Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası dünən gecədən cəbhə xəttində baş verən döyüşlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov "Qafqazinfo"ya açıqlamasında hərbçilərimizin qanlı döyüşlərdə qəhrəmanlıq göstərdiyini bildirib:

"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmən xeyli itki verib. Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan ordusu Qafqazın ən güclü ordularından biridir. Nəinki Qafqazın, Azərbaycan ordusu həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından dünyada ən yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində öz həllini tapa bilər".

Siyavuş Novruzov şəhid olanların ailələrinə bağsağlığı verib:

"Qalanlara can sağlığı arzulayıram. Biz hər birimiz də əsgərik, vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq. Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı Azərbaycan ordusunun bu cür hazırlıqlı olması, səfərbər olunaraq düşmənə layiqli cavab verməsini də yüksək qiymətləndiririk".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən döyüşlərdə Azərbaycan 12 şəhid verib.