Stalinin oğlu Yakov Cuqaşvili nə vətəni, nə də atasını satıb. Dahi rəhbərin böyük oğlu Yakovun həyatı barədə müxtəlif hipotezlər var. Bu hipotezlərdən birinə əsasən, Yakov Cuqaşvili İraq diktatoru Səddam Hüseynin atasıdır.

Unikal.org olke.az-a istinadənbu gün oxuculara "millətlər atasının oğlunun həyatını təqdim edir.

İlk sevginin meyvəsi

Stalinin böyük oğlu Yakov Cuqaşvilinin bioqrafiyası mif və ziddiyətlərlə doludur. 1941-ci ilin yayında onun başına gələn hadisə ilə bağlı bir neçə versiya var. Müxtəlif tarixçilər Yakovun atası ilə bağlı münasibətlərinə bir-birini inkar edən qiymətlər veriblər. Yakovun həyatı faciələrlə doludur. Amma o, son dəqiqələrdə də ləyaqətini qorumağı bacarmışdı.

Yakov 1907-ci ilin 18 mart tarixində Gürcüstanın Badzi kəndində anadan olub. O, İosif Cuqaşvili və Yekaterina Svanidzenin ilk övladıdır. Uşaq yaş yarım olanda anası vərəm xəstəliyindən dünyasını dəyişir. Arvadını həddən artıq çox sevən İosif dəfn mərasimində tabutun üstünə atılır. Gələcəyin "millətlər atası üçün Katonun ölümü güclü mənəvi zərbə idi.

Amma inqilabi fəaliyyət, həbslər və sürgünlər oğlunun tərbiyəsi ilə məşğul olmağa imkan vermir. Yakov anasının qohumlarının yanında böyüyür. Stalin oğlunun tərbiyəsi ilə 1921-ci ildə, Moskvada məşğul olmağa vaxt tapır. Yakovun artıq 14 yaşı var idi.

Xuliqan və şantajçı

Yakov xarakter cəhətdən atasına bənzəyirdi və ata-oğul bir-biri ilə anlaşa bilmirdi. Faktiki olaraq atasız böyüyən Yakov hərəkətləri ilə Stalini özündən çıxarırdı.

Ata və oğul arasında əsl ciddi münaqişə 1925-ci ildə baş verdi. Elektro texnika məktəbinin məzunu Yakov 16 yaşlı Zoya Quninlə evlənmək istədiyini bildirdi. Stalin oğlunun erkən nikahına icazə vermədi və çılğın Yakov özünə qəsd etmək istədi. Xoşbəxtlikdən Yakov sağ qaldı, amma atasının hörmətini birdəfəlik itirdi. Stalin oğluna şantajçı və xuliqan olduğunu bildirdi, amma istədiyi kimi yaşamağa da icazə verdi.

Stalin böyük oğluna elə də yaxınlıq göstərməsə də, onun ikinci nikahdan olan övladları, Vasili və Svetlana ögey qardaşlarına doğru can atırdılar. Svetlana Yakovu Vasilidən də çox istəyirdi.

Yakovun Zoya ilə nikahı qısa sürdü. Olqa Qolışeva ilə də sevgi macərası nikahla nəticələnmədi. Yakov balet ustası Yuliya Meltserə aşiq olur. Cütlük 1936-cı ildə ailə həyatı qurur. Bu Yakovun ikinci evliliyi idisə, balerina artıq üçüncü dəfə ərə gedirdi. Bu dövrdə Yakov hərbi karyeranı seçmişdi və Artilleriya akademiyasına daxil olmuşdu. 1938-ci ildə Yakovun qızı dünyaya gəldi və körpəyə Qalina adını verdilər.

İtkin düşən

Yakovun həyatı yavaş-yavaş qaydasına düşürdü. Atası Stalin ona qayğı və diqqət göstərməsə də, Yakov da "qızıl oğlan rolu üçün can atmırdı. İstənilən halda, əmin olmaq olardı ki, Stalin oğlunu nə öz yerinə, nə də partiya üçün hazırlamırdı.

1941-ci ilin iyun ayında artilleriya zabiti Yakov Cuqaşvili cəbhəyə yollanır. Şahidlərin bildirdiyinə görə ata və oğlun vidalaşması kifayət qədər soyuq olub. Stalinin oğlunu 1-2 kəlmə ilə yola salıb: "Get, vuruş.

Nəzərə almaq lazımdır ki, "millətlər atasının oğlu ilə arasında belə soyuq qarşılıqlı münasibətlər onların son görüşündən çox-çox əvvəl yaranmışdı. 14-cü tank diviziyasının 14-cü polkunun 6-cı artilleriya batareyasının baş leytenantı Yakov Cuqaşvili üçün müharibə çox sürətli oldu. 24 iyundan cəbhədə olan Yakov 7 iyul tarixində Belarusiyanın Senno şəhərindəki savaşlarda fərqlənir.

Amma bir neçə gün sonra ordunun tərkibinə 14-cü diviziya da daxil olan hissəsi mühasirəyə düşür. 1941-ci ilin 16 iyul tarixində Liozno rayonunda mühasirədən çıxmağa cəhd göstərən baş leytenant Cuqaşvili itkin düşür. Yakovun axtarışları 1 həftədən çox davam edir. Amma nəticə əldə edilmir.

Əsirlikdə

Bir müddət sonra sovet əsgərlərinin başına göydən fotoşəkilli kağız vərəqələr səpələməyə başladılar. Fotodakı şəxs guya könüllü surətdə əsir düşən, Stalinin oğlu Yakov Cuqaşvili idi. Nasistlər sovet əsgərlərinə "millətlər atasının oğlundan nümunə götürməyi təklif edirdilər.
Oğlunun əsir düşməsi barədə xəbəri Stalinin necə qarşıladığı barədə dəqiq məlumat yoxdur. Amma məlum olan odur ki, nasistlərin propoqandası gözlənilən nəticəni vermədi.

Yakov Cuqaşvili ictimai şəxs deyildi. Bu səbəbdən sovet əsgəri fotonun həqiqətən Stalinin oğluna məxsus olduğunu və ya alman provokasiyası olduğunu bilmirdi. Bu həm də Yakovun taleyi haqqında dəqiq məlumat öyrənmək istəyən sovet rəhbərliyinə də məlum deyildi.

Əsirlikdə Yakovun başına gələn hadisələr barədə sənədlər müharibənin sonlarında alman arxivlərindən tapıldı. Sənədlərə əsasən, 1941-ci ilin 16 iyul tarixində əsir düşən leytenant dindirilmə zamanı özünü ləyaqətli aparıb. O, almanlarla əməkdaşlıq etməkdən imtina edir. Yakov müharibənin ilk həftələri baş verən hadisələrdən mütəəssir olsa da, qələbəyə inamı böyük idi.

Bundan sonra Yakovun əsir düşərgələrində əzablı günləri başlayır. Almanlar əvvəlcə Yakovu dilə tutaraq əməkdaşlığa cəlb etmək istəsələr də, qəti etirazla rastlaşırlar. Sonra isə onu gestapo həbsxanasına salırlar. Burada Stalinin oğlunu qorxutmağa cəhd edirlər. Amma bu üsul da nasistlərə arzuedilən nəticəni vermədi.

Ölümü

Nəhayət, Yakov Cuqaşvili Zaksenhauzen əsir düşərgəsinin tərkibindəki "A adlı xüsusi düşərgəyə göndərilir. Burada almanlar Hitler əleyhinə koalisiya üzvlərinin yüksəkrütbəli vəzifəlilərinin qohumlarını saxlayırdılar. Yakov düşərgədə özünü kifayət qədər qapalı aparsa da, administrasiyaya olan nifrətini gizlətmirdi.

1943-cü ilin 14 aprel tarixində Yakov Cuqaşvili düşərgənin yüksək gərginlik keçən tikanlı məftillərinə tullanır. Eyni anda isə düşərgənin keşikçisi atəş açır. "Millətlər atasının oğlu yerindəcə ölür. Bu hərəkətin səbəbi barədə dəqiq məlumat yoxdur, güman ki, heç vaxt da olmayacaq. Yakovla birlikdə olan əsirlərdən biri deyir ki, Berlin radiosunda yayımlanan verilişdən sonra "millətlər atasının oğlu çox məyus olub. Radioverilişdə isə Stalinin sözlərindən sitat gətirmişdilər: "Mənim Yakov adlı oğlum yoxdur.

Məlumdur ki, Yakov ilk dindirilmələrdə əsir düşdüyü üçün atasından utandığını bildirmişdi. Çox güman ki, sözügedən radio veriliş sonuncu damla olub və Yakov özünə qəsd etmək qərarına gəlib.

Baş tutmayan mübadilə

Yakov Cuqaşvili ilə əlaqəli ən məşhur hərbi tarixçə 1943-cü ilə məxsusdur. İddia edilir ki, guya hitlerçilər Yakov Cuqaşvilini Qırmızı Xaç komitəsinin vasitəsi ilə Stalinqradda əsir götürülmüş feldmarşal Fridrix Paulsla dəyişməyi təklif ediblər. Belə bir təklifin olduğu barədə Svetlana Alliluyeva da öz xatirələrində yazır. Svetlana bu məsələdə atası Stalinə əsaslanır. Stalin hitlerçilərin bu təklifinə qəti cavab verir: "Mən əsgəri feldmarşala dəyişmirəm.

Bəzi tarixçilər belə bir təklifin olduğuna inanmırlar. Tənqidçilər isə Stalinin təklifdən imtina etməsini qəddarlıq kimi dəyərləndirirlər. Amma düşünmək lazımdır ki, müharibə aparan ölkənin, milyonlarla əsgəri əsir düşmüş bir dövlət başçısı belə yolla oğlunu xilas edə bilərdimi?
Georgiy Jukov xatirələrində yazır ki, bir dəfə müharibə vaxtı Stalindən Yakovun taleyini soruşub. "Millətlər atası başını əyərək cavab verir ki, Yakov insanlardan təcrid edilmiş düşərgədə saxlanılır və çox güman ki, heç vaxt azadlığa buraxılmayacaq.

Müxtəlif mənbələrdə isə bir neçə dəfə Yakov Cuqaşvilini xilas etmək üçün xüsusi əməiyyatların keçirildiyi barədə məlumat var. Amma bu əməliyyatlar uğurla nəticələnməyib.

Yakov Cuqaşvili Səddamın atasıdır?

Yakov Cuqaşvilinin əsir düşməsi onun arvadı Yuliya Meltserin taleyinə birbaşa təsir göstərdi. Yuliya həbs edilir və il yarım həbsdə yatır. Yakovun nasistlərlə əməkdaşlıq etmədiyi anlaşılanda Meltser həbsdən azad edilir.

Yakovun qızı Qalina Cuqaşvilinin xatirələrinə əsasən, Yuliya həbsdən azad edildikdən sonra Stalin ölümünə qədər onlara himayədarlıq edir. Nəvəsinə isə xüsusi qayğı ilə yaxınlaşır. "Millətlər atasının fikrinə görə Qalina Yakova çox oxşayırdı.

Bununla belə, Yakovun yaxınları Cuqaşvilinin başına gələnlər barədə başqa bir versiyanı iddia edirlər. Qalina Cuqaşvili və Stalinin övladlığı Artyom Sergeyevin fikrinə görə, Yakov Cuqaşvili 1941-ci ilin 16 iyul tarixində döyüşdə həlak olub. Əsirlikdə olan isə onun bənzəri olub. Yakovun əsirlikdəki fotosunu qohumları və doğmaları fotomontaj sayırlar. Həm də onlar dindirilmə protokolundakı uyğunsuzluqlara diqqət çəkirlər. Qohumların bildirdiyinə görə, Yakov qətiyyən xarici dilləri bilmirdi. Amma əsirlikdə olan adam ingilis, fransız və alman dillərində sərbəst danışırdı.

Bir neçə versiyaya əsasən, Yakov Cuqaşvili əsirlikdə sağ qalır və müharibədən sonra SSRİ-yə qayıtmamaq barədə qərar qəbul edir. Bu versiyaya əsasən Yakov İraqa yerləşir və burada ailə qurur. Bu nikahdan olan oğlunun adı isə Səddam Hüseyn olur. Sübut kimi İraq diktatorunun fotosu göstərilir və Səddam bu fotoda bir almanın yarısı kimi babası Stalinə bənzəyir.

Bu versiya kifayət qədər populyar olsa da, əslində cəgəngiyyatdan başqa bir şey deyil. Çünki Səddam Hüseyn 1937-ci ildə anadan olub və bu illər ərzində Yakov Sovet İttifaqında yaşayırdı.

30 ildən sonrakı mükafat

Bütün ziddiyətlərə baxmayaraq, tarixçilər bir məsələdə ortaq fikrə gəlirlər. Yakov Cuqaşvili vətəni satmayıb və almanlarla əməkdaşlıq etməyib. O, adını ləkələməyib. Bu səbəbdən hörmətə layiqdir.

1977-ci ilin 27 oktyabr tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə alman faşistləri ilə mübarizədə igidliyinə və əsirlikdə olduğu dövrdə mərd davranışına görə Yakov Cuqaşvili ölümündən sonra 1-ci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edildi.