18 Sentyabr 2019
Nazirlik İsgəndər Xəlilovun federasiyasına niyə pul ayırmır? - Bizə deyirlər sizə pul düşmür
Nazirlik İsgəndər Xəlilovun federasiyasına niyə pul ayırmır? - Bizə deyirlər sizə pul düşmür MÜSAHİBƏ 13:13 2017-09-09

Bir müddət əvvəl Xəlilovlar ailəsinə mənsub BƏM (Bakı Əyləncə Mərkəzi) və onun nəzdindəki Boulinq Federasiyasının söküləcəyi deyilirdi. Mərkəzin administratoru da mətbuata açıqlama vermişdi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla razılığa gələ bilmirlər.

İsgəndər Xəlilovun qardaşı Cavanşir Xəlilovun rəhbəri olduğu Federasiyanın sökülmə məsələsi, fəaliyyəti və maliyyəsi ilə bağlı Azərbaycan Bouling Federasiyasının baş katibi və məşqçisi Şəhriyar İsmayılov Unikal.org-a danışıb.

- Şəhriyar müəllim, federasiyanın da yerləşdiyi BƏM-in sökülməsi, Hacıbala Abutalıbovla problemin yaşanması deyilirdi. Bu fikirləriniz maraqlı olardı...

- Sökülmək məsələsi doğru deyil. Heç kimə açıqlama da verməmişdik. Admızdan yazılmışdı ki, guya baş administrator açıqlama verib. Bizdə baş administrator yoxdur. Direktor var, ondan sonrakı şəxs isə mənəm... Mən də heç kimə açıqlama verməmişəm. Sökülmə məsələsi yoxdur, işləməyə davam edirik. Yarışlarımıza da hazırlaşırıq.

- Peşəkar boulinq oyunçularımız varmı, yoxsa əyləncə xatirinə oynanılır?

- Bəli var. Oktyabrda Avropa çempionatı olacaq. Bizi orada bir nəfər təmsil edəcək.

- Bəs, qadın boulinq oyunçuları necə?

- Qadın boulinq oyunçuları təəssüflər olsun ki, azdır. Hazırda 2 nəfərdir

- Bu sahə ilə məşğul olan idmançılarımız niyə tanınmır?

- Əlimizdən gələni edirik, idmançımızı müəyyən səviyyəyə gətirib çıxarırıq. Amma ondan yuxarı getməyə maliyyəmiz çatmır. Daha böyük inkişafa gücümüz çatmır.

- Gənclər və İdman Nazirliyinə təqvim planı göndərmisiniz. Nazirliyin bildirdiyinə görə bu plana əsasən federasiyalara qatıldıqları yarışlar üçün maliyyə ayrılır. Sizə də maliyyə ayrılırmı?

- 2017-ci ilin təqvim planını vermişdik. 2018-ci ilin planını isə ilin sonunda təqdim edəcəyik. Amma bizə buna görə pul ayrılmır.

- Qurumun maliyyə məsələlərinə kim baxır? Boulinq oyunçularına maaş ödənilir?

- Federasiya prezidenti Cavanşir müəllimin özü maliyyələşdirir.Amma bizdə oyunçulara maaş ödənilmir. Sadəcə olaraq onlara məşq edə bilmələri üçün şərait yaradırıq. Bundan əlavə də turnirlərə qatılırlar. Bunların xərcini bizim federasiya rəhbəri özü çəkir.

- Nazirliyin sizə maddi və mənəvi tərəfdən heç bir köməkliyi dəymir?

- Avropaya yarışlara gedəndə səfirliyə sənədləri nazirlik təqdim edir. Çünki, hərdən viza almaq məsələsində çətinlik olur. Komanda şəkilində xarici ölkəyə gediriksə, nazirliyə bildiririk ki, bu məsələdə köməklik göstərin. O zaman yardım edirlər. 6-7 il əvvəl iki yarışa pul ayırmışdılar. Ondan sonra vermədilər.

- İsgəndər müllimin özü heç federasiyaya gəlib, maraqlanıb?

- Bəli. Köməklik də edib...

- Federasiyanın Xəlilovlardan alınıb SOCAR-a veriləcəyi də deyilirdi.

- Yox. Biz öz işimizlə məşğuluq. Gələn müştəriyə qulluq edirik.

- Dediniz ki, inkişaf etmək üçün maliyyəniz çatmır. Bəs, hazırda İsgəndər Xəlilov heç bir köməklik göstərmir?

- Kömək edib. 2012-ci ildə beynəlxalq turnir keçirərkən 8-9 ölkədən olan boulinq oyunçularını, müəyyən şəxsləri Bakıya dəvət etmişdik. Onların burada qəbulu, yerləşdirilməsində böyük köməkliyi dəyib. Onların hamısının qarşılanması üçün bizə maliyyə ayırmışdı.

- Nazirliyin pul ayırmamasının səbəbi nədir?

- Onu nazirlikdən soruşmaq lazımdır. Əgər, onlar cavabını bilmirsə, mən necə bilərəm?

Biz dəfələrlə müraciət etmişik. Dedilər, pul yoxdur.

Bildirdilər ki, sizin idman növü qeyri-olimpiyaya aid olduğuna görə maliyyə düşmür. 2002-ci ildə federasiya yaranıb, bu günə qədər davam edə bilmişiksə, şükürlər olsun.

- İsgəndər Xəlilovun özü şəxsən bu məsələ ilə bağlı nazirliyə, ya da hansısa aidiyyatı quruma müraciət etməyib?

- Biz İsgəndər Xəlilovu bu məsələnin içinə qatmırıq. Onun işi ayrı, bizimki ayrı... Qeyri-idman növü də olsa bizə federasiyaya GİN baxmalıdır, o da baxmır.

Düzdür, sənəd işlərində köməklik edirlər. Amma maliyyə məsələsində diqqət ayırmırlar.

- Hansısa məmurlar, nazirliklər və ya nüfuzlu digər şəxslər sizə maliyyə ayırıb, dəstək olur?

- 5-6 il əvvəl müəyyən şirkətlər var idi ki, köməklik edirdi. İndi o da yoxdur.

- Federasiya başqa hansısa nazirə və ya məmura verilə bilərmi? Ümumiyyətlə maraqlanan varmi?

-Xeyr. Cavanşir müəllim özü əziyyət çəkib bizi bu günə gətirib. İldə 1-2 idmançını beynəlxalq yarışa göndəririksə, bu özü bizim üçün böyük naliyyətdir.

Aygün İlqarqızı