Bu gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Zirvə görüşünün "Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər" mövzusunda açılış sessiyasında çıxış edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamladı. İlk Sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Barak Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırdı.

ABŞ Prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərlərinə öhdəlik götürdüklərini bildirdi. Prezident Barak Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini dedi. Bildirdi ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.

Prezident Barak Obama nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərlərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırdı. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyanı ratifikasiya etdiyini bildirdi.

Niderland Krallığının Baş naziri Mark Rütte çıxışında 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın irəli sürdüyü təşəbbüsün nüvə təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Baş nazir 2014-cü ildə Haaqada keçirilən Sammitdən sonra nüvə təhlükəsizliyi sahəsində bir sıra irəliləyişlərin olduğunu söylədi. Nüvə təhlükəsizliyinin təmin olunmasının bəşəriyyətin gələcəyi üçün bizim üzərimizə yüksək öhdəlik qoyduğunu deyən Mark Rütte bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı Sammitdə çıxış etdi.

Prezident İlham Əliyevin 

çıxışı

- Əvvəla Azərbaycanı Sammitdə iştirak etməyə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəvəti dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik. Belə bir mötəbər beynəlxalq toplantıda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz Prezident Obamanın dünya miqyasında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətini və səylərini tam dəstəkləyirik. 

Öz növbəsində Azərbaycan nüvə materiallarının yayılmamasına böyük əhəmiyyət verir. Nüvə materiallarının yayılması ilə bağlı meydana çıxan təhdidləri və ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq biz nüvə materiallarının qanunsuz trafiki üçün ölkəmizin ərazisindən mümkün istifadənin qarşısının alınmasına böyük əhəmiyyət veririk. Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək dünya standartlarına uyğun güclü qanunvericilik bazasına əsaslanan hərtərəfli milli ixrac nəzarəti sistemini yaratmışıq. Bu günə kimi milli ixrac nəzarəti sistemimiz nüvə materiallarının qanunsuz daşınmasının qarşının alınmasında etibarlı bir mexanizm kimi özünü doğrultmuşdur. Lakin ərazimizin yüz faizinə nəzarət etmək imkanımız olmadığına görə proqramları tam şəkildə icra edə bilmirik. Bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır.

Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin. Çox sağ olun.

X X X

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

X X X

Daha sonra "Nüvə təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq və institusional fəaliyyətlər" adlı işçi nahar oldu.

Prezident İlham Əliyev naharda iştirak etdi.