SƏMƏD SEYİDOV: "AZƏRBAYCANA HEÇ KİM HEÇ VAXT HANSISA FORMADA TƏZYİQ EDƏ BİLMƏZ"
SƏMƏD SEYİDOV: "AZƏRBAYCANA HEÇ KİM HEÇ VAXT HANSISA FORMADA TƏZYİQ EDƏ BİLMƏZ"

"Avropa Şurası, qurumun Parlament Assambleyası Azərbaycanda insan haqlarına yanaşmada qərəzli mövqe tutub, ədalətli davranmayıb. Yalnız Avropa Şurası mövqeyində düzəlişlər edəcəyi halda Azərbaycanda məhbusların problemləri ilə məşğul olan, hökumət, parlament və qeyri-hökumət təşkilatlarından ibarət işçi qrupu bərpa etməyə hazırıq".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupun üzvü olmuş Səməd Seyidov saytına açıqlamasında belə deyib.
2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunurdular. Hökumət hesab edirdi ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etməsinə ehtiyac yoxdur, işçi qrup problemli məhbusların məsələsini müzakirə edib aradan qaldıra bilər. 2009-cu ilin əvvəlində AŞPA Kristofer Ştrasseri Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edəndən sonra qrup fəaliyyətini dayandırdıb. İndi hüquq müdafiəçiləri işçi qrupun bərpa olunması təklifi ilə çıxış ediblər.
Səməd Seyidov bildirib ki, işçi qrup faydalı fəaliyyət göstərirdi: "İnsan haqları məsələlərinin həll olunması üçün ölkə daxilində bir mexanizim yaradılmışdı. Dövlət, parlament nümayəndələri, QHT-lər bir yerə yığılaraq insan haqları problemlərini müzakirə etməklə məşğul olurdular. Məsələlərin əksəriyyətini həll edirdik. Təəssüflər olsun ki, Avropa Şurasının bəzi dairələri, bəzi qurumları bu məsələyə münasibəti düzgün dərk etmədilər və siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasına nail oldular. Həmin məruzəçi üç-dörd il müddətində Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli mövqe tutdu, həqiqət olmayan fikirlər səsləndirdi. Mənbəyi məlum olmayan siyahılarla çıxış edərək vəziyyəti daha da gərginləşdirdi".
Komitə sədri hesab edir ki, insan haqları probleminin Avropa Şurasında yox, Azərbaycanın daxilində həll olunması daha məqsədəuyğundur: "Təəssüflər olsun ki, AŞPA-nın sonuncu sessiyasında Kristofer Ştrasser mövqeyini kəskin şəkildə ortaya qoyaraq Azərbaycana qarşı iki məruzənin qəbul olunması üçün təşəbbüslər irəli sürmüşdü. Ona görə də buna çox obyektiv, real yanaşma lazımdır. Avropa Şurası bizim əvəzimizə insan haqları problemlərini həll etmək iqtidarında deyil. Avropa Şurası insan haqlarından bir alət kimi istifadə edərək bizə təzyiq göstərmək niyyətindədirsə, bu da çıxış yolu deyil, bununla problemlər həllini tapmayacaq, bu baş verməyəcək. Müstəqil dövlət olan Azərbaycana heç kim heç vaxt hansısa formada təzyiq edə bilməz. Ona görə daha yaxşı olar ki, Avropa Şurası bu istiqamətdə atılan düzgün olmayan addımlara münasibətini bildirsin, mövqeyini ortaya qoysun".
Deputatın sözlərinə görə, bəzi beynəlxalq qurumlar insan haqları problemini Azərbaycana qarşı təzyiq vasitəsinə çeviriblər: "Belə vəziyyətdə, bu şəraitdə hansısa qərar qəbul etmək çox çətindir. Ona görə də biz əsas münasibətimizi, gücümüzü ona yönəltmişik ki, izah edək ki, Azərbaycana təzyiq keçmir. Azərbaycanla bu şəkildə danışmaq düzgün deyil.
Azərbaycan dialoqdan qaçmır, dövlət qurumları QHT-lərlə, vətəndaş cəmiyyəti ilə əlaqələr qurur, birgə işlər təşkil edir. Əməkdaşlığın hansı formada qurulması müzakirə obyektidir. İşçi qrupumu, yoxsa hansısa məsləhətləşmələrmi olacaq, bunlar dəqiqləşdirilir. Zaman dəyişib, dövr dəyişib. Ancaq biz nə Avropa Şurası, nə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan imtina etmişik. Əksinə, əməkdaşlığın tərəfdarı olmuşuq".