Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Unikal.org-a Azərbaycanda səhiyyəsindəki problemlər və onlardan çıxış yolları, icbari tibbi sığorta, həkimlərin maaş məsələsi ilə bağlı müsahibə verib. O, "Semaşko"nun baş həkiminin fikirlərinə də münasibət bildirib. 

Müsahibəni təqdim edirik: 

-Musa müəllim, bildiyiniz kimi, Prezident İlham Əliyev əhalinin 18 yaşdan yuxarı kəsiminin hər il tibbi müayinədən keçməsi ilə bağlı göstəriş verib. Apardığmız sorğularda insanlar bildirirlər ki, tibbi müayinədən keçmirlər, bununla bağlı müəyyən problemlər yaranır...

-Orada xəstələrin dəqiq uçotu aparılır. Müayinə olunanların adı, soyadı, pasport məlumatları yazılır, aşkar olunan xəstəliklərin siyahısı çıxarılır, həmin xəstəliklərlə bağlı tədbirlər görülür. Bu müayinənin aparılması üçün lazim olan müəyyən analizlərin, rentgen müayinəsinin və başqa instrumental müayinlərin hamısının qeydiyyatı gedir. Burada saxta məlumatlar ola bilməz. İnsanların çoxunun tibbi müayinədən keçəməsinin yalan olması fikrini qəbul etmirəm. Ola bilsin, sizin apardığnız sorğularda iştirak edən adamlar tibbi müayinəyə cəlb olunmayıb. Sizin nə qədər insan arasında bu sorğunu aparmağınız vacib məqamdır. Bunun dəqiqliyini müəyyən etmək o qədər də asan deyil. Yaxşı olar ki, Siz poliklinikalarla, onların baş həkimləri ilə əlaqə saxlayın, soruşun. Jurnalist kimi gedib dispanzerizasiya günlərində iştirak edə bilərsiniz. Özünüz şahidi olarsınız ki, bu müayinələr həqiqətən də aparılır və heç bir problem yoxdur. Çünki, bu, çox ciddi məsələdir. Hər hansı bir xəstəliyin aşkar edilməsi onun müalicəsi, profilaktikası və sair işlərin aparılması üçün cənab prezidentin göstərişi, Nazirlər Kabinetinin, Səhiyyə Nazirliyinin nəzarəti var. Bu boyda nəzarətlərin altında inanmıram kimsə desin ki, bu işlər aparılmır. Dispanzerizasiya könüllüdür. Kimsə evindən zorla gətirilmir. İnsanlar ya müxtəlif təbliğat işi ilə, ya da sahə tibb bacılarının xəbərdarlıqları ilə müayinələrə cəlb edilir. Bununla bağlı sahə tibb bacıları şəxsən bizim binaya, evə gəlmişdilər. Biz vaxtaşırı müayinə olunuruq və müayinə nəticələrini də göndəririk. Bizim binaya gəlirlərsə, deməli, başqa binalara da gedirlər. Məktəblərdə uşaqlara göndərişlər verirlər ki, müayinədən keçsinlər. Çağırış qabağı oğlan uşaqlarının kompleks müayinəsi keçirilir. Ola bilər ki, bu müayinə tam olaraq hamını əhatə etməyib.

-Bəlkə Sizin orada yaşadığnızı bilirlər deyə gəlirlər?

-Ola bilər ki, bizim bina məşhurdur. Ancaq şəxsən mənə görə gəlmirlər. Çünki poliklinikanın müdiri və həkimlərlə əlaqəmiz var. Binaya gəldilər və bizim mənzilə də dəvətnamə buraxdılar ki, bu tarixdə müayinədən keçək. Uşaqların məktəblərində bu iş təşkil ounur. Məktəblərdə müayinədən keçməyənlərin valideyinlərinə zəng vurub onların dərsə buraxılmayacaqlarını deyirlər. Amma böyükləri kimsə məcburi şəkildə müayinəyə apara bilməz. Qanuna görə vətəndaş istədiyi həkimi və tibb müəssisəsini seçmək hüququna malikdir. Ola bilsin ki, o qeydiyyatda olduğu poliklinkada yox, hansısa özəl tibb müəssisəsində müayinə olunur. Bu sənədlər toplanır və sonda bir statistika açıqlanır.

-Səhiyyə ilə bağlı ən çox şikayətlər hansı sahədəndir?

-Son dövrlərdə şikayətlər azalıb. Bizə daxil olan müraciətlərin çoxu kömək məqsədi ilədir. Yəni ,bahalı əməliyyatların təşkili ilə bağlı şikayətlər var. İnsanlar bildirirlər ki, maddi imkanları yoxdur. Açıq ürək əməliyyatları, qara ciyər, böyrək köçürülməsi ilə bağlı müraciətlər olur. Əvvəlki illərdə diaqnozun düzgün yazılmaması, göndərişlərin verilməməsi ilə bağlı şikayət olurdu. Hazırda belə hallar yoxdur.

-"Semaşkonun baş həkimi müsahibəsində deyib ki, orada müayinə və müalicə pulsuzdur. Sosial şəbkələrdə bu fikir ciddi etirazla arşılandı. İnsanlar bunun yalan olduğunu qeyd edir. Siz bu barədə nə deyə bilərsiniz?

-"Semaşkoda, yaxud başqa dövlət tibb müəssisəsində kimdənsə pul alırlarsa, bu birbaşa cinayətdir. Həmin adamlar lazımi orqanlara müraciət edə bilərlər. Bu yaxınlarda yaxın qohumumun səhhətində ciddi problem olmuşdu. Mən o zaman ölkədə yox idim. Təcili Tibbi Yardıma zəng vurublar, axşam saatlarında, 17 dəqiqə ərzində həkimlər özlərini çatdırıb və onu ölümdən qurtarıblar. Qohumum Kliniki Tibbi Mərkəzə (Semaşko)gətirilib və iki gün ərzində ona yüksək səviyyədə tibbi yardım göstəriblər. Belə hallar da var.

-Bəlkə Sizin qohumunuz olduğu üçün çəkiniblər?

-Qohumum, ümumiyyətlə, mənim adımdan istifadə etməyib. O zaman ölkədə olmadığıma görə, mənimlə əlaqə saxlaya bilməyiblər. Gələndən sonra getdim həmi insanlara təşəkkür etdim. Düzdür, məni tanıyırlar. Ancaq buna görə belə yüksək səviyyədə tibbi yardım göstərməyiblər. Təcili Tibbi Yardım yüksək səviyyədə olmasaydı, görün, nələr baş verərdi. Əvvəlki illərlə müqayisədə maddi texniki bazanın formalaşmasında, kadr potensialında irəliləyiş çoxdur. Neqativi görəndə, gərək pozitivi də görəsən. Yaxın müddətdə icbari tibbi sığorta işə düşəcək. Hazırda Yevlaxda və Mingəçevirdə pilot layihə olaraq buna start verilib. Bundan sonra problemlərin hamısı aradan qalxacaq. Bir daha deyirəm dövlət tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi müayinələr pulsuzdur.

-Səhiyyə bağlı bundan sonra hansı yeniliklər gözlənilir.

-Səhiyyə ilə bağlı yeniliklər çoxdur. Tibb təhsilinin rezidentura pilləsinin yaradılması bizim səhiyyə sistemində böyük bir inqilabdır. Sertfikatlaşma imtahanlarının verilməsi tam ciddi şəkildə, şəffaf formada həyata keçirilir. Əvvəllər tanışlar üçün qeyri-rəmi şəkildə xahiş edəndə köməklik olunurdu. Yaxın zamanda yaxın qohum üçün iki dəfə zəng vurdum, nazirliyin aparat rəhbəri Zəkiyyə Mustafayeva mənə bildirdi ki, nazir yaxın qohumu olsa belə sertifkat imatahanında güzəşt olunmaması ilə bağlı göstəriş verib. Çünki bu imatahanı verəndən sonra o həkim gedib Azərbaycan vətəndaşına xidmət etməlidir. Müasir tibb texnologiyasının yenilikləri barədə məlumatlı olmayandan, müasir diaqnostikanı bilməyəndən sonra o həkim cəllada çevrilir. Mən də cavab olaraq dedim ki, bundan sonra bu məsələ ilə bağlı bir daha xahiş etməyəcəyəm. Səhiyyə Nazirliyi ilə yüksək səviyyədə münasibətlərimiz var. İşgüzar konsultasiyalar da veririk. Mənə bu şəkildə cavab verildisə, deməli, burada çox ciddi nəzarət var. Bizdə tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tulur. Azərbaycanda ailə həkimi institutu yaradılacaq. Bu da mühüm addımlardan biridir. Biz səhiyyəmizin maddi-texniki bazasını kifayət qədər gücləndirmişik. Amma rayonlarda hər əməliyyatı edə biləcək kifayət qədər kadrlarımız yoxdur. Yəqin ki, ixtisaslaşma ilə bağlı vacib işlər görülə bilər. Vətəndaş rezidenturaya daxil olarkən dövlət o insanlarla müqavilə bağlayacaq. Misalçün, müqavilədə göstərilir ki, iki ay ərzində hansısa rayonda işləməlidir. Ümumən sənhiyyədə islahatlar gedir, yaxşı həkimlərimiz var.

-Həkimlərin maaşlarının artırılması məsələsi nədənsə gündəmə gətirilmir...

-İcbari tibbi sığortaya keçməmiş maaşı artırmağın mənası yoxdur. Büdcə də o yükün altına girə bilməz. Tibbi sığortanın tətbiqindən sonra yaxşı həkim daha çox xidmət göstərəcək, yaxşı da maaş alacaq. Yaxşı olmayan həkim də məcbur olacaq ya ixtisasını dəyişəcək, ya da bilik və bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq.

Həsən Babayev