Bakıda yeni universiteti kim açır?
Bakıda yeni universiteti
kim açır?
Təzə yaradılacaq ali məktəb haqqında təfərrüatlar "Unikal"da!

Azərbaycanda yeni universitet yaradılacaq. Bununla bağlı Təhsil Nazirliyinə müraciət də daxil olub.
Dünən bu barədə yayılan məlumata modern.az saytı Təhsil Nazirliyindən münasibət öyrənib. Nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev belə bir məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, nazirliyə belə müraciət daxil olmayıb: "Yeni yaradılan yeganə təhsil müəssisəsi Bakı Ali Neft Məktəbidir. Bu məktəbə lisenziyası da verilib və sentyabr ayından orada dərslər başlanacaq".
Mövzu ilə bağlı "Unikal" da müəyyən araşdırmalar aparıb və məlum olub ki, ortaya atılan iddia həqiqəti əks etdir. Artıq yeni yaradılacaq universitet üçün bina və yardımçı binanın inşasına başlandığını da öyrənmişik. Qəzetimizin əldə etdiyi bilgilərdə yeni ali təhsil müəssisəsinin Bakının Binəqədi rayonu ərazisində yerləşəcəyi deyilir. Elə universitet üçün binanın paytaxt rayonunun Sulutəpə qəsəbəsi ərazisində inşası da dediklərimizə sübutdur.
Redaksiyamıza daxil olan məlumatlarda yeni ali məktəbin özəl olacağı da deyilir. Onu hökumətdəki iri məmurlardan birinin də himayə edəcəyi gələn məlumatlar arasındadır. Bütün səylərimizə rəğmən həmin məmurun kimliyini öyrənmək mümkün olmadı.
Ülviyyə Qasımlı