Elman Rüstəmov daha bir bankı bitirdi
Elman Rüstəmov daha bir bankı bitirdi

"Royal-bank"dan sonra təhlükə zəngi kimin üçün çalınır?

Azərbaycan Mərkəzi Bankı (AMB) "Royal Bank" ASC-nin lisenziyasının qüvvəsini dayandırıb. Bankın İdarə Heyətinin sədri Azər Şahmərdanov bildirib ki, lisenziyanın dayandırılması müvəqqəti xarakter daşıyır: "Yəqin ki, yaxın vaxtlarda lisenziya bərpa oluna bilər. Bu istiqamətdə Mərkəzi Bankla danışıqlar aparılır".

Qeyd edək ki, AMB-dən bankın lisenziyasının dayandırılması faktını təsdiq ediblər. Amma əlavə heç bir məlumat verməyiblər. Maraqlıdır ki, bir müddət əvvəl Elman Rüstəmov jurnalistlərə açıqlamasında Azərbaycanda hələlik heç bir bankın fəaliyyətinin dayandırılmasının gözlənilmədiyini bildirmişdi. Amma indi "Royal Bank"ın lisenziyana "qırmızı işıq" yandırılması şübhələr yaratmaya bilməzdi.
Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan "Royal Bank" ASC 1993-cü ildə Azərbaycanda "OZ Bank" kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı var.
Dünən günün sonunda "Unikal"a məlumatlar gəlməyə başlayıb ki, hazırda bankda ciddi yoxlamalar gedir. Adıçəkilən bank vasitəsilə məvacib alanların belə pullarını götürə bilmədikləri deyilirdi. Bildirilirdi ki, bir neçə gün imiş ATM-lərdə pul yox imiş, dünəndən isə pul çıxarmaq istəyənlərlə bank arasında əlaqə yaradılması ümumiyyətilə, mümkün olmayıb.
"Royal Bank"ın adını açıqlanmasını istəməyən bir əməkdaşına istinadən isə facebook sosial şəbəkəsi istifadəçiləri belə məlumatlar yayıblar ki, bankının fəaliyyətinin dondurulması son vaxtlar İranla güclənən ixtilaf səbəbindən başi verə bilərdi. Çünki bankın iri səhmdarları arasında İranın iş adamları var. "Royal Bank" "Baku elektroniks"in mallarının kreditini aparır.
Üstəlik bankın adı WikiLeaks-ın açıqladığı məxfi diplomatik yazışmalarda da hallandırılmışdı. "Unikal" olaraq xatırladaq ki, WikiLeaks-ın sənədlərində bildirilirdi ki, 2009-cu il martın 6-da isə ABŞ səfiri Enn Dersin (imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir: "Məlumatda Bank Melli İranla yanaşı Bank of Baku, Royal Bank və Xalq Bankın adı çəkilir".
Proseslərin indiki istiqamətdə inkişafından isə belə qərara gəlmək olar ki, həmin yazışmalarda adı keçən və İranın biznes çevrələrinə bağlılığına dair yüksək səviyyələrdə informaların dolaşdığı digər iki bank da - "Bank of Baku" və "Xalq Bank" da "Royal Bank"ın aqibətini yaşaya bilər.
Bəzi ehtimallara görə, Mərkəzi Bankın sədri Elmar Rüstəmovun da kommersiya banklarının sayı ilə bağlı narahatlıqları var və o mümkün qədər belə bankların az olmasına çalışır. İki il əvvəl belə bankların sayı 48 idisə, artıq bu rəqəm tədricən 40-a enməkdədir. Bu isə Rüstəmova məxsus olan ən azı iki kommersiya bankı üçün daha geniş imkanların yaradılmasına hesablanıb. Hər halda bəzi qaynaqların iddialarında bu fikir ifadə olunur.
Murad Can