olacağı təqdirdə proqnozlaşdırılıb. 3 il neftin orta ixrac qiyməti 60 dollar olarsa və nəzərə alsaq ki, hər il Neft Fondundan büdcəyə 10 milyard manata yaxın vəsait transfer edilir, temp bu şəkildə davam etdiyi halda 3 ilə fonddan 30 milyard manat xərclənəcək. Onu da deyim ki, hazırda Neft Fondunun vəsaitləri 32,2 milyard dollardır".
Sənan Mirzə