Unikal.org xəbər verir ki, ANS-in Gürcüstan bürosunun əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş helikopterdə şəhid olan mayor Təbriz Musazadənin ata yurdunda olublar.
Bütün kənd camaatı 4 günlük müharibədə şəhid olanların hamısını anmaq üçün, sanki, bu evə yığışır... 

Qarabağ müharibəsində 2 şəhid verən Yaqublu kəndinin üçüncü şəhidi Təbriz Musazadə oldu. Bu evdə dünyaya göz açan Təbriz 4-cü sinfi bitirənə qədər Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alır.

Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirir, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alır. Mayor rütbəsinədək yüksələn hərbçi 35 yaşında ikən qəhrəmancasına həlak oldu.

"Çox cəsur uşaq idi, körpəlikdə də elə idi. Vətən uğrunda Təbriz canından keçdi, torpağlarımız uğrunda döyüşdü. Həmişə bizdən ötəri o, ürəyimizdə yaşayacaq", - Şəhidin qohumu Şahzadə Musayeva bildirdi.

"Qarabağ haqqında o, çox düşünürdü. Elə niyyətinə çatdı, zabit oldu və Qarabağın azadlığı uğrunda gedən mübarizədə həlak oldu", - Şəhidin müəllimi Ənvər Süleymanov dedi.

Həyatının ilk 10 ilini yaşadığı, hər il məzuniyyətini keçirdiyi bu kənd, bu ev bu gün Təbrizin qohumlarının ziyarət yerinə çevrilib. İki oğlan övladı olan Təbriz Musazadənin övladları da atasının yolunu davam etdirmək istəyirlər.