Şimali Koreya diktatoru ilə bağlı dünyanı düşündürən sual
Şimali Koreya diktatoru ilə bağlı dünyanı düşündürən sual

Bu ölkənin telekanalındakı iki süjet aranı qarışdırıb, Kim Çen İnin sevgilisi kimdir?

Koreya Xalq Demokratik Respublikasının rəhbəri, çuçxe inqilabi ideyasının dahi ardıcılı, partiyanın və xalqın dahi rəhbəri Kim Çen İn cəmiyyət arasına naməlum, gənc (və kifayət qədər gözəl) xanımla çıxır. Əvvəlcə Cənubi Koreya, sonra isə dünya mətbuatı bu xanımın kim olduğunu tapmağa çalışdı. Ən məşhur versiyalar isə bunlardır - rəhbərin kiçik bacısı Kim Yö Çen, onun xanımı, adını bilmirik və çox güman da heç vaxt bilməyəcəyik və ya müğənni Xyön Son Vol (təxmin edilir ki, liderin keçmiş sevgilisidir, amma indiki də ola bilər).

Şimali Koreyanın dövlət kanalı (ölkədə başqa kanal onsuz da yoxdur) 7-8 iyulda iki şübhəli sujet göstərdi (lenta.ru). Birincisində, 6 iyulda yeni qrup "Moranbon"un çıxışına Kim Çen İn gənc xanımla gəlir. Qadın rəhbərin sağında əyləşir və onunla stulun qoltuğunu bölüşür. Rəhbərin atasının həmyaşıdları olan, əsasən hərbçilərdən və siyasi xadimlərdən ibarət digər dəstəsi (konsertdə məsələn, Əmək Partiyasının baş katibi Kim Yön Nam və vitse-marşal Li Yön Xo da iştirak edirdilər) ədəblə əllərini dizlərinin üstünə qoymuşdular. "Moranbon" qrupunun çıxışı əslində əvvəlcə jurnalistlərin diqqətini heç də naməlum xanıma görə cəlb etməmişdi, konsertdə "The Walt Disney Company"nin icazəsi olmadan "Disney" personajları Kim Çen İn üçün rəqs edirdilər.

Yenə müəmmalı qadın

İkinci tədbirdə, Şimali Koreyanın müasir formasının qurucusu və rəhbərin babası Kim İs Senin ölümünün 18-ci ildönümündə də Kim Çen İn yenidən həmin xanımla görünür. O, yenə də rəhbərin sağında dayanır və dahi Kimə baş əyir.
Əlbəttə ki, ilk olaraq xanımın statusu və şəxsiyyəti barədə məsələni Cənubi Koreya mətbuatı qaldırır. Ən darıxdırıcı və həqiqətə uyğun olmayan fərziyyə də elə onlardan gəlir. Seul deyir ki, çox güman Şimali Koreyanın rəhbərinin yanında oturan xanım tədbirlərin keçirilməsi ilə bağlı məsul şəxsdir və rəhbərin ailəsinə heç bir aidiyyatı yoxdur. Koreyanın Birləşməsi üzrə Nazirlik və kəşfiyyat isə rəsmi olaraq xanımın kimliyi barədə heç bir şərh vermir.

Digər təxminlər daha
inandırıcı və maraqlıdır

Cənubi Koreya qəzeti "Çoson ilbo" Şimali Koreya üzrə ekspertlərə istinad edərək yazır ki, qadın deyəsən liderin kiçik bacısı Kim Yö Çendir. Kim Yö Çen haqqında çox az şey məlumdur. O, 1987-ci ildə 2004-cü ildə sinə xərçəngindən vəfat etmiş Kim Çen İradan doğulub. Kim Yö Çen və Kim Çen İndən başqa cütlüyün bir oğlu daha olur- Kim Çen Çxol. 1990-cı illərdə qız indiki liderlə birlikdə İsveçrədə təhsil alır, sonra isə deyilənə görə, Əmək Partiyasının ən böyük departamentlərindən birində vəzifəyə oturur. Bəzi məlumatlara görə, Kim Yö Çen 2012-ci ildə Sinqapurda Erik Kleptonun konsertində Kim Çen Çxolla görünüb.
Şimali Koreyanı öyrənən professorlar deyirlər ki, bu onun bacısı deyilsə, əlbəttə ki, xanımıdır. Şimali Koreya üzrə mütəxəssis Andrey Lankov CNN-ə bildirib ki, Kim Çen İnın yanındakı ancaq ya bacısı, ya da həyat yoldaşı ola bilər. Çünki rəhbərin sevgilisi və ya rəfiqəsi ilə birdən birə cəmiyyət içinə çıxması, sadəcə "mənasızdır". Kim Çen İnın atası və babası camaat içində heç xanımları ilə görünməyiblər, o ki qala, qeyri-ciddi münasibətdə olduqları xanımlarla. Kim İr Senin ilk xanımı barədə ancaq ölümündən sonra məlumatlar yayılıb.
Kim Çen İnın xanımı ilə cəmiyyət içinə çıxmasını Lankov onunla izah edir ki, o, əvvəlki rəhbərlərə nisbətən daha insanpərvər və daha yumşaq görünməyə çalışır. Həqiqətən də, bronlu qatara minən Kim Çen İrin "Disney" personajlarını sevdiyini necə təsəvvür etmək olar?

Şaiyələrin tarixçəsi

Kim Çen İnin evlənməsi barədə şaiyələr hələ 2012-ci ilin yanvarında meydana çıxdı. Şimali Koreyadan olan qaçqınlar deyirlər ki, ölkənin lideri 2010-cu ildə xalası və dayısının onun üçün seçdiyi, Kim İr Sen Universitetinin məzunu ilə evlənib. Qızı ya ona görə seçiblər ki, onun ailəsi indiki hakim partiyaya daha loyal yanaşır, ya ona görə ki, Kim Çen İnin anasına bənzəyir, ya da universitetdə hamıdan yaxşı oxuyurmuş. Bəzi məlumatlara görə, xanım rəhbərdən ya bir neçə yaş böyükdür, ya da bir neçə yaş kiçikdir. Bundan əlavə deyilir ki, o, Şimali
Koreyada böyüklüyünə görə üçüncü olan Çxoncin şəhərində doğulub.
Təxminlərdə hamıdan uzağa gedənsə "Çunan ilbo" oldu. Cənubi Koreyanın kəşfiyyatçıları qəzetə bidiriblər ki, qadının simasında müğənni Xyön Son Volu tanıyıblar. Xyön Son Vol 2005-ci ildə ingilisdilli mətbuatın "Excellent Horse like Lady" (qadına oxşayan əla at) adlandırdığı mahnı ilə məşhur olub. O, 2006-cı ilə qədər Pochonbo Electronic Ensemble ilə oxuyur, sonra isə ictimai həyatdan və estradadan itir. Qrupun "YouTube"da qoyulan videolarında başqa müğənni görünür.
Şaiyələrə görə, Xyön Son Vol elə məşhurluğunun zirvəsində Kim Çen İnlə roman yaşayır. Gələcək rəhbər Daily NK-yə bildirir ki, atası ilə konsertə gedərkən bir müğənniyə vurulub - çıxışdan sonra müğənni bəzən ölkənin lideri ilə yemək də yeyirmiş. Xyön Son Vol həmin vaxt başqa bir kişi ilə görüşürmüş, amma Kim Çen İn onu fikrindən dönməyə məcbur edir. Daha sonra Kim Çen İr onların bu münasibətinə qarşı çıxır və sevgililəri ayrılmağa məcbur edir. Xyön Son Vol karyerasına son verib Şimali Koreya ordusunun rəhbərin cangüdənlərinin olduğu elit bölmələrindən birinin zabiti ilə ailə həyatı qurur.

Kim Çen İn atasına taxtına oturduqdan sonra yenidən peyda olan o qadın

2012-ci ilin martında Şimali Koreya rəhbərliyinə Kim Çen İn keçəndən sonra müğənni yenidən Şimali Koreya televiziyasının ekranında görünür. O, Beynəlxalq Qadınlar Günü şərəfinə təşkil edilmiş konsertdə oxuyur. İzləyicilər arasında onun pərəstişkarlarından biri Kim Çen İn də olur.
Bununla yanaşı, "Korea KoongAng Daily"nin yazdığına görə, Xyön Son Vol hamiləliyinin son mərhələsində imiş və çox güman ki, artıq dünyaya uşaq gətirib. O hələ də əri ilə yaşayır və uşağın atası barədə də heç bir şaiyə gəzmir - uşağın atasının Kim Çen İn olması üçün cütlük hələ Kim Çen İr ölməmiş yenidən birləşməli idilər.
Bu ilk dəfə deyil ki, Kim Çen İnin naməlum qadınla görürlər, amma əvvəlki hadisə, Kim Çen İrin dəfnində bu qəsdən edilməmişdi. Cənubi Koreya mətbuatı 2011-ci ilin dekabrında KSTV-də göstərilmiş bir neçə kadrı yaymışdı. Həmin kadrlarda Kim Çen İnin yanında 20-30 yaşlı, qara kostyum, ağ köynək geyinmiş koreyalı qadın görünür. Həmin vaxt "Çoson İlbo" demişdi ki, həmin qadın Kim Yö Çendir. Eyni zamanda da "Korea Times" yazdı ki, yox, həmin qadın Kim Çen İnin və Kim Yö Çenin qabağından keçir, çox güman ki, dəfndəki həmin qadın Kim Çen İnin xanımıdır. Baxmayaraq ki, hər iki qadının göründüyü kardlar tapılmadı.

Və sonda:

Şimali Koreya liderlərinin şəxsi həyatları həmişə sirr olub. Kim Çen İrin ən azı üç qadınla ciddi münasibəti olub, onlardan biri balerina imiş. Onlar rəhbərə minimum 7 uşaq doğublar. İndi o uşaqlardan yalnız ikisi haqqında məlumat var. Kim Çen İn və Kim Çen Nama. Sonuncu Asiyanın Las-Veqası Makaoya gedib və göründüyü kimi qayıtmaq fikri də yoxdur: o, hətta atasının dəfninə də hamıdan gizli getmişdi.
Buna baxmayaraq, hətta Kim Çen Namın da şəxsi həyatı barədə məlumat yoxdur. Oturub onun kiçik qardaşının (böyük rəhbər, dahi lider və s.və s.) yanındakı xanımın kimliyini tapmağın nə nəticəsi olacaq ki?

Hazırladı: Gülər