Azərbaycanda atalıq məzuniyyəti verilə bilərmi?
Azərbaycanda atalıq məzuniyyəti verilə bilərmi?

Bu mövzu cəmiyyətin ən çox ehtiyac duyduğu və qabardılması istənilən məsələlərdən biridir. Valideynlər, xüsusilə də yeni övladı dünyaya gələn ailələr bu barədə çox narahatlıq duyurlar. İndi hamını maraqlandırır - görəsən, bizim ölkədə "atalıq məzuniyyəti" varmı?

Ata olan kişilərin
hansı hüquqları var?

Əgər varsa, ataların övladın doğulmasıyla bağlı məzuniyyətə görə hansı hüquqları mövcuddur? Əgər yoxsa, belə bir qanunun qəbul edilməsinə bu qədər ehtiyac varkən, nədən qəbul edilmir?

Qanun analara daha
çox güzəşt edir

Bizim cəmiyyətdə yekdil bir fikir formalaşıb ki, bəs "qadın dünyaya övlad gətirir, onu qidalandırır, tərbiyə edir və bütün bunlara görə də mütləq məzuniyyətə çıxmalıdır". Düzdür, qanunlarımız bu fikirləri dəstəkləyir və hər bir qadın ana olmağa hazırlaşdığı dövrdə qanuni haqqından istifadə edə bilər.
Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü məzuniyyət verilir. Bu məzuniyyətin 70 günü doğuşdan öncəki, 56 günü isə doğuşdan sonrakı müddət üçün nəzərdə tutulub.
Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda, doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətinə qədər uzadılır. Qeyd edək ki, bu məzuniyyət müddəti ərzində qadın işlədiyi müəssisədən əməhaqqını tam şəkildə alır.
Maraqlıdır, qadına bu qədər məzuniyyət günü verildiyi halda, ailənin yeni üzvünün dünyaya gəlməsi ilə bağlı vəzifə və məsuliyyəti heç də az olmayan, "cəmiyyətin bir hücrəsi" adlanan ailənin bütün prpblemlərini həll etməli olan atalara qanun hansı güzəştləri edir?

Qanun nə deyir?

Hələ 2009-cu ildə Milli Məclisin sosial siyasət üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. "Hamiləliyə və doğuşa görə məzuniyyətlər"i nəzərdə düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda, qanun layihəsində hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi də nəzərdə tutulmuşdu.
Həmin qanuna düzəlişdə vurğulanırdı ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilə bilər. Bu, 130-cu maddənin düzəlişi idi.
Daha dəqiq olsaq, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək müddətdə ödənişsiz məzuniyyətlər verilir.
Əmək Məcəlləsinin bu tələblərinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun yaranması üçün 3 əsas şərt olmalıdır:
1. İşçinin xahişi
2. İşəgötürənin razılığı
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi.
Bu məzuniyyət sırf uşaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutulduğundan adı da konkret olaraq "atalıq məzuniyyəti" deyil.

Atalıq məzuniyyəti
niyə mübahisəlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin baş məsləhətçisi Rafiq Kərimovun dediyinə görə, bu məsələ konkret olaraq qanuniləşdirilməyib, yəni qanunla Azərbaycanda "atalıq məzuniyyəti" anlayışı yoxdur. Amma Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulub ki, ana olan qadın işləmək istəyirsə və həyat yoldaşı ilə razılığa gəlibsə, onun əvəzinə kişi məzuniyyətə çıxa bilər.
Milli Məclisin Sosial Siyasət Komitəsinin eksperti Nigar Qurbanova isə söyləyir ki, Əmək Məcəlləsini 130-cu maddəsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gələrkən doğuşdan öncə və ya sonra öz hüquqlarında istifadə edə bilərlər: "130-cu maddəyə edilən dəyişikliyə görə ata olan kişilər 2 həftə, yəni 14 gün məzuniyyətə çıxa bilərlər, amma ödənişsiz məzuniyyət. Bu qanun həm dövlət, həm də özəl şirkətlərdə keçərlidir. Özəl şirkətlərdə çalışan ataların sadəcə əmək müqaviləsi olsun, başqa bir şeyə gərək yoxdur. Onlar da bu məzuniyyətdən yararlana bilirlər".
Qeyd edək ki, həmin məzuniyyətə konkret "atalıq məzuniyyəti" adı verilməyib, çünki məzuniyyət işçinin hesabınadır. Əgər analıq məzuniyyəti kimi bu məzuniyyət də dövlət hesabına, ödənişli olaraq verilsəydi, yəqin ki, qanunda adı da başqa cür olardı.

Atalar hüquqlarından
imtina edir

Bu, alqışlanacaq bir qərardır - təbii ki, məzuniyyət baxımından. Amma ödənişsiz məzuniyyət olması bir qədər düşündürücüdür. Axı ata bu müddət ərzində ailəsinin maddi təminatını da gerçəkləşdirməlidir.
Kiçik bir hesablama aparaq. Azərbaycanda doğuşa görə ödənilən məbləq regionlara nisbətən paytaxtda bahadır. Əgər regionlarda təbii doğuşa görə ailənin xərcləri 100-150 olursa, Bakıda bu məbləğ ən yaxşı halda 300-400 manat təşkil edir. Əgər qadın təbii doğuş edə bilmirsə və qeysər əməliyyatına ehtiyac yaranarsa, məçbləğ iki dəfə artır.
Bu qədər xərc tələb olunduğu halda, ataların məzuniyyətinin ödənişsiz olması məntiqi təsir bağışlamır. Axı ata bu dövr ərzində ailəsinə və yeni doğulmuş körpəsinə daha çox pul xərcləməli olur. Körpənin ehtiyacları, ananın tələbatı üstəgəl evin digər problemləri və qayğıları. Bütün bu problemlərin içindən isə mütləq maddi cəhətdən təminatlı olan ata çıxa bilər. Məhz buna görə də kişilərin bir çoxu məzuniyyət hüququndan imtina etməli olur.
Gənc ata Habil Səfərov deyir ki, əgər belə bir məzuniyyət forması varsa və bu ödənişsizdirsə, o zaman haqqından imtina edir: "Ödənişsiz məzuniyyət yeni ata olan birinə heç sərf etməz. Xərclərin çoxaldığı bir vaxtda, məzuniyyətə çıxmaq, üstəlik ödənişsiz çıxmaq fikrinə düşmərəm".
Sənan Ağalarovun fikrincə də ödənişsiz məzuniyyət doğru deyil: "Doğum haqqı, dava-dərman, yeni doğulan körpənin ehtiyacları xeyli vəsait tələb edir, bunları necə çatdıracağım barədə düşünürəm və daha çox işləməyin lazım gəldiyini hesab edirəm. Ödənişsiz məzuniyyət işləri çətinləşdirməkdən başqa bir şeyə yaramır".

Ana çalışsa ata uşağa
baxa bilər?

Müsəlman ölkələrindən fərqli olaraq bu cür qanunlar bütün sivil ölkələrdə var. Körpənin doğulması sıradan bir hadisə olmadığı üçün qanun həm ataya, həm də anaya gərəkli güzəştləri edir. Avropada uzunmüddətli məzuniyyətə çıxıb övladına özü baxan atalar da var. Təbii ki, bu, bizim cəmiyyətdə bir qədər normal qarşılanmaz, bizdə kişinin evdə uşağa baxması, qadının çalışması sıradan hesab edilmir.
Amma nəzərə alsaq ki, uşağın hər iki valideynə ehtiyacı var - bu yaxşı üsul hesab edilə bilər. Məsələn, əgər qanun dəstəkləyirsə, ana dünyaya gətirdiyi övladına süd verdiyi müddət ərzində baxır, növbəti bir il və ya yarım il üçün ata məzuniyyətə çıxır, uşağa baxır və ev qayğıları ilə məşğul olur. Həmin müddət ərzində ana işləyir. Beləcə, qadın cəmiyyətdən təcrid olmaq məcburiyyətində qalmır, eyni zamanda ata ilə uşağın münasibətləri də inkişaf etmiş olur.
Bu fikirlə razılaşmayan gənc ata Rasim deyir ki, kişi uşağa baxa bilməz: "Bir az anlamaq olar bu işdən, amma körpənin bütün günü atanın öhdəsinə verilməsi doğru deyil. Elə xırda məsələlər ola bilər ki, kişi o barədə heş nə bilməsin".
Rasimin xanımı da təxminən eyni fikirdədir. Sahilə xanım deyir ki, övladını həyat yoldaşının ümidinə qoyub heç yerə getmir: "Dəqiq bilirəm ki, o çox şeyi bacarmaz. Ana ilə uşağın arasında görünməz bağ var. O bağ bizim anlaşmamıza, körpəmi anlamağıma imkan yaradır. Uşağın atası isə bunu bacarmır".

Doğulmamış körpə də
atası ilə birlikdə
olmaq istəyir

Ginekoloq Könül Qarayeva hesab edir ki, atalara məzuniyyət verilməsi qadına və doğulacaq körpəyə müsbət təsir edə bilər: "Qadın hamiləlik dövründə olduqca həssas olur, özünü tək-tənha hiss edir, doğuş prosesindən qorxur. Körpə isə ana bətnində bütün bunları hiss edir, bu da onun da səhhətinə pis təsir edir. Döl hər şeyi anlayır və anasından gördüyü nəvazişi atasından da duymaq istəyir. O hələ doğulmamış ola bilər, amma canlıdır, ərtafda olanları hiss edir. Ona görə də, düşünürəm ki, həm doğuşdan öncə, həm də sonra ata ananın yanında olmalıdır. Bu həm körpənin, həm də ananın sağlamlığı üçün önəmlidir".
Ana olmağa hazırlaşan tanış bir xanımdan bu barədə nə düşündüyünü soruşduq. Xatirə xanım bildirdi ki, həkim doğru deyir, bu belədir: "Bütün günü tək oluram, doğuşa bir aydan da az vaxt qalıb. Elə anlar var ki, həyat yoldaşımın yanımda olmasını olmasını arzulayıram. Ancaq o səhər tezdən işə gedir, bir də axşam gəlir. Cəmi cümlətanı 1-2 saat bir yerdə olmaq imkanımız olur, o dincəlməli və səhər yenidən işləmək üçün enerji toplamalıdır axı. Məzuniyyət məsələsinə gəlincə, o istəsə də bu mümkün deyil. Ərim özəl şirkətlərdən birində çalışır - həm də əmək müqaviləsi olmadan.."

Ana olmağa hazırlaşanların iş problemləri

Yeri gəlmişkən, özəl şirkətlər hamilə işçiləri sevmirlər. Onları ya bir bəhanə ilə işdən azad edir, ya da çox kiçik bir müddətə, maaşın məbləği itam hesablanmadan icazə verirlər. Məsələn, jurnalist xanımların böyük əksəriyyəti, xüsusilə də qəzetlərdə çalışanlar əsasən qonorar sitemi ilə maaş alırlar. Maaş varsa da, bu simvolik bi məbləğdir. Bu isə o deməkdir ki, həmin xanımlar işə çıxmadığı aylarda maaş almayacaqlar.
Atalara gəldikdə, özəl və ya qeyri-hökumət qurumlarında çalışanlara uzağı 2 həftə icazə verilir ki, həmin günlər üçün də maaş hesalanmır. Yəni, öz hesabına kiçik "məzuniyyət". Lakin nəzərə almaq lazımdır ki, indiki ailələrin çoxu 2 nəfərdən ibarətdir - ata və ana. Ana hamilə, ya da zahıdırsa evdə onun qayğısını çəcəkək ikinci biri yoxdur. Belədə, ata bütün günü işləməli, ana isə həm uşaqğa baxmalı, həm yemək bişirməli, həm paltar yumalı, həm də evin digər qayğıları ilə maraqlanmalıdır.
... Ata və analar hesab edir ki, məzuniyyət qaydalarını bir qədər yüngülləşdirmək və ödənişli etmək lazımdır. Qanunlar isə başqa şey deyir. Ananın kifayət qədər məzuniyyət haqqı olduğunu hesab edən qanun kişiyə bu haqqı tanımır.

Lalə Mehralı