"TACİKİSTAN və QIRĞIZISTAN AZƏRBAYCAN YOLU GEDİRLƏR"
"TACİKİSTAN və QIRĞIZISTAN AZƏRBAYCAN YOLU GEDİRLƏR"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu açıqlamasında Rusiyanın qonşu ölkələrdəki hərbi bazalar sarıdan mürəkkəb durumla üzləşdiyini bildirib.

Qəbələ RLS-lə bağlı danışıqlarda irəliləyiş olmadığını və Rusiyanın stansiya icarəsinə görə ildə 300 milyon dollar ödəmək istəmədiyini deyən Elxan Şahinoğlu o biri dövlətlərin də Azərbaycandan nümunə götürdüklərini vurğulayıb: "Tacikistan rəhbərliyi Rusiyanın ölkə ərazisindəki 201-ci hərbi bazasının istifadəsi üçün ildə 250 milyon dollar ödənilməsi tələbini irəli sürüb. Bu tələb Moskva üçün gözlənilməzdir. Çünki ötən il Rusiya prezidenti Dmitri Medvedyev tacik həmkarı İmaməli Rəhmanla 201-ci bazanın 49 illik icarəyə götürülməsini razılaşdırmışdı. Qiyməti ekspertlər müəyyənləşdirməli idilər və rusiyalı rəsmilərə elə gəlirdi ki, bu, prinsipial bir məsələyə çevrilməyəcək.
Ancaq elə olmadı. Bakının ardından Düşənbə də Moskvaya böyük hesab göndərib. Digər tərəfdən Düşənbə Moskvanın 49 illik icarə istəyini Qəbələ RLS-də olduğu kimi 10 ilə qədər endirmək istəyir. Rusiyalı hərbçilər Düşənbənin tələblərini "şərq bazarlığı" kimi qiymətləndirərək danışıqların dalana dirəndiyini etiraf ediblər.
Görünür, Kremldə düşünüblər ki, Tacikisitan Rusiyadan asılı oduğundan böyük hesab istəməz, həm də Rusiya sərhədçiləri bu ölkəni Əfqanıstandakı islamçılardan qoruyurlar. Ancaq Kremlin hesabları yanlış çıxıb. Məsələ bundadır ki, Rusiya Tacikistana vəd etdiyi kreditləri ləngidir, bu da Düşənbəni qıcıqlandırır. Bu arada ABŞ-la Tacikistan hakimiyyəti arasında sıx əlaqələr yaranıb. Bu, Düşənbənin Rusiya asılılığından qurtulması üçün yaxşı alternativdir".
Elxan Şahinoğlu Qırğızıstanın da hərəkətə gəldiyini vurğulayaraq Rusiyanın bu ölkədə istifadə etdiyi 3 hərbi bazasının icarə haqlarının artırılması tələbi irəli sürdüyünü deyib: "Hazırda Rusiya bu bazaların istifadəsinə görə ildə cəmi 4,5 milyon dollar ödəyir".
Azərbaycan, Taciksitan və Qırğızıstanın hərbi bazaların istifadəsinə görə Rusiyadan böyük məbləğlər tələb etməsini ABŞ və NATO-nun Avrasiya bölgəsində fəallığı ilə izah edən Elxan Şahinoğlu Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlüyündən imtinasının da bu proseslə bağlı olduğunu bildirib: "Rusiyanın bölgəyə təsir imkanları getdikcə azalır. Digər tərəfdən həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələrinin əvvəlki illərlə müqayisədə seçim imkanları artıb. Bu dövlətlər Rusiyanın yerinə ABŞ, Avropa Birliyi və Çinlə siyasi, iqtisadi, hərbi əlaqələrin intensivləşdirilməsinə tərəfdar çıxırlar. Onlar Rusiyadan fərqli olaraq bölgə dövlətlərinə real inkişaf, müasir texnologiyalar və kreditlər vəd edir və onu yerinə yetirməyə hazırlıqlarını göstərirlər. Ona görə də artıq heç bir dövlət Rusiyaya havayı baza icarə verməyə hazır görünmür. Bircə Ermənistan Rusiyanın hər dediyini yerinə yetirir ki, ancaq bunun da bir sonunun olacağına əminəm".
Fuad Əliyev