Sabirabadın icra başçısından narazılıq pik həddə
Sabirabadın icra başçısından narazılıq pik həddə

Nazim İsmayılov üç kəndin yüzdən artıq şikayətçisini qovub

Dünən saat 11 radələrində Kür daşqınlarından əziyyət çəkən Sabirabad rayonunun Bala Həşimxanlı, Qasımbəyli və Yuxarı Axtaçı kəndlərinin 100-dən çox sakini Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısına yığışaraq aksiya keçiriblər. Bu barədə yerli sakinlər məlumat verib.

"Unikal"ın araşdırması nəticəsində isə məlum olub ki, sakinlərin etiraz aksiyasına daşqına görə dövlət tərəfindən onlara verilməli olan kompensasiyaların ədalətsiz bölgüsü səbəb olub. Qeyd edək ki, bu problem Sabirabadda artıq iki ilə yaxındır mövcuddur və rayonda narazılıqların əsasını təşkil edir.
Sakinlərin bildirdiyinə görə isə, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov onları qəbul edib, şikayətlərini dinləmək əvəzinə, onları qəbul etməkdən imtina edərək kobud davranıb və sakinləri oradan qovub.
Sakinlər deyiblər ki, 1993-94 cü illərdə Haramı düzündə ermənilərlə döyüşdə döş qəfəsindən güllə yarası alan Bala Həşimxanlı kənd sakini Rafael Murad oğlu Pənciyev hələ də ikiotaqlı, çiyi kərpicdən tikilmiş və qəzalı vəziyyətdə olan evdə ailəsi ilə qorxu içində yaşamasına baxmayaraq ona heç bir diqqət yoxdur. Onun qardaşı Nəsimi Pənciyevin də eyni vəziyyətdə yaşadığı bildirilir: "Azacıq imkanı olan kənd sakinləri rüşvət verərək istədikləri kompensasiyanı alır və ev tikdirirlər. Amma Pənciyevlərin imkanı olmadığından rüşvət verə bilmirlər və bu səbəbdən də onlara heç bir yardım edilmir", -deyə sakinlər bildirib.
Sabirabad Rayon İcra Hakimiyyətinin müavini Ümid Həsənov isə dünən "Azadlıq" radiosuna acıqlamasında icra hakimiyyəti qarşısında aksiya keçirlməsini təkzib edib: "Bu gün qəbul günüdür vətəndaşlar gəlir və gəlməlidir, nə olar ki, gələndə. Ayrı-ayrı kəndlərdən həmişə olduğu kimi hərə bir problemlə bağlı gəlir".
Daşqından zərərçəkənlərə verilən cavaba gəldikdə Ümid Həsənov deyir ki, bu işə onlar baxmırlar, ona görə də nə isə deməyə çətinlik çəkirlər. Maraqlıdır ki, Nazim İsmayılovun müavinin aksiya keçirilməsi haqqında və aksiya iştirakçılarının icra başçısı tərəfindən qovulması barədə deyilənləri təkzib etməsinə rəğmən dünən günün sonlarında istər sosial şəbəkələrdə, istərsə də, bəzi internet sitələrində də baş verənlərin doğruluğunu təsdiq edən xəbərlər yayılıb.
Bu isə o deməkdir ki, od olmayan yerdən tüstü çıxmaz və dolaşan məlumatlar heç də əsassız, havadan deyil.
Onu da deyək ki, 2010-cu ilin yazında Kür və Araz çaylarında daşqınlar baş verib. Xeyli yaşayış məntəqələri daşqınlardan zərər çəkib, min hektarlarla əkin və otlaq sahələri su altında qalıb. Daşqının vurduğu zərərin aradan qaldırılmasına dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılıb.
Amma daşqından zərərçəkən bəzi sakinlər hələ də onlara çatacaq kompensasiyaları hələ də ala bilmədiklərini deyirlər.
Murad Can