Artur Rəsizadə məsələsində sensasion gəlişmə
Artur Rəsizadə məsələsində sensasion gəlişmə

Hökumət başçısı Azərbaycana gələn iki baş nazirlə görüşə bilmədi, Nazirlər Kabinetinə yeni rəhbər təyinatı qaçılmaza çevrildi, gözlər sentyabrda!

"Bu günlərdə Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəldi. Protokol qaydalarına görə, onu hava limanında Azərbaycan hökumətinin rəhbəri Artur Rəsizadə qarşılamalı olsa da, baş naziri onun birinci müavini Yaqub Eyyubov əvəz etdi. İqor Lukşiç Bakıda yüksək səviyyəli bir neçə görüş keçirsə də, o, Rəsizadənin qəbulunda olmadı". Bunu "Unikal"ın əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbə deyir ki, bu məqamın mətbuatın diqqətindən yayınması maraq doğurmaya bilməz. Çünki bu, son bir həftədə ilk fakt deyildi. Belə ki, Monteneqronun baş nazirinin Bakıya gəlişindən bir gün əvvəl də Gürcüstanın Baş naziri İvane Merabişvili Azərbaycanda səfərdə olmuşdu. Həmin vax Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yaydı ki, bu İ.Merabişvilinin Baş nazir kimi Azərbaycana ilk işgüzar səfəridir. "Deməli, ən azı qonşu ölkənin yeni hökumət başçısı ilə tanışlıq məqsədi ilə Artur Rəsizadə Gürcüstanın Baş naziri ilə görşməli idi. Amma Merabişivili Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşdü".
Mənbəmiz hesab edir ki, bu iki nüans Artur Rəsizadənin səhhətindəki problemlər yenidən baş qaldırdığını və onun artıq işə çıxa bilmədiyini göstərir. "Rəsizadənin səhhətinin onun vəzifəsini yerinə yetirməyə imkan vermədiyi barədə məlumatlar yeni deyil. Amma bu barədə indiyədək heç bir rəsmi münasibət bildirilməyib. Hesab etmək olar ki, bir neçə gün içində Azərbaycana rəsmi səfərə gələn iki baş nazirlə görüşməməsi, daha doğrusu, görüşə bilməməsi hökumət rəhbərimizin sağlıq durumundakı problemlərin həqiqətən də ciddi olmasından və onun işə çıxa bilməməsindən xəbər verir" deyə mənbəmiz bildirib.
"Unikal" olaraq xatırladaq ki, Artur Rəsizadənin səhhətində yaranan problemlərin onun görəvini yerinə yetirməyə mane olması barədə təxminən 2009-cu ildən məlumatlar var. Onun bu müddətdə bir neçə dəfə sağlamlığını əsas göstərərək işdən azad olunmasını istədiyi, bir neçə dəfə isə (daha da dəqiqləşdirsək, ən azı 4 dəfə!) öz istəyi ilə istefa ərizəsi yazdığı da gələn bilgilər arasındadır.
Amma Nazirlər Kabinetinin rəhbərinin bu istəkləri həmişə mənfi cavablandırılıb. Buna səbəb isə ölkənin ikinci şəxsi postuna təyinat uğrunda hakimiyyət kulislərində illərdən bəridir gərgin mübarizə getməsi və baş nazirlik vəzifəsinə razılaşdırılmış, iqtidariçi bütün güc mərkəzlərinin birmənalı qəbul etdiyi şəxsin tapılmamasıdır. Belədə isə Artur Rəsizadənin istənilən şərtlər altında görəvinə davam etməsi məqsədəuyğun sayılıb və ona bununla bağlı müəyyən "güzəştlər" də edilib. Rəsizadə il ərzində bir neçə dəfə ki, işə çıxmır, müalicəsi ilə məşğul olur. Səhhətinin daha kritik dönəmlərində isə Rəsizadənin daha uzun müddətə işə çıxmamaq kimi bir "imtiyaz"ı var.
Hazırda da onun işə çıxa bilmədiyini, müalicə edildiyini deyən və bunu kifayət qədər ağlabatan formada əsaslandıran mənbəmizin sözlərini Nazirlər Kabinetinə yaxın qaynaqlarla dəqiqləşdirməyə çalışdıq. Məlum oldu ki, deyilənlər doğrudur. Belə ki, Artur Rəsizadə təxminən 10-12 gündür hökumət binasında görünməyib. Onun müalicə məqsədi ilə işə çıxmadığı bildirilir. Hökumət qaynaqlarından "ola bilərmi ki, baş nazir illik məzuniyyət haqqından istifadə etsin" sualına belə cavab aldıq: "Hansısa ölkənin hökumət rəhbərinin Azərbaycana səfəri əvvəlcədən proqnozlaşdırılır. Mümkün deyil ki, iki ölkə baş nazirinin Bakıya gəlişi məlum ola-ola Rəsizadə məzuniyyət haqqından istifadə etsin. Digər tərəfdən Artur müəllimin səhhəti elədir ki, bu, artıq məzuniyyət haqqına baxmır. O il ərzində bir neçə dəfə 10-15, bəzən hətta bir aylığa işə çıxa bilmir".
Rəsizadə ilə bağlı yeni məlumatı daha ilginc edən isə odur ki, artıq baş nazirin səlahiyyətlərinin onun birinci müavininə keçməsi rəsmiləşdirilib. Hökumət rəhbərinin payızadək işə çıxmayacağının qətiləşdiyi iddia edilən məlumatlarda artıq yeni baş nazirin müəyyənləşdirilməsinin qaçılmaza çevrildiyi vurğulanır. Bundan əvvəl belə iddialar vardı ki, ölkə rəhbərliyi Rəsizadə ilə yola 2013-cü ilə qədər davam etmək və həmin il keçiriləcək prezident seçkilərində hakimiyyət namizədinin qələbəsi təmin ediləcəyi təqdirdə yeni formalaşdırılacaq Nazirlər Kabinetinə yeni rəhbər təyinatı gerçəkləşdirmək fikrindədir. Bununla əhəmiyyətli vaxt qazanmaq və həmin vaxt içində Rəsizadənin "varis"ini müəyyənləşdirmək olar.
Amma artıq Artur müəllimin səhhətində problemlər o qədər ciddiləşib ki, 2013-ün payızınadək onun vəzifələrini yerinə yetirməsi tamamilə mümkünsüz görünür. Odur ki, uzağı sentyabrda Azərbaycanın yeni baş nazirinin müəyyənləşməsi qaçılmaza çevrilib. Hazırda hökumət kulislərində bununla bağlı geniş və həlledici müzakirələrin başlandığı da gələn məlumatlar arasındadır.
Xatırladaq ki, Artur Rəsizadə şəkər xəstəliyindən əziyyət çəkir, son iki ildə isə xəstəliyin təsiri altında baş nazirin gözləri tam zəifləyib. Hətta bəzi KİV-lərdə artıq illərdən bəridir əziyyət çəkdiyi xəstəlik səbəbindən hökumət başçısının digər orqanlarında da fəsadlar əmələ gəldiyinə dair iddialar səsləndirilir.

Azər Aslan