Təhsil Nazirliyini ittiham etdi
Təhsil Nazirliyini ittiham etdi

Şəmşad Ağayev: "Şəxsən nazirin mobil telefonuna mesaj yazdım"

"Orta məktəblər üzrə vakant yerlərə müəllim qəbulu prosesində ciddi qanunsuzluq və ədalətsizlik var. Mən bunu faktlarla sübut edərəm. Hansı haqla ötənilki imtahanların obyektivliyindən və uğurlardan danışırlar, anlamıram?" Bunu açıqlamasında müəllim, gənc yazar Şəmşad Ağayev deyib.

Onun sözlərinə görə, ötən il müəllimlərin vakant yerlərə qəbulu zamanı özü də ədalətsizliklə qarşılaşıb: "Ötən il vakant yerlərə keçirilmiş imtahanda iştirak etdim. Sentyabrın 9-da imtahan verdim. Qaydalara görə, Bakı və Bakıətrafı rayonlarda müəllim işləmək istəyənlər imtahanda 28 suala düzgün cavab verməli, 80 faiz bal toplamalı idi. Rayonlar üzrə isə bu qayda 21 sual, yəni 60 faiz nəzərdə tutulmuşdu. Mən imtahanda 30.49 bal topladım. Bu da az qala 90 faiz deməkdir. Amma seçdiyim məktəblərə məni işə qəbul etmədilər. Elektron səhifəmə - "Şəxsi kabinet"imə bildiriş gəldi ki, guya topladığım bal yetərli deyil. Dedim yəqin ki, həmin məktəbləri yüksək bal toplayanlar tutub. Ancaq sonradan bəlli oldu ki, Suraxanı rayonu 118 saylı məktəbə heç kəs göndərilməyib".
Şəmşad Ağayevin sözlərinə görə, təhsil naziri bu işi nazirliyin kadrlar şöbəsinin müdiri Fərzəli Qədirova həvalə edib. O da maraqlarına uyğun şəkildə istədiyi adamı müəllim təyin edib: "Nazirə bir neçə dəfə müraciət etdim, ancaq cavab gəlmədi. Fərzəli Qədirov isə ümumiyyətlə mənimlə görüşmək istəmədi. Sonra ikinci tura getdim. Gördüm ki, 118 saylı məktəb də vakant yerlərə salınıb, halbuki mən o məktəbi birinci sırada seçmişdim. Bu gün də sənədlər əlimdədir. İstənilən vaxt təqdim edə bilərəm".
Müəllim bildirir ki, bu ədalətsizliyə etiraz etsə də heç bir nəticəsi olmayıb: "Etirazımı bildirdim ki, əgər bu məktəbə kimsə getməyibsə və ortada topladığım bu qədər bal varsa, niyə bu məktəbi vakant yerlərə salmısınız? Nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov dedi ki, get otur evində, sənin etirazlarına əhəmiyyət verilməyəcək. Bundan sonra Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovla əlaqə saxladım, o da təxminən eyni cavabı verdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə əlaqə saxladım. O mənə dedi ki, mətbuata çıxarma, araşdırıb məlumat verərəm. Amma sonradan telefonlarını açmadı. Başqa bir jurnalist dostum da ona zəng vurdu. Ona da eyni cavabı verdi. Nazirliyin şöbə müdiri Faiq Şahbazlı ilə zəngləşdim. Dedi o işlərə Fərzəli Qədirov baxır, biz qoşulsaq, deyəcəklər yəqin nəsə marağımız var. Demək olar ki, kiminlə görüşdüm, eyni cavabı aldım. Bundan sonra Misir Mərdanovun qəbuluna yazıldım".
Müəllim deyir ki, nazirlə görüşmək ümidi ilə getsə də, onu nazirin köməkçisi Rasim Süleymanov qəbul edib: " Dedilər nazir gözləyir, getdim gördüm Rasim Süleymanovdur, yanında da Xəyyam Fərəcov. Xəyyam Fərəcov elə nazirin köməkçisinin yanında dedi ki, "sənə demədim, xeyri olmayacaq?"
Mən problemi nazirin köməkçisinə danışdım. Sənədlərə baxıb bildirdi ki, haqqını heç kəs əlindən ala bilməz, mən məsələni nazirə çatdıracam, bir az səbirli ol. Ancaq bir müddət keçdi, səs çıxmadı. Bir dəfə də zəng vurdum, dedi ki, mən sanatoriyadayam".
Müəllim bundan sonra Misir Mərdanovun mobil nömrəsinə zəng edib, ancaq nazir telefonu açmayıb. O da mesaj yazmaq məcburiyyətində qalıb. Problem yenə də həllini tapmayıb: "Nazirin mobil nömrəsinə zəng vurdum, açmadı. Problemi mesajla yazıb göndərdim, yenə cavab almadım. Mesajı təkrar bir həftədən sonra yolladım. Heç 10 dəqiqə keçməmişdi ki, Fərzəli Qədirov mənə zəng vurdu. Dedi ki, nazirə mesaj yazmısan, heç bir şey lazım deyil. Saat 17-00-da nazirlikdə ol, problemi həll edərik. Nazirliyin kadrlar şöbəsinin digər əməkdaşı Zöhrab Kəlbəliyevlə ikisi bir yerdə məni qəbul etdilər. Hətta o qədər gərgin idilər ki, heç Zöhrab Kəlbəliyev salamımı da almadı və mənimlə mübahisə etdi.
Amma Fərzəli Qədirov özünü elə apardı ki, guya heç nə baş verməyib. Hətta Zöhrab Kəlbəliyevi də sakitləşdirdi ki, müəllim bizdən şikayət eləmir, sadəcə iş istəyir, narahat olma. Bundan sonra bütün sənədlərimi gətirib tökdülər ortaya. Fərzəli Qədirov dedi ki, 118 saylı məktəbə I turda bal toplayan imtina etdi, biz də işi Çinarə adlı bir qıza verdik. Dedim axı, Xəyyam Fərəcov ora Natiq adlı oğlanın getdiyini deyir. Bundan sonra tutuldu, heç bir söz deyə bilmədi.
Mənə Bakının qıraq kəndlərindəki məktəblərdən bir neçəsini təklif etdilər və bildirdilər ki, birinci gün sənədləri gətirim. Həftənin birinci günü gedib Fərzəli Qədirova zəng vurdum. Dedi ki, get Zöhrabın yanına. Zöhrab Kəlbəliyev də birmənalı olaraq dedi ki, yer yoxdu, get, nə vaxt yer olsa çağırarıq. Hətta bildirdi ki, topladığımız bal bir tədris ili ərzində qüvvədədir.
Oradan çıxıb 118 saylı orta məktəbin direktoru Qardaşxan müəllimlə görüşdüm. Direktor dedi ki, hazırda məktəbdə 30 saat Azərbaycan dili və ədəbiyyat dərsi var. Bakı Baş Təhsil İdarəsindən zəng ediblər ki, 2 qız göndəririk, həmin dərsi də onlara bölüb vermək məcburiyyətindəyəm. Baxdım ki, bunların bütün fikirləri bir-birinə ziddir. Misir Mərdanova son mesajı yazdım. Həmin mesajlar indi də durur. Belə qənaətə gəldim ki, bütün bu işlərdən nazir özü xəbərdardır.
Mənə nazirlikdən deyirdilər ki, artıq topladığın ballar hesaba alınmır. Bir tərəfdən də deyirlər, bu qədər vakant yerimiz var. Yaxşı, əgər vakant imtahanlarda qanunsuzluq yox idisə, niyə Fərzəli Qədirovla Zöhrab Kəlbəliyev deyirdi ki, biz gizli heç bir iş tutmamışıq. Nazirin hər şeydən xəbəri var".
Şəmşad Ağayevin sözlərinə görə, bu ilin yanvar ayından nazirlikdən ona yalan vədlər verilir, ancaq problem həll olunmur: "Dedilər ki, yanvar ayından yaşlı müəllimləri təqaüdə göndərərik, onda sizi də işlə təmin edərik. Bu da quru vəd oldu. İyulun 9-da yenidən nazirin qəbuluna yazıldım. Köməkçisi Rasim Süleymanov məni qəbul etdi və bildirdi ki, problemi nazirə çatdıracaq. Ayın 11-də Rasim Süleymanova zəng etdim, dedi ki, kadrlar şöbəsinin sənə verdiyi cavab qanunidir. Nazir deyir ki, həmin cavabı yeni bir ərizəyə tikib göndərsin bizə. Başa düşmürəm, kadrlar şöbəsi mənə nə vaxt obyektiv cavab verdi ki, qanuni də olsun?"

Rəşid