Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün ciddi problemlər yaratdı. Keçən ilin dekabr ayında baş verən devalvasiyadan sonra manatın dollar qarşısında kəskin ucuzlaşması nəticəsində banklardan dollarla kredit götürən şəxslər 2 dəfəyə qədər əlavə borclanmağa məcbur oldular. Bir çox millət vəkillərinin dollarla olan kreditlərin köhnə məzənnə ilə qaytarılması istiqamətində aidiyyatı orqanlarla görüşlər keçirib söhbətlər aparması təəssüflər olsun ki, nəticəsiz qaldı. Mərkəzi Bank tərəfindən verilən açıqlamada qeyd olundu ki, dollarla götürülən kreditlər yeni məzənnə ilə qaytarılmalıdır. Proses start götürdüyü vaxtdan banklara dollarla borcu olan şəxslərin kreditləri ödəyə bilmədiyi barədə şikayətləri mətbuatda yayılan müraciətlərdən də müşahidə etmək olur. Son vaxtlar dollarla kredit götürən şəxslər problemdən çıxış yolunu bankların qarşısında intihar etməkdə görürlər. 
2015-ci il dekabr ayının 24-də Bakı şəhər sakini Elvin Mehdiyev özünü "Nikoil" bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib. Həmin ilin  noyabr ayının 23-də Bakı metrosunun "Azadlıq prospekti" stansiyasının yaxınlığında -  "Muğanbank"ın filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.
Bu kimi çoxlu sayda faktları qeyd etmək olar. Bəs, çıxış yolu nədən ibarətdir?
Unikal.org insanların üzləşdiyi problemlə bağlı kiçik araşdırma apararaq ekspertlərdən vəziyyətdən çıxış yollarını öyrənib. 

Vüqar Bayramov:"Kompensasiya olunmayacağı halda təbii ki, həmin kreditləri geri qaytarmaq çətin olacaq".
 
İqtisadçı ekspert Vüqar Bayramov Unikal.org-a açıqlamasında bildirib ki, dollar kreditləri ilə bağlı meydana çıxan problemlə əlaqədər olaraq bir qrup iqtisadçı ölkə başçısı İlham Əliyevə müraciət edib:
"Bir qrup iqtisadçı olaraq ölkə prezidentinə dollarla götürülən kreditlərə kompensasiya verilməsi  ilə bağlı müraciət etdik. Prezident İlham Əliyevdən siyasi iradə nümayiş etdirərək  kompensasiya verilməsini xahiş etmişik. Mən iqtisadçı olaraq indiki məqamda dollarla verilən kreditlərə görə kompensasiya verilməsinin tərəfdarıyam. Dollarla götürülən kreditlərə kompensasiya verilmədiyi halda həmin kreditləri geri qaytarmaq praktik olaraq mümkün olmayacaq. Çünki dollarla götürülən kreditlərin həcmi manat ifadəsində iki dəfə artıb. Artıq vətəndaşların banklara olan borclarını geri qaytarmasında ciddi çətinliklər var. Ona görə də indiki məqamda kompensasiyaların verilməsi, kəsirlərin Mərkəzi Bank tərəfindən ödənilməsi olduqca vacibdir. Əgər fərq Mərkəzi Bank tərəfindən ödənilərsə vətəndaşlar həmin kreditləri geri qaytara biləcəklər. Kompensasiya olunmayacağı halda təbii ki, həmin kreditləri geri qaytarmaq çətin olacaq. İndiki halda problemin həlli fərqin dövlət tərəfindən kompensasiya edilməsidir. Hansı ki, bir çox ölkələrdə bu praktika tətbiq edildi". 
 
 
Ələsgər Məmmədli:"Bu vəziyyətin çox ciddi sosial partlayışlara hamilə olduğunu deyə bilərik". 

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, banklar tərəfindən kreditlərin dollarla verilməsi qanunvericiliyə uyğun olaraq tamamilə yanlış addım idi:
"Qanunvericilikdə göstərilir ki, bankın təsisçisi xarici rezident deyilsə onlar ümumiyyətlə xarici valyuta ilə kredit verə bilməz. Hansı ki, bunu bir çox banklar edib. Bu səbəbdən də bankların dollarla kredit verməsi qanunsuz idi. Təəssüflər olsun ki, Konstitusiya Məhkəməsi bankları qorudu və vətəndaşların bu proseslərdə əziyyət çəkməsini görmədi. Ona görə də keçən ilin may ayında Konstitusiya Məhkəməsinin qərarı dollarla krediti olan şəxsləri acınacaqlı duruma saldı. İkinci dəfə devalvasiya 100 faizi keçəndən sonra, dolların 0.78 manatdan 1.6 manata qədər artması  ciddi problemlərə yol açdı. Misalçün, 10 min dollar kredit alıbsa manat ifadəsində bu borcun  2 dəfə çox artması deməkdir. Bu, inzibati strukturun qəbul etdiyi qərarla baş verib. Milli Bankın qərarı ilə bir günün içində bu şəxslər iki dəfədən artıq borclanıblar. Bir çoxunun da əmlakı, avtobilləri girovdadır. Bazarda da daşınan və daşınmaz əmlakın dəyəri düşüb. Belə olan halda düşünürəm ki, vətəndaşların bu vəziyyətini dövlət nəzərə almalı idi. Hökumət banklara dollarla olan kreditlərin bir məzənnə ilə qaytarılması istiqamətində göstəriş verməli idi. Onsuz da banklar yüksək faizlə kredit veriblər, kifayət qədər də qazanıblar. 
Atılan addımlar insanları kifayət qədər sosial problemlərə sürükləyib. Hər dəfə kredit borcunu ödəyə bilməyən insanın intihar etdiyini görürük.  Mövcud vəziyyətin müsbət istiqamətə yönləndirilməsi ilə bağlı qərar verilməzsə, qısa müddətdə daha böyük sosial problemlərin meydana çıxacağı qaçılmazdır. Ona görə də köklü qərar vermək lazımdır. Bu hökumət üçün də ciddi maliyyə problemi deyil".


Eyyub Hüseynov:"Ən çox istehlakçı hüquqlarının pozulması ilə bağlı "Unibank"dan şikayətlər daxil olur".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  da Unikal.org-a bildirib ki, istehlakçıların bu istiqamətdə hüquqlarının pozulması ilə bağlı müvafiq qurumların rəhbərlərinə müraciət edib:
"Əhali arasında dollarla olan kreditlərlə bağlı problem yaşanır. Daim bu barədə təşəkilatımıza şikayətlər daxil olur. Çox təəssüflər olsun ki, biz hələ də uğurlu məhkəmə nəticəsi əldə edə bilməmişik. Bank sektoru ilə bağlı ciddi istehlakçı hüquqlarının pozulması halları mövcuddur. Mən keçən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rufət Aslanlıya  rəsmi məktub yazıb ondan  görüş istəmişəm. İstehlakçı problemlərinin həllinə çalışmaq lazımdır ki, insanlar arasında narazılıq halları artmasın. Ən çox istehlakçı hüquqlarının pozulması ilə bağlı "Unibank"dan şikayətlər daxil olur. Son zamanlar bu vəziyyət kütləvi hal alıb"


HƏSƏN BABAYEV