"Akkord" Şirkətlər Qrupu müqavilə bağlayaraq iş gördürtdürdüyü şirkətə xidmət haqqını ödəməməkdə ittiham edilir.

Unikal.org xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən "Leqal Hüquq" MMC-nin direktoru Tahir Həsənov "Akkord"dan şikayətçi olduqlarını bildirib. T.Həsənov qeyd edib ki, 2012-ci il iyunun 1-dən rəhbərlik etdiyi şirkətlə "Akkord" Şirkətlər Qrupu arasında razılaşmaq müqaviləsi imzalanıb: "Müqaviləyə əsasən, biz Şəmkir rayonunda su kanalizasiya xətlərini çəkməyə başladıq. İşlədiyimiz 2 ay yarım müddət ərzində orada 193 min manatlıq iş gördük. Sonra "Akkord" MMC-nin rəhbərliyi dəyişdiyi üçün işi müvəqqəti saxladılar. Komissiya yaradıldı və işlər bir-bir təhvil verildi. Bütün bunlar 2013-cü ildə başa çatdı və hər bir şey sənədləşdirildi. Bizə də dedidlər ki, gedin, pulunuzu baş idarədən alın.

Biz müqavilə üzrə öhdəmizə götürdüyümüz işi görən zaman "Akkord"dan əlavə olaraq sifariş verildi ki, kanalizasiya quyularının qapağını da düzəldək. Biz də bir sex icarəyə götürdük və Şəmkir şəhərinin bütün kanalizasiya quyularının qapaqları şirkətimiz tərəfindən istehsal olunub təhvil verildi. Bu qapaqların verilməsi də qaimə ilə sənədləşdirilib və "Akkord" tərəfindən təsdiqlənib".

Şirkət rəhbəri ötən təxminən 3 il ərzində gördükləri işə görə "Akkord"dan xidmət haqlarını ala bilmədiklərini deyib: "Bizim kanalizasiya xətlərinin çəkilməsi üçün gördüyümüz işlərə görə xidmət haqqı və kanalizasiya qapaqlarının istehsalı üçün "Akkord " tərəfindən heç bir ödəniş edilməyib. Baş idarə 1 il ərzində bizə "bu gün-sabah verəcəyik" deyib pulumuzu vermədi. Sonra şirkətin Su-kanalizasiya idarəsinin rəisini işdən çıxartdılar, Bürhan adlı yeni rəis əvvəl pulu ödəyəcəyini desə də, sonra bizə dedi ki, "sən bilmirsən bu şirkət kimindi? Siz bizdən heç nə ala bilməyəcəksiz".

Biz də bundan sonra məhkəməyə müraciət etdik. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi bizim xeyrimizə qərar çıxartdı və qeyd olundu ki, pul ödənilməlidir. Lakin bu qərarda yalnız görülən işlərə görə xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdu. Biz də istehsal etdiyimiz kanalizasiya qapaqlarına görə də ödənişin edilməsi üçün apellyasiya şikayəti verdik. Orada isə hakimlər təsir nəticəsində aşağı instansiya məhkəməsinin qərarını ləğv etdi.

Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Guya ki, biz subpodrtaçı şirkət kimi başqa bir təşkilatın daxilində fəaliyyət göstərmişik və pulumuzu onlardan almalıyıq. Amma bütün sənədlərdə tərəf kimi "Leqal Hüquq" MMC və "Akkord" qeyd olunub.

"Akkord"un anbarından bizim şirkətə 1 milyon manata yaxın mal yazıb veriblər, həmin materiallar da istifadə olunub. Artıq qalanlar da geri qaytarılıb və hamısı mədaxil-məxaric qəbzlərində qeyd olunub. Biz indi plenuma, ardınca Konstitutsiya Məhkəməsinə, sonra isə Avropa Məhkəməsinə müraciət edəcəyik. Amma istəmirik ki, ölkə daxilində olan bir iş Avropaya çıxsın. Xahiş edirik, razılşamaya görə nəzərdə tutulan ödəniş yerinə yetirilsin ki, biz də fəhlələrin pulunu verə bilək. O fəhlələrin artıq hərəkət etməməsi üçün biz onların qarşısında dayanmışıq".

T.Həsənovun qeyd edilən işlərə dair "Qafqazinfo"ya təqdim etdiyi sənədləri yayımlayırıq.