ATƏT-dən müəammalı mövqe

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda demokratiyanın təşkilinin vacibliyini başa düşür

Dağlıq Qarabağda keçirilən "seçkilər" sona çatdı və Bako Saakyan yenidən "prezident" oldu. Amma məsələnin maraqlı tərəfi başqa detaldadır. Belə ki, əksər beynəlxalq təşkilatlar ilk dəfə idi ki, yekdil mövqe nümayiş etdirərək seçkilərin nəticələrini tanımadılar. Amma bu bəyanatlardan ikisinə xüsusi diqqət ayırmaq vacibdir. Söhbət NATO ilə ATƏT Minsq qrupunun verdiyi bəyanatlardan gedir. Öncəliklə NATO-un bəyanatına diqqət yetirək ."NATO da Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır".

Bu fikirləri açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay verib.
O bildirib ki, bu cür "seçkilərin" keçirilməsi nizamlanma prosesinə maneçilik törədir: "Belə seçkilərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir".Bəyanatdan da göründüyü kimi bu qurum konkret mövqe sərgiləyib və verilən bəyanatların sırasında ən sərti hesab oluna bilər. Ekspertlər hesab eir ki, əslində bunun da iki səbəbi var. İlk növbədə ona görə ki, NATO-da Türkiyədə təmsil olunur və Türkiyənin məsələyə yanaşması məlumdur. Digər tərəfdən NATO belə mövqe sərgiləməklə növbəti dəfə Azərbaycana dostluq mesajı göndərir. Çünki son zamanlar Azərbaycanla NATO arasında bir sərinlik yaranmışdı və Azərbaycan hətta bu qurumla bəzi layihələrdə əməkdaşlığını dayandırdı. Bir neçə ay öncə isə bu gərginlik kifayət qədər yumşalıd və bir neçə tədbirdə keçirildi. Analitiklər hesab edir ki, bu gün NATO-ya Azərbaycanla əməkdaşlıq etmək çox vacibdir.Qeyd edək ki, hazırda regionda yalnız Gürcüstan NATO ilə sıx əməkdaşlıq edir və bu həm də təhlükəli mühit yaradır. Çünki hazırda Rusiya bu əməkdaşlığa qarşı sərt mövqe sərgiləyir və Gürcüstanın təklənməsi prosesi gedir. Amma Azərbaycanda bu prosesə qatılarsa vəziyyət NATO-un xeyrinə dəyişə bilər. Hətta artıq belə fikirlərdə səsləndirilir ki, NATO ATƏT-in Minsk qrupunu əvəzləyə bilər. Bildirilir ki, belə olarsa Türkiyənin də problemə müdaxiləsi artacaq. Amma hələ ki, bu nəzəri fikrin reallaşması mümkünsüz görünür. Buna baxmayaraq NATO dəfələrlə Azərbaycana yanaşmada bir müttəfiqlik mövqeyi sərgiləyir. Dağlıq Qarabağda keçirilən "seçkilər"lə bağlı digər maraqlı bəyanat isə ATƏT-in Minsk qrupundan gəldi. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri" ilə bağlı bəyanatla çıxış ediblər.
"Həmsədrlər Qarabağın faktiki hakimiyyətinin bu cür prosedurun köməyi ilə öz əhalisinin ictimai həyatını demokratik şəkildə təşkil etmək tələbatını başa düşürlər. Lakin hər üç həmsədr ölkə və digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır", - bəyanatda deyilir.
Həmsədrlər qeyd edirlər ki, iyulun 19-dakı prosedur heç bir halda Dağlıq Qarabağın hüquqi statusunu və ya münaqişənin dinc yolla nizamlanması ilə bağlı davam edən danışıqların yekunlarını əvvəlcədən müəyyən etmir.
Bu bəyanatda diqqəti cəlb edən nədir? Gördüyünüz kimi qeyd olunur:-" Həmsədrlər Qarabağın faktiki hakimiyyətinin bu cür prosedurun köməyi ilə öz əhalisinin ictimai həyatını demokratik şəkildə təşkil etmək tələbatını başa düşürlər". Qeyd edək ki, son iki il ərzində Ermənistan Qarabağla bağlı maraqlı bir siyasət həyata keçirir. İstər Ermənistan, istərsə də erməni lobbisi dünyada belə bir fikir formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ erməniləri həm də ona görə müstəqlillik istəyir ki, Azərbaycanda avtoritar rejim hökm sürür. Bu səbəbdən də Dağlıq Qarabağda vaxtaşırı belə seçkilər keçirtməklə demokratik bir cəmiyyət yaratdıqlarını nümayış etdirirlər. Ekspertlər hesab edir ki, ATƏT-in Minsk qrupunun bəyanatında da buna bir işarə var və bu səbəbdən dərhal məsələyə reaksiya verilməlidir. Çünki problemin həllinə məsul olan bir qrum konkret mövqe sərgiləmək əvəzinə bildirir ki, demokratik cəmiyyət yaratma meylini başa düşürlər. Bu həm də o deməkdir ki, Dağlıq Qarabağ separatçılarını işğalçı olaraq tanımırlar. Yoxsa işğalçı bir güc demokratik təhsisatları necə formalaşdıra bilər?
Mehdi Əli