Ermənistanda yırtıcının vəhşi kapitalizmi
Ermənistanda yırtıcının vəhşi kapitalizmi

Sərkisyan işğalçı ölkə iqtisadiyyatının özünün və yaxınlarının əlində necə cəmləşdirdi?

Dünyanın istənilən ölkəsində kapitalın ilkin yığımı qanunların pozulması və kriminal ilə müşahildə olunur. Həmin bəla ABŞ təki inkişaf etmiş ölkədən yan keçməyib. Məsələn, "quru qanun" zamanı butlegerliklə məşğul olan minlərlə amerikalı cinayətkar milyonçulara çevrildilər, 1930-1940-cı illərdə kapitallarını leqallaşdırdılar, qanunlara riayət edən vətəndaşlar və nümunəvi vergi ödəyənlər oldular.

Birləşmiş Ştatların hakimiyyəti anlamışdı ki, hətta qanunsuz yollarla əldə olunmuş kapitalın, sərvət və varidatın yenidən paylanması ən yaxşı halda ölkədə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Belə vəziyyətin daha pis inkişaf variantı isə cinayətkarlığın artması, mütəşəkkil cinayətkar dəstələrin daha da qəddarlaşaraq çoxalması və varlanmağa can atan yoxsulların varlılara çevriləndən sonra başqa yoxsullara divan tutması ilə nəticələnər. Pulların bölüşdürülməsi qan gölü də yaradar.
Ona görə amerikalı senator və konqresmenlər xeyli düşünəndən sonra anladılar ki, dünənki alverçi, fırıldaqçı, killer, qaçaqmalçıların pullarının leqallaşdırılması, sonra da vergilər və sərmayələr vasitəsilə büdcəyə qaytarılması daha məqbul yoldur. Bu yol hamı üçün sərfəlidir.
Varlılar pullarını qoruyurlar, dövlət yeni vergilər və investisiyalar vasitəsilə büdcə gəlirlərini artırır, adi vətəndaşlar isə yeni iş yerləri və çalışmaq imkanlarından bəhrələnirlər. Yəni xalq dolayı yolla olsa da, istəyinə çatır.
Ermənistan dövlət müstəqilliyi əldə edəndən sonra ölkədə kapitalın ilkin yığımı sırf kriminal idi. Özü də Ermənistanda kapitalı 1991-ci ildən sonra yox, 1990-cı illərin əvvəllərində, sabiq Sovetlər Birliyi dönəmlərində yığmağa başlamışdılar. 1980-ci illərin sonlarında sex sahibləri və alverçilərin çoxlu pulları vardı ki, təbii, həmin vəsaitlə imkanlar qanunsuz yollarla əldə olunmuşdu. Di gəl, Sovetlər Birliyi totalitar sistem olduğundan bütün SSRİ vətəndaşları kimi, ermənilərin də varlıları və milyonçuları pullarını açıq-aşkar xərcləyə, harasa yatıra bilmirdilər. Həmin dönəmdə məhz o adamlar Ermənistanın iqtisadi elitası, "oliqarx"ları idi. İri kapital da o adamların əllərində idi.
Vaxt keçirdi və Ermənistan dövlət müstəqilliyini alandan sonra həmin kapital sahibləri ilə bağlı ölkənin hakimiyyət dairələri konkret addımlar atmalıydı. Yerevandakı iqtidar, yəni o vaxtkı prezident Levon Ter-Petrosyan ya ABŞ-ın yolu ilə gedərək pullulara öz pullarını leqallaşdırmağa imkan verməli, ya da mülkiyyətin yenidən bölüşdürülməsinə başlamalı idi.
Əvvəl Levon Ter-Petrosyan, sonra da Robert Köçəryan konkret addım atmaqdan çəkinirdilər. Onlar anlayırdılar ki, əhalisinin tam əksəriyyəti ifrat yoxsulluqda olan ölkənin vətəndaşları pulluların pullarının əllərində qalmasına, üstəlik də həmin varidatın rəsmən tanınmasına sakit baxmayacaq. Eyni zamanda, varlıların pullarının əllərindən alınmasına göstərilən istənilən cəhd ölkənin altını üstünə çevirə bilərdi.
Serj Sarkisyan isə intellektual baxımdan sələflərindən çox geri qaldığından ikinci yolu - varlıların pullarının alınıb yoxsullar arasında bölüşdürülməsi prosesinə üstünlük verdi. O, mülkiyyəti yenidən bölməyə başladı. Təbii ki, sabiq çilingər, ömrünün əksər hissəsini yoxsulluqda keçirmiş Sarkisyanın əsas hədəfi "oliqarx"lar oldu. Vaxt keçdi, Sarkisyanın ideoloji maşını ölkədəki bütün bəlaların başlıca səbəbkarlarının məhz oliqarxlar olması barədə cəmiyyətdə fikir formalaşdırmağa çalışdı.
Sarkisyan iqtidarı hüquq-mühafizə orqanlarını quldurlar yığnağı, məhkəmələri isə məzhəkələrə çevirərək azad və sərbəst bizneslə məşğul olmaq, ədalətli rəqabətdə fəaliyyət göstərmək arzusunda olanların dizlərini yerə qoydu. Ermənistanda kiçik və orta sahibkarlıq məmur korrupsiyası ilə ucdantutma qanunsuzluq, başıpozuqluq presi altında boğulmağa başladı.
Beləcə, Sarkisyan bütün ölkə iqtisadiyyatının bir neçə inhisarın nəzarətinə keçməsinə nail oldu. O inhisarların istisnasız olaraq hamısı Serj Sarkisyan və onun ailəsinin nəzarətində olduğundan iqtisadiyyatın bir neçə kiçik seqmenti istisna olmaqla, yerdə qalan bütün sektorlar Rusiyaya satıldı.
Təbii ki, Rusiya şirkətləri Ermənistanda birgə müəssisələr yaratmağa vadar edildilər və yerli tərəfdaşlar da Sarkisyan iqtidarının mənsublarının nəzarətindəki qurumlar olduğundan Yerevandakı hakimiyyət xalqın malını sataraq daha da varlandı, məmurlar və oliqarxlar pullarını artırdılar. Belə "siyasət" isə Ermənistanda varlılarla yoxsullar arasındakı yaşam səviyyəsi uçurumunu artırdı, kasıbları səfillik həddinə çatdırdı.
İnsan övladını yedirməyə pul tapmayanda ölkənin iqtisadi inkişafı barədə düşünmür. O, varlılara nifrət edir. Həmin səfil insan ədalət axtarışlarına çıxaraq dövlətə üz tutur, qəddar oliqarxların və yaramaz varlıların cəzalandırılmasını tələb edir. Onun tələbləri qarətçiləri qarət etmək istəyidir. Serj Sarkisyan da məhz bunu istəyir, vətəndaşların əksər hissəsinin lümpen çıxışlarla ortaya düşmələrinə çalışır.
Ermə nilərin çoxu düşünür ki, yaramaz oliqarxlar cəzalanarlarsa, xalq istədiyini alacaq. Halbuki qarətçilərin qarət olunması və varlıların pullarının əllərindən alınaraq yoxsullar arasında paylanması varidatın bir cibdən başqa ciblərə axmasıdır, vəssalam. O pullar da övladını yedirməyə para tapmayanın cibinə gedəsi deyil.
Əmlak və varidatın belə bölüşdürülməsi yoluna əl atmaq fikrinə düşən dövlət yalnız Fars Körfəzi ölkələrindən biridirsə, ya da Şimali Koreyadırsa - ayaq üstə dura bilər. Çünki diktatura rejimli ölkələrdə bir neçə milyonçunun səfil kökünə salınıb onun pullarının yoxsullar arasında guya bölüşdürülməsi şoularını təşkil etmək və hətta insanların bir qismini də buna inandırmaq olar.
Lakin Ermənistan kimi yarıdiktatura, yarıfeodal ölkədə varlılara divan tutulması asan iş deyil. Çünki o varlılar hakimiyyətin bel sütununu təşkil edirlər və harınlaşmış oliqarxların birinin, ya da bir neçəsinin ovlanması Sarkisyan iqtidarının məhvinə səbəb ola bilər. Üstəlik, Ermənistan borc içində batan dövlət olduğundan belə əməliyyat ermənilərin dövlətçiliyinə son qoyar.
Serj Sarkisyan da illeqal pulların leqallaşdırılması təki yolla getməkdən imtina edərək pulları kimsəyə vermək istəmir. Tarix göstərir ki, buna nail olmaq çətindir. Hər halda Ermənistandakı hakimiyyət Misir və ya Tunislə müqayisədə daha möhkəm, daha çox mərkəzləşdirilmiş deyil: Mübarək və Ben Əlinin harada olduqları isə bəlli...
Ermənistan kimi dövlətlərdə hakimiyyət nə qədər sarsaq olsa da, axırda qismən ağıllanır və xalqın səbr kasasını daşdıracaq son damlanın sinir kasasına düşməsinə yol vermir, ya da elə həmin xalq məşəl və daşlara əl ataraq iqtidarın yolunu azmış mənsublarının evlərini viran qoyur.
Serj Sarkisyan hələ ki, özünə və iqtidarına güvənir. Amma o, başının üstündən asılmış qəzəb baltasının yellənməsini duymaq istəmir.
Baltanın hərəkəti günbəgün sürətlənir.
Novruz Sultanov