Ermənistanın Dağlıq Qarabağı işğal etməsi və Azərbaycanın bu torpaqlarındakı özbaşınalığından İrana ziyan dəyir.
"Report"un İran KİV-inə istinadən məlumatına görə, ötən gün Ermənistanın atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsindəki kəndə düşüb. Hadisə nəticəsində yaralanan və ölən olmayıb.
Şərqi Azərbaycan əyaləti valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Səid Şəbüstəri hadisə ilə bağlı Azərbaycan və Ermənistan tərəfə müraciət etdiklərini bildirib.
Xatırladaq ki, bu Ermənistanın qonşu İrana qarşı ilk təcavüzkar addımı deyil.
1994-cü il martın 17-də Ermənistan silahlıları İslam Respublikasının Rusiyadakı səfirliyinin əməkdaşlarının olduğu "Herkules C-130" hərbi nəqliyyat təyyarəsini Xankəndi səmasında vurmuşdu. Yerevanın bu terror əməli nəticəsində 9 uşaq olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həyatını itirmişdi.
O vaxt İran mütəxəssislərinin keçirdiyi ekspertiza təyyarənin raketlə vurulduğunu təsdiqləmişdi.
Bunun ardınca Azərbaycan tərəfi də erməni silahlılarının qəza ilə bağlı radiostansiya danışıqlarını yaydı. Məlum oldu ki, ermənilər həmin təyyarənin Azərbaycana məxsus olduğunu güman edərək, vurub. Həmin danışıqda ermənilər belə demişdi: "Biz bir neçə dəqiqə əvvəl Azərbaycana məxsus təyyarəni vurduq".
Hadisədən sonra İranın o vaxtkı prezidenti Ələkbər Haşimi- Rəfsəncani Ermənistan hakimiyyətindən günahkarların tapılaraq cəzalandırılmasını tələb etmişdi. Ancaq həmin hadisədən 22 il ötməsinə baxmayaraq, Ermənistan tərəfi həmin tələblə bağlı heç bir addım atmayıb.
Qeyd edək ki, son günlər Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində gərginliyin artırması Türkiyə, İran və Gürcüstanın təbii narahtlığına səbəb olub.
Hadisədən sonra hər üç dövlətin hərbi qurumları vəziyyətlə bağlı çıxışlar edib, atəşi dayandırmağa çağırıblar.
İranın müdafiə naziri Hüseyn Dehkan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefona danışığı zamanı münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu söyləyərək, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və respublikaya hər cür dəstək verməkdən çəkinmədiklərini bildirib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Dağlıq Qarabğda yaranmış vəziyyətlə bağlı ölkəsinin xarici işlər nazirləri, güc struktirlarının başçıları ilə görüşüb. Hökumət başçısı Azərbaycanın işğal olunan ərazisindək gərginliyin artmasından narahatlığını vurğulayıb.
Rəsmi Tbilisinin Gürcüstan vətəndaşı olan ermənilərin xarici havadarlarının yardımı ilə yeni problem yarada biləcəyindən narahat olduğunun da ehtimal etmək olar. Çünki qərbə meyilliyi səbəbindən Gürcüstanın ərazi bütövlüyü pozulub.
Onu da qeyd edək ki, gürcüstanlı siyasi və ictimai xadimlər ermənilərin Cənub Qafqazdakı pozuculuq fəaliyyətindən narahatlıqlarının davamlı olaraq, bəyan edirlər.
Bu hadisələr onu göstərir ki, perspektivdə Ermənistan yalnız Azərbaycana deyil, İran, Gürcüstan və Türkiyəyə də problem yaradacaq.
Onun ilkin görüntüləri isə erməni silahlılarının İran təyyarəsinin vurması, ərazisinə top mərmilərinin düşməsi ilə müşahidə edililməkdədir. Göyərtəsində mülki şəxslər olan vurulan təyyarənin və düşən top mərmilərinin ilk və son olacağına isə təminiat yoxdur. Onu da qeyd etmək lazımdır ki, ermənilər Azərbaycanla yanaşı İran, Türkiyə, Gürcüstana qarşı da torpaq iddiası irəli sürməkdədir.