İctimai Palatanın vahid namizədi olacaqmı?
İctimai Palatanın vahid namizədi olacaqmı?

Sərdar Cəlaloğlu:
"Onlar seçkilərə ya iki namizədlə gedəcəklər..."

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palata prezident seçkisinə vahid namizədlə getmək iddiasına düşsə, dağılacaq.

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, "İctimai Palatadan bir namizədin irəli sürülməsi məsələsi bizim düşündüyümüz kimi Azərbaycanın ictimai-siyasi vəziyyətinə ciddi təsir edəcək amil olmayacaq və buna çox diqqət ayırmaq lazım deyil. Mənə elə gəlir ki, İP heç vahid namizədlə də çıxış edə bilməyəcək. Onlar ya iki namizədlə gedəcəklər, ya da İctimai Palata dağılmalıdır".
Onun sözlərinə görə, İP bu seçkidə iki namizədlə iştirak edəcək.
"Biz belə düşünürük ki, müxalifətin geniş koalisiyasından vahid namizədin irəli sürülməsi, yəni müxalifət adı daşıyan bir nəfərin bu işlərə qatılması daha ciddi siyasi nəticələrə gətirib çıxara bilər. Yerdə qalan variantların hamısı bu və ya başqa şəkildə bir-birinə az və ya çox dərəcədə təsir göstərən amildir", - Cəlaloğlu əlavə edib.
Partiya sədri deyib ki, bu gün Azərbaycanda bir namizəd başqa namizədlərdən xüsusi olaraq kəskin fərqlənən keyfiyyətlərə malik olmadığına görə vahid namizədin müəyyənləşdirilməsi problemə çevrilir.
"Namizədlər bir-birilərinə o qədər yaxın kriteriyalara malikdirlər ki, bunların hamısı eyni dərəcədə vahid namizəd kimi çıxış edə bilər. Yəni, bu baxımdan kiminsə guya ya mən olmalıyam, ya olmamalıyam kimi iddiasının əsası yoxdur. Sadəcə olaraq milli maraqları, dövlət maraqlarını, müxalifətin maraqlarını, demokratiyanı nəzərə aldıqda hər kəs vahid namizədlik iddiasından qabaqcadan imtina etməlidir ki, vahid namizəd üçün hamı bir araya gəlsin. Yoxsa qabaqcadan "mən vahid namizəd olacağam" deyib "gəlin vahid namizəd müəyyənləşdirək" kimi bir şüarı ortalığa atmaq, əksinə, o ideyanın reallaşmasına mane olur. Bu cür yanaşma ilə vahid namizəd müəyyən etmək olmaz", - Cəlaloğlu deyib.
Qeyd edək ki, bəzi müxalifət partiyalarını özündə birləşdirən İctimai Palatanın təmsilçiləri seçkiyə vahid namizədin müəyyənləşdirilməsinin vacibliyi təklifi ilə çıxış edirlər.
Millət vəkili Fəzail Ağamalı bizimlə söhbətində bildirdi ki, "İctimai Palatanın gələcək taleyi barədə eyni proqnozu mən hələ bir müddət əvvəl vermişəm. İş burasındadır ki, Azərbaycan müxalifətini hər şeydə ittiham etmək olar, bircə ideya kasadlığından və mənəvi məsuliyyət məsələsindən başqa. Çünki bu sonuncu özəlliklər indiki müxalifətdə, ümumiyyətlə, yoxdur. Əgər İsa Qəmbərlə Əli Kərimli vahid namizəd məsələsinin müxalifətin ümdə problemçi olduğunu düşünürlərsə və bunu həll etmək üçün gecə-gündüz yollar arayırlarsa, niyə vaxtında İsa Qəmbər Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə badalaq qoyaraq onun vahid namizəd olmasına imkan vermədi? Və indi eyni vəziyyətlə özü də üzləşib. İsa bəy vaxtında nə əkmişdisə, indi də onu biçməlidir, başqa cür ola da bilməz. Öz tarixindən dərs ala bilməyənlərə, ibrət götürüb özünü islah edə bilməyənlərə tarixin özü dərs verməli olur".
Millət vəkili bildirdi ki, "İctimai Palatada yüksək səviyyəli ziyalılar da təmsil edilir və onların intellektual imkanlarına böyük hörmətim var. Amma fikrimcə, bu qurum perspektivsiz birlikdən başqa bir şey deyil, çünki onun bünövrəsi səmimiyyət üzündən qoyulmayıb. Bu mənada müxalifət mərhum Heydər Əliyevdən və onun komandasında dərs ala bilər. Əliyevin komandası böyüyün və kiçiyin yerini bilən idi. Elçibəy prezident, Qəmbər Ali Sovetin sədri olanda Qəmbərə yaxın qəzetlər yazırdılar ki, "İkincinin birinci olmasına çox qalmayıb". Daha nədən danışmaq olar? Amma yenə də hələ 2013-cü ilin prezident seçkilərinə çox var. Bununla belə, ümumən Azərbaycan müxalifətinin və onun öncül dəstəsi hesab edilən İctimai Palatanın daxilində gedən proseslərin ciddi şəkildə təhlili göstərir ki, Azərbaycan müxalifəti artıq gələn ilin prezident seçkilərini uduzub. Başqa cür ola da bilməz, çünki onların demokratiya uğrunda mübarizə metodları, taktiki üsulları və davranışları ötən əsrin 90-cı illərinin cəbhəxanasındakı üsulları və prinsipləri xatırladır. Fikrimcə, Azərbaycan müxalifətinin yenilənməyə ehtiyacı var. Cəmiyyət də artıq müxalifətin 5 ildən bir eyni problemləri müzakirəyə çıxarmasından usanıb. 93-cü ildən bəri vahid namizəd məsələsini həll etməyə çalışan, amma bu yöndə hələ də bir nəticə əldə edə bilməyən müxalifətə kim dəstək verəcək? Yenilənməyə məruz qalmayan və yaxud buna can atmayan müxalifətin hansısa ciddi siyasi uğur əldə edəcəyi çox şübhəli görünür. Son 20 ilin siyasi proseslərini izləsəniz, görərsiniz ki, Azərbaycan iqtidarının sıralarında və siyasi mübarizə üsullarında həmişə yenilənmələr baş verir. Bu, iqtidarın müxalifətdən üstün qalmasının başlıca səbəblərindən biridir".
Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkil Fazil Mustafanın fikrinə görə, "Ziddiyyətlərdən zorən formalaşan bir qurum kimi İctimai Palatanı elə həmin ziddiyyətlər də dağıdacaq. Siyasətdə köhnə dostlar və köhnə düşmənlər anlayışları heç zaman olmayıb".

Natiq