Vəkil “Texnikabank”ın Yasamal filialının həbsdə olan müdir müavini ilə görüşüb
Vəkil “Texnikabank”ın
Yasamal filialının həbsdə olan müdir müavini ilə görüşüb

Vəkil Əsabəli Mustafayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında “Texnikabank”ın Yasamal filialının həbsdə olan müdir müavini Elnur Seyidovla görüşüb. Bu barədə Ə. Mustafayev özü məlumat verib.
O bildirib ki, E. Seyidovla bağlı başlanmış cinayət işinin istintaqını aparan müstəntiqin dəvəti ilə o, bu gün MTN-də olub. Ona həmin iş üzrə təqsirləndirilən və bir müddət əvvəl barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılan İlham Bahadurovla bağlı tibbi ekspertizanın rəyi açıqlanıb. Ekspert rəyinə görə, İ. Bahadurovun ürəyində ciddi problemlər aşkar edilib və məhz bu səbəbdən də onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib.
Ə. Mustafayev həmçinin qeyd edib ki, E. Seyidovun da səhhətində problemlər var: “Biz ümid edirik ki, belə bir humanist addım Elnur Seyidovla bağlı da atılacaq”.
Qeyd edək ki, E. Seyidov martın 27-də saxlanılıb. Martın 29-da onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178. 3.1 və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunur.Onu da qeyd edək ki, E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.