"İndi müxalifət nə düşünür, nə keçirmək istəyir və tələbləri nədən ibarətdir, bax, bu, bəlli deyil.

Bunu unikal.org-a müsahibəsində YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Cənab Novruzov Milli Şuranın aprel ayının 9-da keçirmək istədiyi milyonluq aksiya çağrışlarına, Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın planlarına ətraflı münasibət bildirib.

-Siyavuş müəllim, məlum olduğu kimi, Milli Şura növbəti mitinq təyin edib. Öncə bu barədə fikirlərinizi bildirərdiniz.

- Müxalifət müxtəlif dövrlərdə heç bir səbəb olmadan kütləvi aksiyalar keçirir. Öncə bu hava ilə əlaqədardır. Onlar belə şəraitlə öz mitiqlərini uyğunlaşdırırlar. İkincisi, gündəmdə heç bir ciddi və problemli məsələ olmaya-olmaya kütləvi aksiya keçirməyə heç bir əsas yoxdur. Lakin əsas səbəb ondan ibarətdir ki, onlara xaricdən sifariş verilib deyə, belə bir aksiya keçirmək istəyirlər. Bilirlər ki, onların sosial bazası və elektoratı yoxdur və heç nəyə nail ola bilməyəcəklər. Həm özlərinin daxilində ciddi problem var və həm də ümumiyyətlə, əhali tərəfindən bunlara qarşı etimad yoxdur. Üçüncüsü, bir tərəfdən əhalinin sosial problemləri ardıcıl şəkildə həll olunur, elmi konsepsiyalara söykənən ciddi iqtisadi islahatlar gedir. Harada problemlər varsa, onlar aradan qaldırılır. Xarici siyasətdə prezident başda olmaqla hücum diplomatiyasına əsasalanan ciddi iş aparırıq. Daxildə qeyri-neft sektorunun inkişafı ilə bağlı olan məsələlər artıq gündəlik həll olunmaqdadır və bu prosseslər gedir. Ərzaq təhlükəsizliyi ilə bağlı çox mühüm addımlar atılır. Yəni, cəmiyyətin hansı sferasına baxsan, orada iş və islahat gedir. Heç kəs deyə bilməz ki, bir günə hər şey əla olacaq. Bu, mərhələ-mərhələ, addım-addım həyata keçirilir. Biz nəzərə almalıyıq ki, hansı dövrdən hansı dövrə gəlib çıxmışıq. Onda görünür ki, Azərbaycanda nə qədər böyük işlər görülüb. O cümlədən, ölkədə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Hazırda Azərbaycanda tikinti sektorunda yenidən canlanma müşahidə edilir. Yeni tikintilər başlayır, hansı ki, insanlar üçün ucuz qiymətə yaşayış evlərinin tikilməsi, hər rayonda güzəştli şərtlərlə 15-20 belə binanın salınması nəzərdə tutulub.

İki gün əvvəl cənab prezident tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar sərəncam imzalandı. Həmçinin, qəzalı vəziyyətdə olan mənzillərin yenisilə əvəz olunması və əvvəlkindən 10 faiz artıq ölçüdə vətəndaşlara verilməsi onların həyat şəraitinin yaxşılaşmasına yönəlib. Bir sözlə, Azərbaycanda sosial problemlərin həlli üçün hər bir şey düşünülüb və bundan çıxış yolu kimi bütün addımlar atılır.

İndi müxalifət nə düşünür, nə keçirmək istəyir və tələbləri nədən ibarətdir, bax, bu, bəlli deyil. Qeyd etdiyim kimi, bunlara verilən sifariş də xaricdəndir. Bilirsiniz ki, Ermənistanda seçkiqabağı, seçki dövründə, seçkidən sonra parlament seçkilərində ciddi qanun pozuntuları oldu. Bununla əlaqədar olaraq da Ermənistanda kütləvi aksiyalar keçirilir. Məlum olduğu kimi orada bir sıra partiya və təşkilatlar məhz, Azərbaycanla münasibətlərin qurulması ilə bağlı məsələni ortaya qoydular. Onlara aydındır ki, Ermənistanın düşdüyü iqtisadi böhrandan sosial problemlərdən xilası Azərbaycanla əlaqələrin qurulmasından asılıdır. Bizim əsas şərtimiz isə Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal olunmuş ərazilərin boşaldılmasıdır. Belə vəziyyətdə həm erməni lobbisi, həm də onlara havadarlıq edən beynəlxalq təşkilatlar müəyyən qrant müqabilində sifarişlə Azərbaycanda narazılıq yaratmaq istəyirlər. Bir sözlə, Ermənistandakı cinayətkar rejimə və onların xaricdəki havadarlarına dəstavuz verməkdən ötrü bu aksiya nəzərdə tutulur.

- Əli Kərimli və Milli Şuranın nümayəndələri 1 milyona yaxın insanın bu aksiyada iştirak edəcəyini deyirlər. Bu barədə nə deyə bilərsiz?

-Görünür, onların riyaziyyat müəllimi zəif olub. Hesablaya bilmirlər. Azərbaycan müstəqilliyindən sonra 1 milyon insanının kütləvi aksiyalarda iştirakı bir neçə dəfə olub. Hətta Xalq Hərəkatının ən gərgin vaxtlarında da 1 milyon insan iştirak etməyib. Bu qədər insan cəmi 3 dəfə azərbaycanda kütləvi aksiyada və müəyyən tədbirdə iştirak edib. Birincisi, 20 yanvar şəhidlərinin dəfnində, 2-cisi ümummilli liderin 1994-cü il oktyabr hadisələr ilə bağlı azadlıq meydanında keçirdiyi mitinqdə, 3-cüsü ümummilli liderin dəfn mərasimi zamanı. Qalan hallarda Azadlıq Meydanında uzağı 200 min insan toplaşıb. 1 milyon iştirakçı heç vaxt olmayıb.

-Bir neçə gün öncə Əli Kərimli Sahib Kərimlini partiyadan qovdu və narazılıq yarandı. Bu gərginlik barədə nə düşünürzünüz?

-Onlarda belədir. İnsanlar bu partiyadan bir-bir uzaqlaşırlar. Çünki orada Əli Kərimlinin fəaliyyəti nəticəsində AXCP-də demək olar ki, heç kəs qalmayıb. Hər kəs bu partiyanı tərk edib. Nəzərə alsaq görərik ki, partiyanın tərkibində 10-larla partiya yaranıb. O cümlədən də orada olan müavinlər və digərləri alternativ kimi görünürsə, dərhal Əli Kərimli öz qrupu tərəfindən təzyiq göstərərək onların partiyadan uzaqlaşdırılmasına nail olub. Hazırda da Əli Kərimli siyasi partiya rəhbəri deyil. O daha çox köşə yazarıdır. Artıq bu funksiya ilə məşğul olur. Artıq onda siyasi partiya anlayışı yoxdur. Sadəcə olaraq, bunun yazılarına "like edən insanlar var.

-Siyavuş müəllim, əvvəllər YAP-da təmsil olunanlar və yaxud hakim partiyanın ünvanına hər zaman müsbət fikirlər səsləndirənlərin bəziləri nəyə görə birdən-birə müxalif cəbhəyə keçdilər?

-Partiyaya məqsədli, əqidə və nizamnamə proqramını qəbul edib gələnlər var. Bunlar tamam başqa-başqa məsələlərdir. Əqidə ilə gəlmək birdir.Məqəsədlə gəlmək başqa bir şeydir. Təbii ki, hər bir siyasi partiyada təmsil olunan çalışır ki, orda nəsə ələdə etsin. Yəni, öz iradəsini ortaya qoysun, siyasi meydanda çıxış eləsin, mövqe qazansın, seçkilərdə iştirak eləsin. Amma bununla yanaşı, partiyaya gələn insanlarda ən əsası mənəvi dəyər olmalıdır. Bu dəyər də ondan ibarətdir ki, əgər bu gün mənim partiyada maraqlarım təmin olunmursa, bu partiyadan bəyanat verib başqasına və ordan da digərinə keçmək olmaz. Yəni, bir dəfə satan həmişə satır. Lakin YAP-a hər il kifayət qədər insanlar üz tutur. Bunların böyük əksəriyyəti gənclərdir. Bizdə bu gənclərə böyük üstünlük veririk. Ona görə ki, onlar əqidə ilə bu partiyaya üzv olurlar və mövqeləri də bəllidir.

-Ola bilərmi ki, mitinqlər gələn ay Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarına görə keçirilsin?

-Təbii ki, bu səbəb də ola bilər. Biz Avropa Oyunlarında da bu cür halların şahidi olduq.Hansı ki onlar Azərbaycan əleyhinə ermənilərlə birgə işlər aparırdılar. Azərbaycanda mötəbər tədbirlər keçiriləndə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdan ötrü müxtəlif addımlar atırlar. Avroviziya yarışmasında da biz bunu gördük. Avropa Oyunlarında Beynəlxalq Forumlarda biz bunu gördük. Amma artıq müxalifətin elə bir gücü yoxdur.Azərbaycan cəmiyyəti artıq bunları tanıyır. Ona görə ki, bunlar nə edirlərsə, etsinlər öz köhnə ampulalarından çıxa bilmirlər.Yəni, 1990-ci ilin ab-havası, təfəkkürü və düşüncəsi ilə yaşayırlar. Sanki onların hazırda dünyada baş verən proseslərdən xəbərləri yoxdur. Halbuki, xarici təsirlər nəticəsində bu gün ölkələr dağılır, viran qalır, milyonlarla qaçqın ordusu yaranır. Hamiya dərs keçməyə çalışan Avropanın özündə insan hüquqları demək olar ki, ayaq altına salınıb, tapdalanıb. Sərbəst toplaşmaq azadlığı demək olar ki, məhv olunub. Bu yaxınlarda Hollandiyada biz bunun bir daha şahidi olduq. Sərbəst toplaşmaq azadlığı bu ölkədə məhv olub. Dinc nümayişçilərə qarşı atdan tutmuş itə qədər istifadə etdilər. Bunların hamısı onu göstərir ki, artıq onlar özlərinin təbliğ etdiyi insan dəyərlərinin üstündən ən azı 20 dəfə sağa-sola keçiblər. O baxımdan da Avropa ölkələri gəlib bizdən nümunə götürə bilərlər. Azərbaycan cəmiyyəti savadlıdır və xalqımız bunların oynunu yaxşı dərk edir. Bizim borcumuz müstəqil dövlətimizi qoruyub saxlamaq və gələcək nəsilə ötürməkdir. Hesab edirəm ki,

Milli Şura deyilən bir təşkilatın təşkil etdiyi aksiyada 150-200 nəfərdən artıq adam iştirak etməyəcək.