Bu gün - Ümumdünya Meterologiya günüdür, yəni bu gün Azərbaycan əhalisinə hava proqnozu təqdim edən şəxslərin günüdür.

Unikal.org xəbər verir ki, elə bu məqsədlə report Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar "Report"un Proqnozlar Bürosundan mart ayının 23-ü reportaj hazırlayıb. 

Operativlik

Hidrometeoroloji Proqnozlar Bürosu Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Büroda 5 şöbə və 2 qrup fəaliyyət göstərir. Proqnozlar bürosunda 70 işçi var. Onlardan 3 nəfəri kişidir, qalan hamısı xanımdır. İşçilər fasiləsiz iş rejimində, yəni 24 saat ərzində, növbətçilik iş qrafiki əsasında çalışırlar. Büronun direktor əvəzi Gülşad Məmmədovadır. O, sənətinin fəadaisi olan xanımlardandır, gününün demək olar yarıdan çoxunu işinə qurban verir.
Hidrometroloqların işinin çətinliyi ondan ibarətdir ki, onların gördükləri iş hər gün, hər an göz önündə olur. Gündəlik iş rejimindən danışan Gülşad Məmmədova deyir ki, səhər əsas heyət işə gələn kimi bütün məlumatlar toplanılır. İlk işləri ötən gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitini izləmək olur, sonra yeni proqnozun tərtibinə başlayırlar. Hidrometroloqlar bir məlumatla kifayətlənib, proqnozun tərtibatı ilə məşğul olmurlar. Büronun iş fəaliyyətində bir neçə texnologiyadan istifadə olunur: TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemi, VSAT-Peyk Məlumat Mübadiləsi Sistemi, UniMASS, EUMETSAT peyk sistemi... Rusiyadan və Türkiyədən hər gün oradakı atmosfer hadisələrini izləmək üçün xəritələr alınır. Bu xəritələr işçilərə qonşu ölkələrdən xəbər almağa kömək edir. Həmin xəritələr vasitəsilə 24-48-72-96-120 saatlıq məlumatları almaq olur. Hər gün günorta saatlarına kimi, hava proqnozu hazırlanır və ictimaiyyətə açıqlanır.
Hava haqqında məlumat hazır olanda ilk olaraq saytlara yollanılır və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhifəsinə qoyulur. Proqnozlar hazır olandan sonra bülleten şəklində yığılır, əlaqədar təşkilatlara, nazirliklərə çatdırılır. Bülletenlər hər gün yığılır.

Hava mətbuatda

Müsahibim deyir ki, bütün mətbu orqanlarla münasibətləri yaxşıdır. Amma bu orqanlarının sayının çox olması büroya gələn zənglərin də sayına təsir edir. Ən çox da yazılı mətbuatda işləyən jurnalistlər büroya tez-tez zəng edirlər: "Bütün jurnalistlər istəyir ki, hava proqnozunu birinci o versin".

Görülən iş

Büroda havanın tempereturu, buludluluq, aşağı və orta buludluluq, görünüş (məsafə nə qədərdir dumanda), küləyin surəti və istiqaməti, təzyiq, tendensiya(təzyiq fərqi) və s. hidrometeoroloji hadisələr tərtib edilir.

Qorxulu metereoloji hadisə

Müsahibim deyir ki, büro 3 saatdan bir, 24 saatda 8 dəfə stansiyalardan hava haqda məlumatlar alır. Respublikanın 7 bölgəsi, Xəzər dənizinin 6 akvatoriyası üzrə hidrometeoroloji proqnozlar tərtib edilir. Respublika ərazisində 92 stansiya, 66 avtomat stansiyalar var: " Əgər büroya gecə məlumat daxil olur və yaxın 2-3 saatda küləyin güclənməsi gözlənilirsə, biz bu barədə gecə ilə müvafiq qurumlara, xüsusən Neft Daşlarına məlumat çatdırırıq. Lap ifrat qorxulu metereoloji hadisə, təhlükəli və təbii fəlakət olacağını müəyyənləşdirəndə biz vaxtından iki gün də qabaq müvafiq qurumları məlumatlandırırıq, xəbərdarlıq edirik".

Xarici ölkələrin havası

Xarici ölkələrin proqnozları xəritələr vasitəsilə müşahidə edib, öyrənilir. Peyk vasitəsilə də məlumatlar alınır: "Qonşu ölkələrdəki hava şəraitinin ölkəmizə təsirini xəritələrə əsasən bilirik. Yəni həmin ölkələrdəki atmosfer dəyişikliyinə baxırıq, dəyişikliyin ölkəmizə təsirini həmin ölkələrin hava şəraitindən, müşahidə olunan küləyin sürətindən, gəlmə vaxtından, istiqamətindən müəyyənləşdiririk".

Tibbi metereoloji proqnozlar

Tibbi metereoloji proqnozlar həftədə iki dəfə verilir. Bu proqnozlar hava şəraitinin insanlara necə təsir edəcəyi barədə məlumat verir.
Mütəxəssis qeyd edir ki, havada kəskin dəyişiklik olanda tibbi-metereoloji xəbərdarlıqlar da verilir. Bu proqnoz növü, gözlənilən hava şəraitinin insanlar üçün çox əlverişsiz olacağını ifadə edir. Məsələn, məlum olanda ki, atmosfer təzyiqi yüksələcək, güclü cənub küləyi əsəcək və təzyiqin aşağı enməsinə şəraiti yaradacaq, bu zaman mütləq əhali xəbərdar edilir. Belə olanda əksər meteohəssas insanlarda narahatlıq hissi yaradır.

Ən uzunmüddətli proqnoz

Ən uzunmüddətli proqnozlar aylıq, rüblük hidroloji proqnozlardır. G.Məmmədova deyir ki, uzunmüddətli proqnozlar şöbəsində həftəlik proqnozlar da hazırlanır: "Zaman məsafəsi uzandıqca proqnozun özünü doğrultma faizi azalır. Üçgünlük proqnozların özünüdoğrultma faizi daha yüksək olur. Üç gündən çox müddətə verilən proqnozların doğru çıxma fazi isə getdikcə az olur".


2017-ci ilin minimum temperaturu

Müsahibim deyir ki, bu il respublika ərzində, Naxçıvanda "-24" dərəcəyədək şaxta müşahidə olunub. Böyük Qafqaz dağlarında da aşağı temperetur "-23-24" dərəcəyədək olub.
Yağıntılar qeyri-bərabər paylanır, ümumi götürdükdə yağıntı bu il daha çox Böyük Qafqaza, Lənkəran-Astara zonasına düşüb.
Çoxillik hidrometroloji məlumatlara əsasən havanın maxsimal temperaturu Naxçıvan və Mərkəzi Aran rayonlarında 43-45-dərəcəyədək isti təşkil edib.

Küləklər şəhərinin təhlükəli küləkləri

Respublika ərazisində ən güclü külək saniyədə 39 metrədək olur. Güclü külək, yəni saniyədə 30-35 metrədək əsən külək paytaxt Bakı üçün xarakterikdir. G.Məmmədova deyir ki, külək nadir vaxtlarda 39 metr/saniyəyədək yüksəlir: "2015-ci ildə dekabrın 4-də "Neft Daşları NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza zamanı küləyin sürəti saniyədə 39 metr qeydə alınmışdı. Təhlükəli küləklər olacağı barədə məlumat daxil olan kimi, müvafiq təşkilatlara mütləq xəbərdarlıq olunur. Məsələn Bayraq Meydanına məlumat verilir, küləyin sürəti müəyyən həddi keçəndən sonra bayraq endirilir".

Proqnozlarda yanlışlıq

Təbii ki hava proqnozu ehtimaldır. 100 faiz doğru çıxacaq deyə bir şey yoxdur. Amma proqnozun 100 faiz dəqiq çıxdığı günlər də olur. Mütəxəssis deyir ki, indiyədək Proqnozlar bürosunun hazırladığı proqnozların tamamilə yanlış çıxması halı olmayıb.
G.Məmmədova deyir ki, proqnozların özünü doğrultma faizi yüksəkdir: "Proqnozların yanlış çıxması ondan qaynaqlanır ki, ərazilərdə hava fərqli olur. Məsələn biz məlumatda qeyd edirik ki, sabah paytaxtın bəzi yerlərinə yağış yağacaq. Hamı düşünür ki, sabah mütləq yağış yağacaq. Amma yağış Bakının bəzi yerlərinə yağır, digər yerlərinə isə yağmır. Eyni ilə müəyyən ərazilərə qar yağır, digər yerlərdə olmur. Yəni yağıntı qeyri-bərabər şəkildə paylanır. Bu proqnozun yanlış çıxması demək deyil".

Əsirlikdə olan hava

Azərbaycanın işğal altında olan ərazilərindəki 17 ədəd hidroloji məntəqədə hidrometeoroloji müşahidələr dayandırılıb və hidrometeoroloji müşahidə bazası sıradan çıxarılıb.
Hazırda Qarabağın işğal altında olan rayonlarının hava proqnozu Daşkəsən, Gədəbəy, Ağdamda yerləşən stansiyalar vasitəsilə və əldə olunan proqnostik xəritələrə əsasən tərtib olunur. Onlar vasitəsilə tam doğru məlumatın alınması mümkün olmasa da, müəyyən hesablamalarla proqnoz hazırlanır.

Süni hava

Mütəxəssisisin sözlərinə görə, sovet dövründə buludları topla vurulması, dağıdılması, qovulması kimi söhbətləri hamı eşidirdi: "Guya hava süni idarə olunur. Havanın süni idarə olunması mümkün deyil, necə ola bilər axı... Yağışı, qarı biz necə yarada bilərik... Bizim proqnozlarımız elmə əsaslanır, yəni el deyimlərinə görə müəyyənləşdirmirik".


"Evimin şiferini dəyişmək istəyirəm, gələn həftə hava necə olacaq?"

Müsahibim deyir ki, sadə vətəndaşlar tərəfindən proqnozlar bürosuna növbəti günlərin hava proqnozunu öyrənmək üçün hər gün xeyli zəng gəlir. Əkinçiliklə, kənd təsərrüfatı ilə məşğul olan, övladına toy etmək istəyən, yaxın günlərdə rayonlara getməli olan şəxslər zəng edərək hava proqnozunu soruşurlar. Hətta bir dəfə vətəndaş zəng edərək bildirib ki, evinin şiferini (dam örtüyünü) dəyişmək istəyir, gələn həftə hava necə olacaq...
G.Məmmədova uzun müddətə soruşulan proqnozları vermədiklərini deyir: "Zaman uzandıqca proqnozun doğru çıxma faizi azları. Biz isə yalançı çıxmaq istəmirik. Ona görə deyirik ki, bir neçə gün qalmış zəng edin dəqiq məlumat verək".

Sadə vətəndaşların təşəkkürü

Bu çətin, operativ iş sahiblərinin əməklərinə qiymət verib, təşəkkür üçün zəng edənlər də olur. Təşəkkürlər ən çox da xəbərdalıqlarla bağlı olur, bir neçə gün əvvəl verilən hava proqnozu, insanların işlərini əvvəlcədən düzgün planlamasında kömək edir.

Şikayətlər

Gülşad xanım deyir ki, çox az hallarda şikayət olur: "Şikayətlər ən çox televiziya kanallarında olan yanlışlıqlarla bağlı olur. Deyirlər ki, "TV-lərdə havanın temperaturu fərqli göstərildi. İndi bunun hansı doğrudur?". Amma son dövrlərdə belə narazılıqlar ilə elə də çox rastlaşmırıq".
Müsahibim deyir ki, büro ancaq bir proqnoz hazırlayır və hər yerə eyni proqnoz yollayır, yəni fərqli proqnozun verilməsi mümkün deyil: "Necə ola bilər, nə maraq var ki, biz kiməsə fərqli məlumat verək".

Məyusluq

Mütəxəssizin sözlərinə görə, hava şəraiti proqnozda qeyd olunan kimi olmayanda məyus olurlar. Bu, gün ərzində gözü onların tərtib edəcəyi proqnozda olan insanları aldatmaq kimi olur: "Yanlış məlumatın yayılması bizim üçün mənfidir, axı həmin proqnozu gün ərzində neçə milyon adam izləyir. İnsanlar məhz həmin proqnozlara görə günlərini planlaşdırırlar".