"TƏŞKİLATIMI ÖVLADLARIMIN MADDİ DƏSTƏYİ İLƏ SAXLAYIRAM"

Unikal.org-un "İş və şəxsi həyat rubrikasının bu dəfəki qonağı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. Tanınmış ekspert şəxsi həyatı ilə yanaşı, rəhbərlik etdiyi təşkilatla bağlı maraqlı fikirlər səsləndirib.

-Eyyub müəllim, rəhbərlik etdiyiniz təşkilatla bağlı qısa olaraq oxucularımıza məlumat verərdiniz...
Eyub Huseynov adlı birinin şəkli.
-Bizim təşkilat uzun illər boyunca çoxsaylı məhkəmələr görüb. Təhqir və təzyiqlərlə üzləşmişik. Belə bir təşkilat dünyanın 120 ölkəsində var. Biz dünyanın istehlakçı hüquqlarını təmənnasız qoruyan yeganə təşkilatıq. Ətrafımda olan, hər zaman haqq-ədalətə xidmət edən insanların və bizi dəstəkləyən KİV-lərin köməkliyi ilə ayaqda qala bilmişik. Bizim başımıza hər bir iş gəlib. Təzyiqlər hər zaman var. Lakin biz KİV-lərə arxalanıb dövlətimizin qanunları ilə irəli gedirik.

-Təşkilatı saxlamaq üçün maddi gəlirləriniz varmı?

-Biz yeganə istehlakçı təşkilatıyıq ki, dünyanın ən böyük donoru olan Avropa İttifaqının 4 layihəsini icra etmişik. Beynəlxalq donorların dəstəyi ilə 40-a qədər layihəyə qrant almışıq. Mən özüm 50-yə yaxınxarici ölkədə Azərbaycanı təbliğ və təmsil etmişəm. Qrantlar olmayanda təşkilatımın saxlanılmasına mənim övladlarım köməklik edir.

-Övladlarınız sahibkardılar?

-Onlar xarici ölkələrdə yüksək vəzifədədirlər. Qızım Amerikada professordur. Oğlum başqa bir ölkədə yaşayır. Bir çox işlərdə könüllülər bizə dəstək olur. Hazırda isə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə dəstəyi var.

-Neçə övladınız var?

-Üç qızım, bir oğlum var. Üçü xaricdə yaşayır, biri Azərbaycanda. Qızımın biri 8 ildi Kanadada oxuyub, müdafiə edib. Hazırda cərrah olaraq Amerikada işləyir. O biri qızım Hamburq Universitetində təhsil alıb və Almaniyanın dövlət orqanında işləyir. Oğlum 3 dəfə ABŞ-da təhsil alıb və sonuncu təhsil yeri Harvad Universiteti olub. Hazırda Səudiyyə Ərəbistanında Dünya Bankının baş ofisində çalışır. Digər övladım Azərbaycanda müstəqil firmada işləyir. Mənim övladlarımın dövlət məmurları ilə və bizneslə heç bir əlaqəsi yoxdur. Özümündə Azərbaycanda heç bir biznesim yoxdur.

-Təşkilatın saxlanılması üçün övladlarınız 5-6 min manat aylıq pul verirlərmi?

-Onların təşkilata daima dəstəyi var. Mənim ehtiyaclarımı ödəyirlər. Özüm normal təqaüd alıram. Heç nəyə ehtiyacım yoxdur. Gündəlik 2-3 manatlıq yemək yeyirəm. (Gülür)

-İstehlakçı hüquqlarını pozan şikətlərlə mübarizə aparırsınız. Olurmu ki, sizə nöqsanları deməmək üçün pul təklif etsinlər?

-20 il ərzində cəmi 8 şirkətə getmişəm. O da özləri dəvət ediblər. "Coca-Cola 3 dəfə faks göndərib xahiş edəndən sonra gedib monitorinq apardım. Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri olaraq mənə çox təkliflər olunub. Lakin mən bunlara yaxın durmamışam. Bu dediklərimin nə dərəcədə düz olduğunu sübut etmək çox asandır. İstənilən zaman, istənilən insan gizlincə gəlib dediklərimin düz olduğunu yoxlaya bilər. Bizə göz yaşı ilə minnətdarlıq yazan insanlar var. Bir çox firmalar jest etmək istəyirlər. Belə fakt var. Ancaq bizim təmizliyimiz və şəffaflığımız bizi qoruyur. Belə məsələlərdən uzağıq. Son olaraq vətəndaşın 4 manatlıq pulunu onun özünə qaytardıq.

-Təklif olunan ən yüksək məbləğ nə qədər olub?

-Heç kim cəsarət edib mənə məbləğ deməyib. Çünki heç vaxt buna nə şərait yaratmışam, nə də imkan vermişəm.

-Hədiyyələr göndərirlərmi?

-Çox nadir hallarda olur. Ad günümdə qalstuk hədiyyə etdilər. O da birdən-birə qapıdan girib verdi. Yanımda adamlar var idi deyə, etiraz edə bilmədim. Əvvələr də hədiyyə veriblər. O da ola bilsin ki, qohumlarım olub. Müəyyən bizneslə məşğul olan qohumlarım da var.

-Hansı şikətlərlə məhkəmə çəkişməniz olub və axırıncı dəfə hansı şirkətlə üz-üzə gəlmisiniz?

-Məhkəmədə uduzduğumuz zaman da olub. Misalçün, şərab zavodu ilə çəkişmişik. Onun arxasında çox böyük dövlət məmuru dayanırdı. İndi də həmin dövlət məmuru var. Mənə 20 min dollarlıq təzminat iddiası qaldırdı ki, onun işgüzar nüfuzuna xələl gətirmişik. Biz həmin arağı xaricdə ekspertiza etdirdik. Məlum oldu ki, bu araq çox təhlükəlidir və insanları kor edə bilər. Mən məhkəmədə qarşı tərəfin hüquqşünasının həmin araqdan 100 qram içməsini təklif etdim. Amma onlar özləri içmədilər. Nəhayət, məni 500 dollar cərimə etdilər. Mən öz fikrimi də bildirdim. Sonda dedim ki, bu araq satılmayacaq. Biz 20-yə qədər Azərbaycanda istehsal olunan belə malları "boykot etmişik və bazardan çıxarmışıq. Bunu da KİV-lərin köməkliyi ilə etmişik.

-Məşhur şirkətlərin hansı ilə məhkəmə davanız olub və udmusunuz?

-"Azəriqazla məhkəməmiz olub, udmuşuq. Hətta, 400 manatdan çox kompensasiya ödətmişik.

-Hazırda hansı şirkətlərlə məhkəmə çəkişməniz var?

-"Mediclub" klinikası ilə bu prosses davam edir. Burada Bakı şəhərində yaşayan Məmmədov Fazil Məşədi oğlunu əməliyyat ediblər. "Mediclub" klinikasının həkimi Eyvazov Şükür pasiyentdən hər əməliyyata görə 2000 manat olmaqla, 4000 manat allıb. Həkim Eyvazovun səriştəsizliyi nəticəsində Fazil Məmmədovun səhətində ciddi problem yaranıb. AİB-in müdaxiləsi nəticəsində xəstənin 4 min manatı klinikadan alınaraq ona verilib. Hazırda Fazil Məmmədova dəyən mənəvi zərərin ödətdirməsi üçündə iş aparırıq. Həmçinin, Stomatoloji mərkəz "MED Holding Diş Klinikası ilə də danışıqlar aparırıq. Buranın sahibi və həm də stomatoloq bizə şikayət etmiş Balayeva Sevdanın hüquqlarını pozub. Dişləri pis gündədir. Biz hazırda çalışırıq ki, danışıqlar yolu ilə bu xanımın dişləri burada yenidən pulsuz müalicə və müayinə olunsun. Dişləri bərpa edilsin.

-Nə qədər işçiniz var?

- Qrantlar olanda işçi götürük. Könüllü olaraq 30 rayonda bizim nümayənlədiyimiz var. Daimi işçilər isə mənim köməkçim və mühasibdir. Bizdə hər şey könüllüdür.

-Hər zaman qeyri adi, orijinal eyni rəngli geyimlərə üstünlük verirsiniz. Xüsusən sizin məşhur qəhvəyi pencəyiniz var. Hər zamanda onu əyninizdə görürük. Bu rəng Sizin öz seçimizdi, yoxsa bir pencəyiniz var və hər zaman onu geyinirsiz?

-(Gülür) Mənim eyni formada 4 kostyumum var. O geyim tərzini çox xoşlayıram. Kostyumlardan birini Kanadanın Ottava şəhərində gördüm, bəyəndim və ancaq 500 dollara olduğu üçün ala bilmədim. Getdim Torrontoda 50 dollara aldım.(Gülür) Mənim sarı rəngdə qalıstukumda var.
Mən çoxsaylı ölkələr gəzmişəm, müxtəlif insanlar görmüşəm. Hindistanda insanların alabəzək geyiminin şahidi olmuşam. Gürcüstanda hər kəsin qara geyimdə olduğunu görmüşəm. (Gülür)Ona görə də ucuz və orijinal geyimə üstünlük verirəm. Mənim 3 manatlıq pencəyim var. Bakıdan almışam. Hərdən onu geyinirəm. Çin istehsalıdır. Uzun müddətdir saat vurmuram. Çünki, mobil telefon olan yerdə ehtiyac yoxdur. İstəyirəm ki, saat biznesi dünyada çöksün. Adamlar var ki, 30 min dollarlıq saat taxır. Bunun 3 manatlığı da, 30 minliyi də eyni vaxtı göstərir. (Gülür) Sən Allah bu suallar sənin haradan ağlına gəlir. Çox xoşuma gəldi.

-Nazirlərdən, məmurlardan dostluq etdikləriniz varmı?

-Bir nəfər də olsun, nə nazir, nə də məmur dostum var. Mən sadəliyi ən böyük var dövlət hesab edirəm. Mənim əsas dostlarım jurnalistlərdir. Əsasən Seyran Cəfərlidir. Ümumiyyətlə, mənim dostlarım çox azdır. Çünki mən dost anlayışı mənim üçün amorf bir anlayışdır.

-Bu zamana qədər belə suallarla qarşılaşmısınızmı?

-(Gülür) 20 faiz olub. Canlı efirdə də müxtəlif suallar veriblər. Siz bir neçə suallarla təşkilatın bütün görünməyən tərəflərini ortalığa qoydunuz.