Türkmənistan və Azərbaycan qarşıdurması
Türkmənistan və Azərbaycan qarşıdurması

Qazanan isə Rusiya və İran olacaq

Hazırda Türkmənistan və Azərbaycan münasibətləri kifayət qədər gərginləşib və gərginlik hər gün artmaqdadır. İlk baxımdan bu məsələyə adi yanaşılsada qeyd etmək lazımdır ki, iki ölkə münasibətləri arasındakı gərginlik soyuq diplomatik toqquşmaya keçərsə bu Azərbaycan üçün kifayət qədər təhlükəli nəticələrlə sona çatacaq. Nəyə görə? Gəlin suala cavab verməmişdən öncə hazırkı duruma baxaq. Bu günlərdə Türkmənistan gəmiləri mübahisəli ərazilərdə kəşfiyyat işləri aparmağa çalışıb.

Amma ,Azərbaycan sərhədçiləri bunun qarşısını ala bildi. Bundan sonar isə Türkmənistan tərəfi Azərbaycanı beynəlxalq məhkəmə ilə hədələdi. Azərbaycan XİN-in rəhbəri isə bununla bağlı onlara məktubun gəlmədiyini söylədi. İndi isə Türkmənistan tərəfi reaksiya verib. Türkmənistan XİN Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Aşqabadın "Kəpəz" (türkmən versiyasında "Sərdar") yatağının mənsubiyyəti məsələsini beynəlxalq arbitraja çıxarmaq niyyəti ilə bağlı Bakıya rəsmi müraciət etməməsi barədə dünənki ifadələri ilə bağlı bəyanatla çıxış edib.
Türkmənistan XİN bildirir ki, Azərbaycan tərəfinə dəfələrlə "Azərbaycanın Xəzər dənizində hüquqazidd təktərəfli fəaliyyəti ilə bağlı" rəsmi diplomatik notalar göndərilib.
Türkmənistan tərəfi xüsusən "Ömər" ("Çıraq") və "Osman" ("Azəri") yataqlarının qanunsuz işlənməsini, habelə "Sərdar" ("Kəpəz") yatağına irəli sürülən hüquqazidd tələbləri nəzərdə tutur.
Türkmənistan tərəfi rəsmi xəbərdarlıqlarında yuxarıda sözü gedən məsələ ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazır olduğunu ifadə edib və razılıq əldə edilmədiyi təqdirdə Türkmənistanın beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxladığını vurğulayıb.
Bundan başqa, 4 avqust 2009-cu ildə Türkmənistan XİN Xəzərin dibi və təkinin Türkmənistan və Azərbaycan arasında bölünməsi məsələləri ilə bağlı ölkənin rəsmi mövqeyini dərc edib, burada da beynəlxalq məhkəməyə müraciət etməyin məqsədəuyğun olduğu vurğulanıb.
"Deyilənlərə əsasən, Türkmənistan tərəfi Azərbaycan Respublikası xarici işlər nazirinin ifadələrindən təəccübünü ifadə edir", deyə Türkmənistan XİN-in bu ölkənin Bakıdakı səfirliyi tərəfindən yayılmış bəyanatında bildirilir.
Bəs bu hadisələr nədən bu şəkildə inkişaf edir? Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Nazirlər Kabinetinin xüsusi iclasını keçirib. İclasda əsas müzakirə mövzularından biri Xəzər ərazisində Azərbaycanla mübahisəli neft-qaz yataqları olub. Türkmənistanın Dövlət informasiya agentliyinin yaydığı məlumata görə, iclasda xarici işlər naziri, Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov hesabat verib. O, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqlarının nəticələri haqda məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb. Toylı Komekov qeyd edib ki, onların səylərinə baxmayaraq, Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb. Danışıqların tarixinə toxunan Berdıməhəmmədov deyib ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması mübahisəli "Ömər" və "Osman" ("Azəri" və "Çıraq") yataqlarının birtərəfli istismarına başlayan Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. O, həmçinin, Azərbaycanın "Sərdar" ("Kəpəz") yatağına iddiaları olduğunu da bildirib. Prezident deyib ki, SSRİ vaxtından mövcud olan normativ aktlara əsasən, bu yataqlar Türkmənistan ərazisinin hüdudundadır və birmənalı olaraq ona məxsusdur: "Türkmənistan üçün Xəzər dənizində belə birtərəfli fəaliyyət qəbuledilməzdir". Dövlət başçısı baş nazirin müavini Mərədova Azərbaycanın iradlarının, habelə xarici neft-qaz şirkətlərinin yataqların işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün beynəlxalq ekspertlərlə məsləhətləşməyi və sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi tapşırıb. Ekspertlər Türkmənistan tərəfindən beynəlxalq məhkəməyə müraciət etmək istəyini gözlənilməz addım sayır.Çünki əvvəllər iki dövlət arasında münasibətlər yataqların istismarı ilə bağlı bir qədər gərgin olub. Amma sonrakı dövrdə yaxınlaşma meyllərinin olduğu müşahidə edildi və təsadüfü deyil ki, Türkmənistan prezidenti Bakıya səfər etdi. Vurğuladı ki, Türkmənistan mübahisəli "Kəpəz" yatağını birgə işlətməyə hazırdır. Bütün bunlar ondan xəbər verirdi ki, atılan qarşılıqlı addımlar nəticəsində ortada olan problemlərin həlli mümkünləşəcək. Amma belə görünür ki, vəziyyət proqnozlaşdırılan kimi deyilmiş və ola bilsin, Türkmənistanın öz planları var. Türkmənistan Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə gərginləşdirməkdə maraqlı görünür. Bunun əsas səbəblərindən biri "Nabucco" ilə bağlı ola bilər. Bildiyiniz kimi, Türkmənistanın Rusiyanın "Qazprom" şirkətilə bağlı müəyyən problemləri yaranmışdı. Amma bir müddət öncə Azərbaycan "Qazprom"la müqavilə imzaladı. Bundan sonra "Nabucco" məsələsi ciddi şəkildə gündəmə gəldi. Ola bilsin ki, bu məqam Türkmənistanı belə bir addım atmağa məcbur edib. Ümumilikdə, Türkmənistanın belə mövqeyi hər iki tərəfə xeyir gətirməyəcək, həmin dövlət beynəlxalq məhkəməyə müraciət qərarında israrlı olsa, bu, iki dövlət arasındakı münasibətlərə böyük zərbə olacaq. Bu addım Türkmənistanın özünə də xeyir gətirmir. Çünki əgər bu gün Azərbaycan deyirsə ki, "Kəpəz" yatağını Türkmənistanla birgə işlətməyə hazırdır, amma onların bu cür mövqeyindən sonra ölkəmiz öz təklifindən də imtina edə bilər. Ekspertlər Türkmənistanın hansısa üçüncü qüvvənin təsiri ilə hərəkət etməsi barədəki versiyaları birmənalı şəkildə qəbul etmirlər. Onların fikrincə hazırda nə Rusiya, nə də Qərb Türkmənistana təsir etmək gücündə deyillər. Məsələn, Rusiya türkmən qazının hamısına iddialıdır, buna baxmayaraq son hadisələrdən sonra Rusiya ilə Türkmənistan arasında münasibətlər bir qədər gərginləşib. Eyni zamanda Qərbin də Türkmənistana təsir imkanları azdır. Bu baxımdan atılan addımın üçüncü qüvvənin təhriki ilə atıldığını söyləmək doğru olmazdı.

Türkmənistanla saziş
imzalamaq istəyir

Ekspertlər hesab edir ki, bu həm də Türkmənistanın siyasi manevrləri ola bilər. Nəyə görə? İlk növbədə ona görə ki, hazırda Türkmənistan seçim etmək məcburiyyətindədir. Belə ki, Avropa Birliyi Azərbaycan və Türkmənistanla Tranzxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalamaq istəyir. Bu barədə AB üzvü olan 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair materiallarda bildirilir.
Qeyd olunur ki, AB-nin Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalaması Avropa "Cənub qaz dəhlizi"nin açılmasına mühüm töhfə olacaq.
Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.
Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
Hadisələrin bu şəkildə inkişafı isə Türkmənistanla Rusiya münasibətlərini daha da pisləşdirir və bundan sonra gərginlik artacaq. Ola bilər ki, buna görə Türkmənistan Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirməklə zaman udmaq istəyir və bu zaman ərzində qərbin Rusiyaya təzyiq etməsini istəyəcək. Bəs bu gərginlik Azərbaycan üçün nə deməkdir? Ekspertlər hesab edir ki, Türkmənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi o deməkdir ki, Türkmənistan sabah Rusiya və İranın yanında dayanacaq və beləliklə Azərbaycan təklənəcək. Qeyd edək ki, indinin özünə qədər Rusiya və İran Xəzərin bölünməsi məsələsinə görə Azərbaycana lazımi anlarda təzyiq edirlər. Bu təzyiqdən qurtulmağın yeganə yolu isə Türkmənistanla əlaqələrin normallaşmasıdır. Bundan başqa Türkmənistanla münasibətlər gərginləşərsə Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropaya çıxarılmasıda çətinləşəcək. Bu isə o deməkdir ki, Azərbaycan tranzit ölkə olma imkanından mərhum olacaq. Amma mütəxəssislər heç də pessimist fikirdə deyillər. Onlar hesab edir ki, belə gərginliklər tez-tez olub və sonda ortaq məxrəcə gəlmək mümkünləşib. Buna görə də bildirilir ki, hazırda bəyanatlar dilində danışmaqdan imtina etməli və yenidən işçi qruplar fəaliyyətə başlamalıdır. Bundan başqa bildirilir ki, Avropanın da məsələyə müdaxilə etməsinə çalışmaq lazımdır. Çünki gərginlik artdıqca Rusiya və İranın regiona təsiri daha da artır. Bu isə qərbin enerji təhlükəsizliyinə bir başa zərbədir. Ehtimal edilir ki, yaxın günlərdə yaranan gərginliklə bağlı beynəlxalq təşkilatlar barışdırıcı mövqedən bəyanatlar verərək, məsələlərin qaydaya düşməsinə çalışacaqlar.
Mehdi Əli