GMO-larla genimizi dəyişirlər?
GMO-larla genimizi dəyişirlər?
Azərbaycanlı ekspert bu cür
meyvə-tərəvəzin insan orqanizminə
xeyirli olması iddiası ilə çıxış etdi

Azərbaycanda "Toxumçuluq haqqında" qanuna müvafiq olaraq, genetik modifikasiya olunmuş məhsulların idxalına rəsmən qadağa qoyulmasına baxmayaraq, həmin məhsullara hələ də istehlak bazarında rast gəlinir. Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi. O, hesab edir ki, Azərbaycanın istehlak bazarına çıxarılan qarpız və kartofun 40 faizi, çuğundurun 50%, pomidorun 80%, soyanın 95 faizi genetik modifikasiya olunmuş məhsullardır.
AİB sədrinin sözlərinə görə, bu məhsulların GMO olduğunu sübut etmək çətindir, çünki Azərbaycanda belə bir laboratoriya yoxdur. Lakin bəzi əlamətlər var ki, məhsulların GMO olduğu görünür: "Belə məhsulların görünüşü, sonra onlardan götürülən bitməyən toxumlar, uzun müddət xarab olmamaqları və s. əlamətlərə əsaslanırıq".
Azərbaycana xarici ölkələrdən istənilən növ istehlak malları gətirilir. Amma bunların GMO olması və ya geni dəyişdirilmiş məhsulların bizim orqanizmiminə nə dərəcə ziyanlı yaxud da faydalı olduğunu bilmirik. Bunun başlıca səbəbi ölkədə hələlik bunu sübut edəcək laboratoriyanın olmamasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən bazarlarda xarici meyvələr artdığı təsdiq edildi. Qurumdan bildirildi ki, bunu azərbaycanlılar gətirir və onlara qadağa qoyula bilməz, çünki xarici ölkələrlə diplomatik münasibətlər var. Lakin Nazirlik öz növbəsində əhaliyə yerli məhsul almağı tövsiyə etdi.
İndi ölkəmizdə də sərhəd-keçid məntəqələrində laboratoriyalar qururlur. Kənd Təsərrüfatı Nazirliyi "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqda" qanun qəbul edib. O, qanuna görə, geni dəyişdirilmiş məhsullar qadağan olunur. Bu isə ancaq laboratoriya analizlərinin nəticələrindən sonra mümkündür.
Bu iddialara qarşı GMO-ların əslində insan orqanizmi üçün heç bir təhlükə olmadığını deyən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli insanlar arasında düzgün maarifləndirmə işlərinin aparılmadığını bildirdi. Ekspertin fikrincə, həm heyvanlar, həm bitkilərdən geni modifikasiya olunmuş məhsulların insan orqanizminə vurduğu ziyanla bağlı heç bir sübut yoxdur. "Əksinə GMO məhsulların ekoloji cəhətdən daha saf olduğu əsaslandırılır. Bu proses bioloji proses nəticəsində baş verir. Aqrobakteriya var, o bitkidə şəkəri mənimsəyir və bitkinin geninə təsir imkanına malikdir. Onun nəticəsində bitki daha çox şəkər istehsal edir və bakteriya da ondan yararlanır. Alimlər meyvələrin genini dəyişmək üçün bu bakteriyadan istifadə edirlər, bu isə insan orqanizminə heç bir şəkildə zərərli deyil", - deyə o, əlavə etdi.
Kənd təsərüfatı mütəxəssisi başqa bir maraqlı məqama toxundu. Onun sözlərinə görə, meyvə-tərəvəzin dadlı olması üçün ona daha çox azot gübrəsi verilir: "Əgər qarpız şirindirsə, deməli ona daha çox azot gübrəsi verilib. Amma bitkiyə heç bir kimyəvi maddə verilmirsə, onun heç bir dadı olmur. Qurd onu yeyə bilmirsə, deməli o qurda qarşı modifikasiya edilib".
GMO məhsullara dünya bazarlarına çıxarıldıqdan sonra alimlər iki qütbə ayrılıblar. Bunlardan birincilər geni dəyişirilmiş meyvə və tərəvəzlərin insan orqanizminə zərərli olduğunu iddia edir. Digər qism isə əksinə GMO-ların zərərsiz olduğunu bildirirlər. Ancaq hələ ki, transgen məhsulların zərərli yaxud da əksini xeyirli olduğunu birmənalı demək mümkün deyil. Azərbaycana gətirilən meyvə və tərəvəzlərin tərkibini yoxlamaq üçün sərhəd keçid məntəqələrinə laboratoriyalar olmalıdır. Meyvə-tərəvəz bu laboratoriyalarda ciddi yoxlanıldıqdan sonra ölkədə satışına icazə verilməlidir.
Aynur Əliyeva