Müxalifətin "vahid namizəd" oyununda kim udacaq: iqtidar, yoxsa...?
Müxalifətin "vahid namizəd" oyununda kim udacaq: iqtidar, yoxsa...?

Müxalifətin, habelə İctimai Palatanın 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədlə qatılmaq məsələsi gündəmdən düşmür. Axı necə də olsa, ölkəmiz müstəqillik qazanandan sonra çoxpartiyalı sistemi təsbit edən konstitusiya qəbul edilib və deməli, ölkədə iqtidarla yanaşı müxalifət də olmalıdır. Konstitusiyanın filan maddəsinə görə...

İqtidarda olmaq çox şirin məsələdir... Çox... Bunu bütün dünyada bilirlər.
Müxalifətdə olmaq isə...

Hamletin atasının kabusu

Bu məqamda Mirzə Cəlilin Şeyx Nəsrullahı demişkən, "O ki qaldı mənkuhatın bəzi müəzzəm faidələrinə, burada mətləb bir az tüldur".
Yəni məsələ çox dolaşıqdır. Ən azından, ona görə ki, bir neçə instansiyaya sübut etməlisən ki, bu ölkədə müxalifət kimi mən də varam. Məsələn, cəmiyyətə... Ara-sıra iqtidarın bəzi-bəzi əməlləri barədə tənqidi bəyanatlar verməlisən - bu, bir. Ayıq-sayıq tənqidçilik postunu heç vaxt tərk etməməlisən - bu, iki. Üçüncüsü... Üçüncü, dördüncü və n-inci bəndlərə keçəsi olsaq, axırda mənasız və məntiqsiz bir sicilləmə alınacaq. Bu mənasız və absurd sicilləmənin çözümünü əldə etmək üçün isə gərək Bakının Nərimanov parkında hərdən peyda olub Hamletin atasının kabusu tək fikirli-fikirli yalqız dolaşan İbrahim İbrahimlinin üstünə gedəsən. O da üzücü fikirlərdən canını qurtarıb bu müəmmaların yozumunu vermək həvəsində olsa...
Müxalifətin özünü sübut edəcəyi ikinci instansiya iqtidardır. Burada məsələ daha dolaşıqdır. Bu tərəflər bir-birlərini ümumiyyətlə qəbul etmirlər. Hərçənd ki qarşılıqlı borcları çoxdur...
Üçüncü instansiya beynəlxalq qurumlardır. Bu qurumların da qozu çoxdur. Və onlar qoz sındırmağı çox xoşlayırlar. Kefləri necə istəsə, o cür də qoz qırırlar. Ürəkləri kimi istəsələr, onun başında...
Və eşitdiyimizə görə, burada uzun bir növbə var...
Xülasə, bizim kimi avam, sıravi vətəndaşların dərrakəsinin həzm edə bilməyəcəyi bir çox merkantil səbəblər üzündən Azərbaycan müxalifətinin "Vahid namizəd-2013" mövzusu gündəmdən düşmür. Az qala, hər gün "müstəqil" informasiya agentlikləri və "müstəqil" qəzetlər bu barədə görkəmli-görkəmli xadimlərimizin palazqulaq-palazqulaq açıqlamalarını yayımlayırlar...
(Əziz oxucu, yazını bir qədər yumoristik tonda başlasaq da, lap ciddi tərzdə vurğulamalıyıq ki, bu, hökmən belə olmalıdır. Yəni xaricdən Azərbaycana boylananlar görməlidirlər ki, Avropaya inteqrasiya olunmaq yolunda iri addımlarla irəliləyən Azərbaycanda müxalifəti əsla bəyənməyən barışmaz iqtidar da var və iqtidarı əsla qəbul etməyən barışmaz müxalifət də... Başqa cür olması əsla söz konusu deyil... Çünki bir də görəcəyik ki, Binə hava limanında nəfəsini təzəcə dərmiş "Boinq-747"-dən əlində qoz tutmuş müsyölər, serlər, misterlər və ya siyasi xanımlar enir...
Sizə zarafat gəlməsin, "müxalifət-iqtidar" oyununun çox ilginc və sirli tərəfləri var. Həm də, öz aramızdır, kim istəyər ki, onun başında qoz qırsınlar. Özü də yadelli qozu ola!)
"Vahid namizəd-2013" kampaniyasının üç "valideyni" var: Mən iddiası (siyasətçilərimiz siyasət meydanına atılandan bu sağalmaz mərəzə mübtəladırlar), siyasi savadsızlıq (ortada vahid namizəd deyil, vahid hədəf olmalıdır) və iqtidarın barmağı (kim siyasi rəqibini güclü görmək istəyər ki?)
İndi isə bir qədər də ciddi tonda...

"bir-birinə patoloji nifrət edən şəxslər"?

Millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, İctimai Palatada "Vahid namizəd-2013" kampaniyası ilə bağlı bir gərginlik müşahidə olunur: "Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram. Ona görə də onların bir-birinə güzəştə getmələri çətin məsələdir".
Q. Həsənquliyev deyib ki, xarici qüvvələrin İctimai Palatanı dəstəkləməsinin gözlənilən olmadığı bəllidir: "Beynəlxalq Birlik Azərbaycanın indiki prezidentini birmənalı şəkildə dəstəkləyir. Xüsusilə də ABŞ, Rusiya və Türkiyə. O ölkələr ki, onların Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları var. Hazırda Azərbaycanın yürütdüyü daxili və xarici siyasət hər 3 dövlətin maraqlarına əsasən cavab verir".
Partiya sədri Azərbaycanda ciddi sosial gərginlik olmadığını da qeyd edib: "Eyni zamanda cəmiyyət də yeni keyfiyyət dəyişikliklərinə hazır deyil. Bu baxımdan, nəinki İctimai Palatanın, bütövlükdə müxalifətin bu seçkilərdə uğur qazanmaq şansı çox aşağıdır.
İctimai Palatanın vahid namizəd müzakirələri ilə bağlı bir də onu deyə bilərəm ki, məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Ziyalılar Forumundan Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər. Mənə çatan bilgilərə görə, İctimai Palatada bu tipli müzakirələr gedir. Hər halda bu iki şəxs həmin düşərgədə təmsil olunan insanların arasında həm ölkə daxilində, həm də ölkədən kənarda ən çox tanınanlardır. Məncə, bu şəxslərin namizədliyi o düşərgənin seçkilərdə daha yaxşı təmsilçiliyini şərtləndirə bilər. Ancaq həmin şəxslərdən birinin namizədliyinin irəli sürülməsi də hazırda İctimai Palata adı ilə çıxış edən düşərgəyə ciddi uğur qazandıra bilməyəcəyinə əminəm. Düşünürəm ki, bütövlükdə müxalifət qüvvələri sonradan sarsıdıcı xəyal qırıqlığına düçar olmamaq üçün seçkilərdə qələbə qazanmağı hədəf seçməməli, cəmiyyətin inkişafına töhfə vermək üçün onun irəli aparılmasının yolları barədə düşünməlidirlər".

Ərəstun Oruclu:
"İctimai Palatada vahid
namizədlə bağlı müzakirələr aparılmayıb"

İP-nın üzvü, politoloq Ərəstun Oruclu bizimlə söhbətində bildirdi ki, onun adının vahid namizəd kontekstində hallandırılması yanlış informasiyaların nəticəsidir: "İctimai Palatanın fəal üzvü kimi deyə bilərəm ki, bu qurumda sözügedən məsələ ilə bağlı müzakirələr aparılmayıb. Bununla belə, mənim adımın müxalifətin vahid namizədi kimi hallandırılmasını ehtiva edən belə bir informasiyaya indilikdə münasibət bildirmək istəmirəm. Bu haqda bir müddət düşünməyə ehtiyacım var".
Politoloq onu da vurğuladı ki, "Azərbaycan müxalifətinin strateji hədəfləri və bu hədəflərə uyğun da taktiki variantları var. Vahid namizəd söhbəti taktiki məsələdir. Amma ümumən qeyd etməliyəm ki, bütövlükdə Azərbaycan siyasətində bir səthilik, primitivlik müşahidə edilir. Bu dəyərləndirməm həm iqtidar düşərgəsinə aiddir, həm də müxalifət".

Cəmil Həsənli: "Mən bu söhbətdən xəbərsizəm"

Ziyalılar Forumunun üzvü, tarix elmləri doktoru Cəmil Həsənli millət vəkili Qüdrət Həsənquliyevin açıqlamasına münasibət bildirərkən dedi ki, "Mən bu söhbətdən və ümumiyyətlə, İctimai Palatada müxalifətin prezidentliyə vahid namizədlə bağlı müzakirələrin aparılıb-aparılmamasından xəbərsizəm".
Cəmil Həsənli onu da vurğuladı ki, "Azərbaycan cəmiyyətində Ziyalılar Forumu ilə İctimai Palatanın münasibətləri barədə bəzən yanlış qənaətlər və mülahizələr yer alır. Bildirmək istəyirəm ki, Ziyalılar Forumu İctimai Palata ilə yaxından təmasdadır və bu təmas təkcə 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqəli deyil. Hər iki qurumun başlıca hədəfi Azərbaycan cəmiyyətinin tam demokratikləşdirilməsindən ibarətdir. Cəmiyyətdə isə demokratikləşmə baxımından o qədər həll edilməmiş və çox hallarda isə həlli zor görünən problemlər var ki, bu əməkdaşlığın uzun sürəcəyi qənaətindəyəm".
Savalan